Məhkəmə qərarları › İş №3(002)-1296/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1296/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1296/2025 30.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə X1 Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28384495 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28384495 nömrəli qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025-ci il tarixli EQ 28384495 saylı inzibati xəta haqqında qərarı əsasında İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, xx.xx.2025-ci il tarixdə saat 19:33:52-də idarə etdiyi “DAF XF 105.460” YÜK markalı **- AC-*** dövlət qeydiyyat nişanlı avtomobil Qaradağ rayonu, Səngəçal qəsəbəsindən Bakı istiqamətində hərəkətdə olarkən İXM-nin 353.2-ci maddəsində nəzədə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməklə yük daşınma qaydalarını pozmuşdur. “DAF XF 105.460” YÜK markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yük götürərək Bakıya gətirmişdir. Həmin yük yerində çəkilərək avtomobil birlikdə 39360 kq olmuşdur. Yükü avtomobilə yükləyərkən onu serfikatı olan tərəzidə çəkdirilir ki, yolda hərəkətdə olarkən hər hansı bir problem yaranmasın Yük serfikatı olan tərəzi ilə çəkilmiş və bu barədə rəsmi olaraq sənəd də verilmişdir. Həmin sənəddə də göstərilir ki, yük 39360 kq olmuşdur. Avtomobilin maksimum 40000 kq yük aparılmasına limit vardır. Həmın yük təhvil verilərək çəkilmiş və 39040 kq olması barədə sənəd verilmişdir. Lakın onun avtomobilində 43130 kq yük olması barədə protokol tərtib edilmişdir. Həmin vaxt paralel istiqamətdə başqa avtomobillər də keçir və buna görə də tərəzidə ağırlıq düzgün göstərməmişdir. Göründüyü kimi avtomobil yolunda olan tərəzi düzgün çəkməmiş və əsassız olaraq barəmdə inzibati qərar qəbul edilmişdir. Bizim şirkətə məxsus avtomobildə artıq yük olmamış və yükün çəkildiyini bildiyi halda avtomobildə artıq yük götürülməsi inandırıcı deyildir. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli, EQ 28384495 nömrəli qərara xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X2 çıxışında 5.06.2025-ci il tarixli, EQ 28384495 nömrəli qərara xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, yükü avtomobilə yükləyərkən onu serfikatı olan tərəzidə çəkdirmiş və bu barədə qəbz də verilmişdir. Lakin həmin tərəzinin sertifikatını məhkəməyə təqdim edə bilmir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28384495 nömrəli qərara əsasən X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “DAF XF 105.460” yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş görüntülərdən aydın olur ki, X2 tərəfindən yük yenidən ölçdürülmüş və nəqliyyat vasitəsinin yüklə birgə oxa düşən kütləsi 42940 kq olmuşdur. Beləliklə, məhkəmə X1 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “DAF XF 105.460” yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə təqdim olunmuş sübutlara əsaslanaraq qeyd edir ki, şikayət ərizəsinə əlavə edilmiş qəbzin əldə edildiyi tərəzinin müvafiq şəhadətnaməasi, həmin tərəzinin sonuncu dəfə hansı tarixdə sertifikasiya olunması barədə şikayət verən şəxs tərəfindən müvafiq sənədlər təqdim edilmədiyindən həmin tərəzinin standartlara uyğunluğunu müəyyən etmək mümkün olmamışdır. X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “DAF XF 105.460” yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bu isə istinad edilən normativ hüquqi akta əsasən Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, icazə verilən həddin aşılması ilə nəticələnmişdir. Həmin normativ hüquqi aktda qeyd olunan parametrlər avtomobilə münasibətdə deyil, üzərində hərəkət olunan yola münasibətdə tətbiq olunur. İş materialına əlavə edilmiş hərəkət halında çəki ölçmə nəzarət sistemindən əldə olunmuş məlumata əsasən belə növdə olan nəqliyyat vasitələrinə yük daşıma üçün icazə verilən ən yuxarı həddə çəki parametri 40 tondur. Belə ki, şikayət vermiş şəxsin idarə etdiyi “DAF XF 105.460” yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi dördoxlu olmaqla iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobil növündədir. Qeyd edilmiş qərarla icazə verilmiş həddən yuxarı çəkidə yük daşıyan nəqliyyat vasitələri avtomobil yollarını zədələyərək deformasiyasına, sıradan çıxmasına səbəb ola bilir. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarında iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ölçülməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən istifadə edilən hərəkət halında çəki ölçmə nəzarət sistemi ilə digər özəl və ya kommersiya məqsədli tərəzilər arasında bir sıra mühüm fərqlər mövcuddur. AYNA-nın tətbiq etdiyi hərəkət halında çəki ölçmə nəzarət sistemi nəqliyyat vasitələrinin çəkisinin və ox yükünün hərəkət zamanı ölçülməsini təmin edən avtomatlaşdırılmış sistemdir. Bu sistem vasitəsilə nəqliyyat vasitələri dayandırılmadan, yol örtüyünə quraşdırılmış sensorlar sayəsində ölçülür, qeydiyyat nömrəsi, hərəkət sürəti, tarix və vaxt kimi əlavə məlumatlarla birlikdə məlumatlar real vaxtda mərkəzi nəzarət sisteminə ötürülür. Bu yanaşma nəqliyyat axınının pozulmaması, ölçmələrin yüksək dəqiqliklə və insan müdaxiləsi olmadan aparılması baxımından üstünlük təşkil edir. Eyni zamanda bu sistem vasitəsilə aparılan ölçmələr hüquqi əsas daşıyır və normadan artıq çəki və ölçü ilə hərəkət edən nəqliyyat vasitələri barəsində inzibati tədbirlərin görülməsi üçün əsas kimi istifadə olunur. Bunun əksinə olaraq, digər özəl şirkətlər və kommersiya obyektlərində istifadə edilən tərəzilər adətən stasionar və ya portativ olur və nəqliyyat vasitəsinin dayandırılaraq tərəziyə daxil olunmasını tələb edir. Ölçmə prosesi bəzi hallarda yarıavtomatik və ya tamamilə əllə idarə olunduğundan insan faktoru və müdaxilə ehtimalı daha yüksəkdir. Həmçinin bu tərəzilərdən alınan nəticələr hər zaman hüquqi əsas daşımaya bilər və yalnız daxili nəzarət məqsədləri üçün istifadə oluna bilər. Beləliklə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tətbiq edilən hərəkət halında çəki ölçmə sistemi texniki baxımdan daha üstün, avtomatlaşdırılmış, dəqiq və hüquqi cəhətdən etibarlı nəzarət mexanizmi kimi qiymətləndirilir. Digər tərəzilər isə daha çox kommersiya və texniki nəzarət məqsədilə istifadə olunan, lakin hüquqi cəhətdən məhdud əhatəyə malik olan ölçmə vasitələridir. Bu səbəbdən məhkəmə hazırki şikayətə əlavə edilmiş özəl şirkətlərdən əldə olunan ölçmə nəticəsini mötəbər hesab etmir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqulu, üçoxlu dartıcı ikioxlu yanmqoşqulu və üçoxlu dartıcı üçoxlu yanmqoşqulu nəqliyyat vasitələri üçün icazə verilən qabarit və çəki parametri 40 tondur. Həmin qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28384495 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, X2 isə şikayətini əsaslandıracaq faktları təqdim etmədiyindən şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28384495 nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar