Məhkəmə qərarları › İş №3(002)-1297/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1297/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1297/2025 13.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati materialın icraata qəbul edilməsi məsələsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 13 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, vətəndaş Şəxs 13 iyun 2025-ci il tarixdə Lökbatan qəsəbəsi, Nizami küçəsində saat təxminən 01:00-da ictimai asayişi pozaraq polisə tabesizlik göstərmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 13 iyun 2025-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis leytenantı X2 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, o həmin protokolu DİN ƏÇPA-nın 10-cu PB-nın polis nəfəri N.Sarıyevin xx.xx.2025-ci il tarixli raportu əsasında tərtib etmişdir. Raportda göstərilmişdir ki, 10-cu PB-nın polis nəfəri N.Sarıyev xx.xx.2025-ci il tarixdə, saat 01:00 radələrində M.Elminlə birlikdə 9692 saylı çağırışlı avtopatrulda xidmətdə oalrkən Lökbatan qəsəbəsi, Nizami küçəsində Toyota Prius markalı, ** SK *** saylı nəqliyyat vasitəsinin sürücüsünün məişət səs-küyünə qarşı mübarizə qaydalarını kobud şəkildə pozaraq, avtomobildə ucadan musiqiyə qulaq asaraq yüksək sürətlə mərkəzi küçədə hərəkət etdiyini müşahidə etmişlər. Onlar sürücüyə yaxınlaşaraq özlərini təqdim etmiş və gecə vaxtı musiqiyə qulaq asmağın ictimai qaydanı pozduğunu bildirmişlər. Həmin şəxsdən spirtli içki qoxusu gəldiyindən ərazi üzrə 257 çağırışlı ypx naryadını həmin ünvana dəvət etmişlər. YPX naryadı spirtli içki müayinəsi etmək istəyən zaman sürücü onların qanuni tələblərinə tabe olmamış, səs-küy salaraq ictimai qaydanı pozmağa davam etmişdir. Belə olduqda həmin şəxsi avtopatrula məcburi əyləşdirib 10-cu PŞ-ya getməsini təmin etmişlər. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolu qəbul etməyərək göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Musəvi küçəsi, ev 5, mənzil 7 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə, saat 00:30 radələrində idarə etdiyi nəqliyyat vasitəsi ilə yaşadığı ünvana gələrək maşını saxlamış və yorğun olduğu üçün “Go” adlı spirtli içki qəbul etmişdir. Bu zaman ƏÇPA əməkdaşları ona yaxınlaşaraq onun yüksək səslə musiqiyə qulaq asdığını bildirmişlər. O cavab olaraq belə bir hadisənin olmadığını qeyd etmişdir. Bundan sonra ona polislər spirtli içkinin təsiri altında olduğunu demişlər. O isə cavab vermişdir ki, spirtli içkini maşından düşəndən sonra qəbul etmişdir. Bundan sonra hadisə yerinə ƏÇPA-nın əməkdaşları gələrək onu 10-cu PB-ya aparmışlar. Odur ki, barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və inzibati işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə qərarı qəbul edilməsi mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PŞ-nə qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı vətəndaş Şəxs 13 iyun 2025-cü il tarixdə gecə saatlarında səs-küy salaraq ictimai qaydanı pozması və polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərməsinə dair dair heç bir sübut və ya əsaslı dəlillər müəyyən edilməmişdir. Yəni, bu halları təsdiq edəcək şahid ifadələri, telefon danışıqları, mütəxəssis rəyi, video görüntü və ya audio yazı və s. hər hansı bir sübut mövcud olmamışdır. İş materiallarına əlavə edilmiş 13 iyun 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs qeyd olunan inzibati xəta hadisəsi ilə əlaqədar 13 iyun 2025-ci il tarixdə, gecə saat 02:40-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsində göstərilir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsin əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 109cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan geri qaytarılsın. Şəxs inzibati qaydada tutulmadan dərhal azad edilsin. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar