Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1288/2025 29.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanaların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi, “Qəyyumluq və Himayədarlıq Məsələləri üzrə komissiya”nın məsul katibi X1, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanaların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, böyük məsələhətçi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, cavabeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs 15 oktyabr 2015-ci il təvəllüdlü X5, 09 oktyabr 2016-cı il təvəllüdlü X6 və 30 aprel 2019-cu il təvəllüdlü X7 ilə ünsiyyət hüququnun hər həftənin şənbə günü saat 10:00-dan saat 17:00-a kimi, Yeni il və Novruz bayramı günlərinin hər birində bir gün saat 10:00-dan 17:00-a kimi təmin edilməsi, Şəxs və digər şəxslər tərəfindən ünsiyyətə maneələr yaradılmasının qadağan edilməsinə dair Saatlı Rayon Məhkəməsinin e-16(055)-24/2024 saylı, 19 dekabr 2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Bu barədə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 12 iyun 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat cərimə edilmişdir. Şəxs həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2025-ci il tarixli qərarı ilə Şəxs apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 iyun 2025ci il tarixli qərarı ləğv edilərək iş materialları yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2025-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından yekun nəticəyə gəlmək üçün bütün sübutlar hərtərəfli araşdırılmalı, inzibati xəta haqqında tərtib edilmiş protokol tədqiq edilməli, verilmiş izahatlardakı ziddiyyətlər aradan qaldırılmalı, icra sənədi üzrə tələbkarın ünsiyyətdə olması nəzərdə tutulmuş uşaqların izahatları müvafiq qəyyumluq komissiyasının nümayəndəsinin iştirakı ilə alınmalı, müvafiq komissiyanın rəyi əldə edilməli və yalnız bundan sonra həmin sübutlara, onların kifayət etməsi baxımından qiymət verilməli və müvafiq olaraq qərar qəbul edilməlidir. 27 avqust 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X8 protokolu müdafiə edərək bildirmişdir ki, Saatlı Rayon Məhkəməsinin e-16(055)-24/2024 saylı, 19 dekabr 2024-cü il tarixli icra sənədinə əsasən, Zərərçəkmiş şəxs 15 oktyabr 2015-ci il təvəllüdlü X5, 09 oktyabr 2016-cı il təvəllüdlü X6 və 30 aprel 2019-cu il təvəllüdlü X7 ilə ünsiyyət hüququnun hər həftənin şənbə günü saat 10:00-dan saat 17:00-a kimi, Yeni il və Novruz bayramı günlərinin hər birində bir gün saat 10:00-dan 17:00-a kimi təmin edilməli, Şəxs və digər şəxslər tərəfindən ünisiyyətə maneələr yaradılması qadağan edilməlidir. Lakin Şəxs icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmış, hər üç uşağı öyrədərək ataları Zərərçəkmiş şəxs ilə ünsiyyətinə maneçilik törətmiş, nəticədə uşaqlar Zərərçəkmiş şəxs ilə ünsiyyət yaratmaq istəməmişlər. Buna görə də, borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 12 iyun 2025-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclu Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokol ilə əlaqədar göstərmişdir ki, o, uşaqları 15 oktyabr 2015-ci il təvəllüdlü X5, 09 oktyabr 2016-cı il təvəllüdlü X6 və 30 aprel 2019-cu il təvəllüdlü X3 ataları Zərərçəkmiş şəxs ilə ünsiyyətlərinə heç bir maneçilik yaratmamış, uşaqların özləri ataları ilə görüşmək istəməmişlər. Protokolda qeyd edilənlər ilə razlaşmır. Zərərçəkmiş şəxs alimenti ödəməkdən imtina edir. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs onun uşaqları ilə ünsiyyətinə maneçilik yaradır, uşaqları öyrədərək onunla görüşməsinin, ünsiyyətinin qarşısını alır. Ona görə də Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini istəyir. Məhkəmə iclasında 19 dekabr 2024-cü il tarixli icra sənədinə əsasən, Zərərçəkmiş şəxs 15 oktyabr 2015-ci il təvəllüdlü X5, 09 oktyabr 2016-cı il təvəllüdlü X6 və 30 aprel 2019-cu il təvəllüdlü X7 qəyyumluq komissiyasının nümayəndəsinin və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqun iştirakları ilə izahatları alınan zaman bildirmişlər ki, ataları Zərərçəkmiş şəxs ilə görüşmək istəmirlər, bunun səbəbi atalarının başqa qadın ilə münasibət saxlaması olmuşdur. Anaları Şəxs onlara ataları Zərərçəkmiş şəxs ilə görüşməməsini deməmiş, anaları onlara hər hansı təsir göstərməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanaların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”nın məsul katibi, “Qəyyumluq və Himayədarlıq Məsələləri üzrə Komissiya”nın məsul katibi X4 və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanaların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”nın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, böyük məsələhətçi X9 bildirmişlər ki, 15 oktyabr 2015-ci il təvəllüdlü X5, 09 oktyabr 2016-cı il təvəllüdlü X6 və 30 aprel 2019-cu il təvəllüdlü X3 anaları Şəxs təsir dairəsində olmaları müşahidə edilsə də, Şəxs həmin uşaqların ataları ilə görüşmək istəməmələrinə maneçilik törətmək məqsədi ilə təsir göstərməsini müəyyən etmək üçün qəti qərara gəlmək mümkün deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Saatlı Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli e-16(055)-24/2024 nömrəli qərardadından və icra vərəqəsindən görünür ki, iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək iddiaçı Zərərçəkmiş şəxs 15 oktyabr 2015-ci il təvəllüdlü X5, 09 oktyabr 2016cı il təvəllüdlü X6 və 30 aprel 2019-cu il təvəllüdlü X7 ilə ünsiyyət hüququnun hər həftənin şənbə günü saat 10:00-dan saat 17:00-a kimi, Yeni il və Novruz bayramı günlərinin hər birində bir gün saat 10:00-dan 17:00-a kimi təmin edilməlidir. Şəxs və digər şəxslər tərəfindən ünsiyyətə maneələr yaradılması qadağan edilmişdir. Saatlı Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli e-2(055)-150/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs iddiası təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs ilə birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı uşaqları ilə ünsiyyət hüququ müəyyən edilmiş və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:30-dan saat 20:30-dək, Yeni il və Novruz bayramı günlərində iki gün saat 10:30-dan saat 20:30-dək, Ramazan və Qurban bayramı günlərinin hər birində bir gün saat 10:30dan saat 20:30-dək, həmçinin uşaqların doğum günü saat 10:30-dan saat 15:00-dək təyin edilmişdir. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onların yaşayış yeri üzrə ünvan 3 ünvanında hər həftənin şənbə günü, Yeni il, Novruz, Ramazan və Qurban bayramı günləri, həmçinin uşaqların doğum günü saat 10:30-da cavabdeh Şəxs tərəfindən iddiaçı Zərərçəkmiş şəxs, həmin günlər saat 20:30-da, eləcə də uşaqların doğum günü saat 15:00-da eyni ünvanda iddiaçı Zərərçəkmiş şəxs tərəfindən cavabdeh Şəxs təhvil verilməlidir. Həmin iş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra Saatlı Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 16(055)-24/2024 saylı qərardadı ləğv edilmişdir. İddiaçı Zərərçəkmiş şəxs valideynlik hüquqlarının uşaqların mənafeyinə zidd həyata keçirilə bilməyəcəyi izah edilmişdir. Məhkəmə, tərəflərin izahatlarını, mütəxəssislərin mhkəmə iclasındakı rəylərini, inzibati xəta haqqında protokolu və protokola əlavə edilmiş sənədləri, Saatlı Rayon Məhkəməsinin qərardadını və həmin məhkəmənin qətnaməsini nəzərdən keçirərək hesab edir ki, borclu Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından və məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından Şəxs üç övladının ataları ilə ünsiyyətinə qərəzli şəkildə, qəsdən maneçilik törətməsi öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında Şəxs, həmçinin 15 oktyabr 2015-ci il təvəllüdlü X5, 09 oktyabr 2016-cı il təvəllüdlü X6 və 30 aprel 2019-cu il təvəllüdlü X7 qəyyumluq komissiyasının nümayəndəsinin və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqun iştirakları ilə izahatları alınan zaman ataları Zərərçəkmiş şəxs ilə görüşmək istəmədiklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən qəyyumluq komissiyasının nümayəndəsi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloq məhkəmə iclasında bilıdirmişlər ki, Şəxs həmin uşaqların ataları ilə görüşmək istəməmələrinə maneçilik törətmək məqsədi ilə təsir göstərməsini müəyyən etmək üçün qəti qərara gəlmək mümkün deyildir. Bundan başqa, icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta iş üzrə haqqında protokolda Şəxs Saatlı Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli e-16(055)-24/2024 nömrəli qərardadı əsasında verilmiş həmin tarixli və nömrəli icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs üç uşağı ilə ünsiyyətinə maneçilik törədilməsi qeyd edilmişdir. Yəni həmin icra sənədi müvəqqəti təminat tədbiri olan Saatlı Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli e-16(055)-24/2024 nömrəli qərardadı əsasında verilmişdir. Həmin qərardadda və icra vərəqəsində yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbiri olan uşaqlarla ünsiyyətə maneələr yaradılmasının qadağan edilməsi göstərilmişdir. Bundan sonra Saatlı Rayon Məhkəməsi tərəfindən 02 aprel 2025-ci il tarixli e-2(055)-150/2025 nömrəli qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra Saatlı Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 16(055)-24/2024 saylı qərardadı ləğv edilmişdir. Həmin qərardad ləğv edildiyindən artıq qərardad əsasında verilmiş icra sənədi üzrə də borclunun öhdəliyi mövcud ola bilməz. Saatlı Rayon Məhkəməsi tərəfindən 02 aprel 2025-ci il tarixli e-2(055)-150/2025 nömrəli qətnaməsində həmin məhkəmənin qərardadından fərqli ünsiyyət qaydası nəzərdə tutulmuşdur. Odur ki, Saatlı Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 16(055)-24/2024 saylı qərardadı ləğv edildiyindən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranmış olur ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən, qəsdən icra etməsin, icra sənədinin icrasından bilərəkdən boyun qaçırsın. İcra etməmə o halda üzrsüz sayılır ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən olunduğu halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, arbitraj mübahisəsi tərəflərinin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər və ya arbitraj mübahisəsinin tərəfləri iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Müvəqqəti təminat tədbirinin ləğv olunması barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində baxılır və həll edilir. 162.3-cü maddəsinə əsasən, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. 233.1-cü maddəsinə əsasən, Bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 233.3-cü maddəsinə səasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 162.4-cü maddəsinə əsasən, iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Buna görə də, məhkəmə hesab edir ki, hazırki halda Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən olunmur, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsəs yoxdur. Eləcə də, hazırda müvəqqəti təminat tədbiri olan Saatlı Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 16(055)-24/2024 saylı qərardadı ləğv edilmişdir. Yalnız qanuni qüvvədə olan Saatlı Rayon Məhkəməsi tərəfindən 02 aprel 2025-ci il tarixli e-2(055)-150/2025 nömrəli qətnaməsi üzrə icra vərəqəsi verildikdən sonra Şəxs uşaqlarla ünsiyyətə maneçilik törədib-törətməməsinin müəyyənləşdirilməsi mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin yuxarıda təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.1-ci maddəsinə əsasən (inzibati xəta hadisəsi olmadığından) xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1288/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1288/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver