Məhkəmə qərarları › İş №3(002)-1288/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1288/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1288/2021 10.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Səbail rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli 29 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC tərəfindən 25 may 2021-ci il tarixdə imza edilməklə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı bu günə kimi təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Qeyd olunan material Qaradağ rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 3(002)-1006/21 saylı qərardadı ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən səlahiyyətli orqana geri qaytarılmış, lakin həmin material səlahiyyətli orqan tərəfindən mövcud çatışmazlıqlar aradan qaldırılaraq yenidən 12 oktyabr 2021-ci il tarixdə məhkəməyə göndərilmiş və 20 oktyabr 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul olunmuşdur. İnzibati protokolu tərtib etmiş səlahiyyətli orqana və barəsində icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildiriş göndərilmiş, lakin nümayəndələrinin iştirakı məhkəmə iclasında təmin edilməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin məktubundan görünür ki, "xxxx" MMC şirkətinə balansında olan Toyota Camry markalı, ** PU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi, əks halda MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir və qeyd olunan məktub "xxxx" MMC-yə göndərilmişdir ; Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub Məhdud Məsuliyyətli Cəmiyyətinin rəsmi qeydiyyat ünvanına göndərilmiş və 25 may 2021-ci il tarixdə imza etməklə poçt vasitəsi ilə qəbul olunmuşdur; "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 21/BSY/AO/11-253 saylı məktubdan görünür ki, "xxxx" MMC-yə məxsus olan **-PU-*** dövlət nömrə nişanlı “Toyota Camry” markalı avtomobili 1 may 2021-ci il tarixindən X2 idarə edilməsi göstərilmiş və həmin məktub Səbail rayon X5 şöbəsi tərəfindən 20 iyun 2021-ci il tarixdə qeydiyyata alınmaqla qəbul edilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir; Məhkəmə, Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli 29 iyun 2021-ci il tarixli protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXMnin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs “Bakı "xxxx" MMC- tərəfindən məhkəməyə ünvanlanmış sənəddən görünür ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən inzibati xətanı törətmiş fiziki şəxsin müəyyən edilməsi üçün "xxxx" -yə sorğu göndərilmiş, sorğu 25 may 2021-ci il tarixdə MMC-tərəfindən qəbul edilmiş və sorğuya əsasən MMC tərəfindən Toyota Camry markalı, ** PU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barəsində Bakı şəhəri Səbail rayon X5 Şöbəsinə rəsmi məlumat verilmişdir. Yəni hüquqi şəxs tərəfindən hər hansı laqeydlik göstərilməyərək Toyota Camry markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin X1 tərəfindən idarə edilməsi səlahiyyətli orqana bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48- 51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar