Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1300/2025 18.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X5, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X2 iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sədərək Ticarət Mərkəzində Zərərçəkmiş şəxs döymüşdür. Bununla da İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşı X1 xx.xx.2025-ci il tarixdə saat 22:45-də Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə verdiyi, Sədərək TM-də Ülviyyə adlı qadının əri Zərərçəkmiş şəxs döyməsi barədə məlumat əsasında raport tərtib edilmişdir. Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Baş vermiş hadisə ilə bağlı polis şöbəsində araşdırma aparılmış, Zərərçəkmiş şəxs həyat yoldaşı X1 müraciətinə dair toplanmış materialda Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin tərkib hissəsi yaranmadığından material üzrə xx.xx.2025-ci il tarixli qərarla cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, həmin tarixdə mağazada olarkən Aslanın azyaşlı övladı mağazanın önündə topla oynayırdı və o, uşağın topu mağazanın şüşəsinə vurmasından ehtiyat etdiyinə görə, ona nəvazişlə kənarda oynamasını söyləmişdir. Lakin Aslan uşağı səsləyərək, uşağa “o işverənin yanına getmə, bu tərəfdə oyna” söyləmişdir. O, Aslanın ona ünvanlamış olduğu sözlərə əsəbləşərək onun üzərinə getmişdir. Aslan onu sinəsindən itələmişdir. Aslanın onun ünvanına istifadə etdiyi kobud sözlərə səbr edə bilməyib mağazadakı ayaqqabını sonuncuya tullamışdır. Hadisə zamanı özü də sinəsindən xəsarət almış, lakin Aslan barəsində şikayətçi olmamışdır. Hazırda Aslanla barışmamışdır. İ dərəcə əlilliyi olan əri onun himayəsindədir. İş üzrə ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, hadisə günü övladı Şəxs işlədiyi mağazanın önündə oynayan zaman uşağın topu onun çantasına dəydiyinə görə sonuncu uşağa acıqlanmışdır. O, isə övladını kənarlaşması üçün səsləyərək, “Getmə o şeytanın yanına” sözlərini söyləmişdir. Bu sözü eşidən Şəxs onun üzərinə hücum çəkərək onu döymüş, döşəmə silən taxta ilə ona xəsarət yetirmiş, vitrindəki ayaqqabını onun başına çırpmışdır. O, isə sadəcə sonuncunun hərəkətlərindən özünü müdafiə etmişdir. Hazırda Şəxs ilə barışmır və ondan şikayətçidir. Şəxs barəsində həbs tənbehinin seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X6 çıxışında bildirdi ki, təqdim edilmiş görüntüdə səs (audio) yoxdur. Zərər çəkmiş tərəf Şəxs ünvanına kobud sözlər istifadə etdiyi üçün sonuncunun qəzəbləndiyini, himayəsində İ dərəcə əlilliyi olan ərinin olduğunu nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, dinləyərək, ekspert rəylərini və inzibati xəta haqqında işin digər materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 canlı şəxsin ekspertizası xx.xx.2025-ci il tarixli, 332 saylı ekspertin rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində sol said nahiyyəsinin sıyrığı bərk küt əşya təsirindən törənmişdir, zərərçəkmişin göstərdiyi xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-də Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən döyülmüşdür. Bununla da İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs və Şəxs müraciətinə dair toplanmış materialda Azərbaycan Respublikasının CM-nin müvafiq maddəsinin tərkib hissəsi yaranmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. AZEMİS-dən əldə edilmiş məlumatdan aydın olur ki, Şəxs İ dərəcə əlilliyi olan şəxslərə qulluq etmək üçün təyin olunmuş 100 manat məbləğində sosial müavinət alır. Məhkəmə iclasında tədqiq edilmiş video-görüntülərdən aydın olur ki, Şəxs və Zərərçəkmiş şəxs arasında Sədərək TM-də münaqişə baş vermiş, onlar əlbəyaxa olmuşlar, Şəxs ayaqqabını Zərərçəkmiş şəxs istiqamətdə tullamışdır. Beləliklə, məhkəmə iclasında Şəxs sözügedən əməli törətməsinə dair toplanmış və tədqiq edilmiş sübutların məcmusu, proses iştirakçılarının izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsaslanmaqla Şəxs ailə vəziyyətini, himayəsində İ dərəcə əlilliyi olan şəxsin (ərinin) olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunması məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs əməlində həmin Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 3 saata görə 33 Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1300/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1300/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver