Məhkəmə qərarları › İş №3(002)-1290/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1290/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1290/2025 20.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Məmmədova Könül Eldar qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X1, Şikayət vermiş şəxs X2 iştrakları ilə, X2, DİN-in BDYPİ-nin X6 tərəfindən qəbul edilmiş 21 may 2025-ci il tarixli, EQ 28071124 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayonu Hacıqayıb kəndində yaşayan vətəndaş X5 şikayətlə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ X3 21 may 2025-ci il tarixli EQ 28071124 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ X3 xx.xx.2025-ci il tarixli qərarı əsasında mən Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə 80 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 10:50 radələrində Qaradağ rayonu Binə ticarət mərkəzinin qarşısında ona məxsus "Mercedes Benz E 200 CDİ MİNİK" markalı **- EV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə xüsusi texniki vasitə olan 077FDA087AA4d5CD nömrəli kamera ilə İXM-nin 346.4-cü maddəsinə əsasən cərimə yazılmışdır. Həmin ərazidə yola perpendikulyar parklanma yerləri vardır. O, avtomobilini park edərkən avtomobilinin qarşısını yola çıxan piyadalar kəsmiş, bir müddət sonra piyadalar yolu boşaltdıqdan sonra hərəkəti davam etdirmişdir. Bütün bunlar DİN-nin kamerası ilə çəkilmiş fotoşəkillərdən aydın görünür. Öz çəkdikləri şəkilləri özlərinə qarşı sübut olaraq işə əlavə edir. Orada yalnız bir şəkildə tarix göstərilmişdir. Amma ən azı iki şəkil bir dəqiqə intervalı aralığında çəkilərdisə avtomobilin heç bir qayda pozmadığı görünəcəkdir. 2-ci şəkil oradan uzaqlaşdığı vaxt çəkilmiş, cərimə olunduğu vaxtı və yeri düzgün əks etdirmir. Nəticədə yalnız bir şəkil vardır, həmin şəkil də avtomobilin durduğunu təsbit edə bilmir. Ümumiyyətlə bir şəkildən ibarət sübutlar avtomobilin həmin an hərəkətdə olub-olmadığını teorik olaraq sübut edə bilməz. İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi kameralar vasitəsilə deyil, yalnız polis əməkdaşlarının bilavasitə aşkarlayacağı hallarda protokollar vasitəsilə tətbiq edilir. İXM-nin 122-ci maddəsində konkret hansı qayda pozuntularının xüsusi texniki vasitələrlə qeydə alınması öz əksini tapmışdır. Belə ki, yalnız İXM-nin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.3 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, icraatın aparılması qaydası göstərilib. Amma ona yazılan 346.4-cü maddəsi bu siyahıda öz əksini tapmamışdır. Kameralar isə texniki olaraq bunu təsbit edə bilmədikləri üçün bu səbəbdən İXM-yə görə bu halın kameralarla baxılmasına yol verilməyib. Təsadüfi deyildir ki, məhz bu kimi vəziyyətlərə görə İXM-nin 346.4-cü maddəsinin kameralar və İ-patrul vasitəsi ilə aşkara çıxarılmasına yol verilmir. Həmin qayda pozuntuları isə bilavasitə polis əməkdaşları tərəfindən təsbit olunmalı idi. Belə ki, kameralar avtomobilin həqiqətən də hərəkətdə olmasını, durmasını, dayanmasını və ya məcburi dayanmasını təsbit edə bilmir. Belə olan halında qərarın çıxarılması İXM-nin 122-ci maddəsinə görə qanunsuzdur. Həmin maddəyə əsasən ümumiyyətlə İXM-nin 346.4-cü maddəsi xüsusi texniki vasitə ilə aşkarlandığından hadisənin həqiqətən necə baş verdiyindən asılı olmayaraq sübutlar etibarsız sayılacaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində qeyd edilir ki, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatm təmin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxan orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, məhkəmə, prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nazarda tutulmuş hallardan har hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim va ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xata haqqında işin icraatina xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət verən şəxsin yaşayış yeri va ya hüquqi şəxsin ünvanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xata haqqında iş üzrə qərardan şikəyat verə bilər. Məhkəmə iclasında iştirak edən X5 öz izahatında vermiş olduğu şikayətini müdafiə edərək bildirmişdir ki, həmin gün avtomobili idarə edərkən heç bir qanunsuzluğa yol verməmişdir. Belə ki, "Mercedes Benz E200 CDİ MİNİK” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edir. 21 may 2025-ci il tarixdə saat 10:50-də Qaradağ rayonu Lökbatan qəsəbəsi, “Binə” ticarət mərkəzinin qarşısında olarkən avtomobilini saxlayıb iş yoldaşını avtomobilinə mindirdikdən sonra sonra hərəkətini davam edirmişdir. Həmin avtomobilinin şəklini çəkmişlər. Məhkəmə iclasında ona nümayiş etdirilən videogörüntü ilə tanış oldu və videogörüntüdə göstərilən onun iş yoldaşını avtomobilinə mindirməsi ilə əlaqədar olan görüntüdür. Lakin həmin vaxt o hər hansı bir dayanma-durma qaydasını pozmamışdır. Həmin fakt foto və video qeydiyyat funksiyalarına malik kameralar vasitəsilə deyil, yalnız polis əməkdaşlarının bilavasitə aşkarlayacağı hallarda tərtib edilən protokollar vasitəsilə müəyyənləşir. Odur ki, 21 may 2025-ci il tarixli, EQ 28071124 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X4 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, X5 21 may 2025-ci il tarixdə, Qaradağ rayonu Lökbatan qəsəbəsi “Binə” Ticarət Mərkəzinin qarşısında idarə etdiyi "Mercedes Benz E200 CDİ MİNİK" markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və durma qadağan olunan işarənin təsiri altında olan ərazidə yolun hərəkət hissəsində avtomobili saxlamış və sərnişin mindirmişdir. Azərbaycan Respublikası İXM-nin 122-ci maddəsinə əsasən İXM-nin 346.4-cü maddəsinmdə göstərilən pozuntu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilər. Bununla da sürücü Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinin tələblərini pozmuşdur. Qeyd olunan pozuntu ilə əlaqədar videogörüntü də mövcuddur. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, şikayəti, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 21 may 2025-ci il tarixli, EQ 28071124 nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X5 21 may 2025-ci il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsi “Binə” TM-nin qarşısında idarə etdiyi ""Mercedes Benz E200 CDİ MİNİK" markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə İXM-nin 346.4cü maddəsinin tələblərini pozmuş və səksən manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışında tərəflərin mübahisələndirmədiyi fotoşəkillərdən və videogörünütüdən də aydın olur ki, qeyd olunan avtomobil dayanma-durma qadağan olunan sahədə, yolun hərəkət hissəsində dayanaraq sərnişin mindirmişdir. İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələbinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X5 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. X5 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın xüsusi texniki vasitə ilə aşkarlanmasının İXM-nin 122-ci maddəsinə əsasən qeyri mümkün olması barədə dedikləri isə həqiqəti əks etdirmir. X9 şikayətində inzibati xəta hadisəsi baş verdiyi vaxt İXM-nin 122.1-ci maddəsinin qüvvədə olmayan müddəasına istinaq etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 122-ci maddəsində inzibati xəta hadisəsi baş verdiyi vaxt qüvvədə olan müddəasında İXM-nin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətaların foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinin mümkünlüyü göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 16 dekabr 2022-ci il tarixli Qanunla İXM-nin 122.1-ci maddəsində “346.3” rəqəmləri “346” rəqəmləri, 122.4-cü maddədə isə “346.3-cü” sözü “346-cı” sözü ilə əvəz edilmişdir. Həmin qanun 2 fevral 2023-cü il tarixdə “Azərbaycan” qəzetində 23 № ilə dərc edilmiş, həmin tarixdən qüvvəyə minmişdir. İXM-nin 122.4-cü madəsində isə göstərilmişdir ki, inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 DİN-in BDYPİ-nin X6 tərəfindən qəbul edilmiş 21 may 2025-ci il tarixli, EQ 28071124 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar