Məhkəmə qərarları › İş №3(002)-1306/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1306/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1306/2025 30.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1 iştirakı ilə, X2 DİN-in BDYPİ-nin 11 mart 2025-ci il tarixli, EQ 26567336 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək DİN-nin BDYPİ-nin 11 mart 2025-ci il tarixli EQ 26567336 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, idarə etdiyi DAF XF 480 FT markalı, ** JV *** qeydiyyat nişanlı yük avtomobili xx.xx.2025-ci və il tarixdə Qaradağ rayonu Səngəçal qəsəbəsi, Ələt istiqamətində hərəkətdə olarkən EQ26567336 saylı elektron protokola əsasən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən (yəni yüklə birlikdə çəki normasını aşmaqla idarə edilməsinə görə) 600 manat məbləğində cərimə olunmuşdur. Həmin cərimələrin olmasından xəbəri olmamışdır. Belə ki, DYP-nin əməkdaşları onu xx.xx.2025-ci il tarixdə saxlayarkən cərimənin olmasından məlumatı olmuşdur. Bildirir ki, qeyd edilən yük avtomobili Qaradağ sement məhsullarının daşımasını təmin edir. Yüklə birlikdə sement xx.xx.2025-ci il tarixdə isə zavoddan çıxarkən yüklə dolu çəkisi 39.85 ton (üç min doqquz yüz səksən beş kq) qeyd olunmuşdur. Hər iki tarixdə həmin yük avtomobilinə yük-nəqliyyat qaiməsi verilmişdir. Hesab edir ki, cərimə qanunsuz yazıldığı üçün ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X3 verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, idarə etdiyi DAF XF 480 FT yük markalı ** JV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ikioxlu dartıcı və üçoxlu yarımqoşquya qoşulmaqla ümumilikdə beş oxlu kombinə edilmiş nəqliyyat vasitəsidir və həmin avtomobillər üçün icazə verilən maksimum kütlə parametri 40 ton olmaqla əlavə iki ton da limiti vardır. 11 mart 2025-ci il tarixdə idarə etdiyi DAF XF 480 FT yük markalı, ** JV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Qaradağ rayonu ərazisində yerləşən "xxxx" MMC-nin zavodundan Şirvan şəhərində yerləşən "xxxx" MMCyə sement yükü aparırmış. "xxxx" MMC-nin zavodunda avtomobili elektron tərəzi vasitəsilə çəkdirmiş, avtomobilin yüklə birlikdə ümumi kütləsi 39 ton 850 kq olmuşdur. Bununla bağlı zavoddan ona müvafiq qəbz də təqdim edilmişdir. Həmin tərəzi qəbzini iş materiallarına əlavə etmişdir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq DİN-nin BDYPİ-nin 11 mart 2025-cü il tarixli, EQ 26567336 saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin iclasının yeri və vaxtı barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materillarına əlavə edilmiş 11 mart 2025-cü il tarixli, EQ 26567336 nömrəli qərardan aydın olur ki, X3 11 mart 2025-cü il tarixdə saat 05:05-də idarə etdiyi «DAF XF 480 FT» yük markalı ** JV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M-2, 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçinin iş materiallarına əlavə etdiyi “Qaradag-Ez” zavodundan verilmiş 11 mart 2025-ci il tarixli, A********** saylı yük-nəqliyyat qaiməsindən aydın olur ki, 11 mart 2025-ci il tarixdə, saat 04:42-də nəqliyyat vasitəsinin dolu çəkisi 39 ton 850 kq olmuşdur. Məhkəmə həmin tərəzi çekinə münasibətdə hesab edir ki, həmin sənəd sübut növü kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə baxışı zamanı qeyd olunan yükün çəkilməsini həyata keçirmiş tərəzinin müvafiq sertifikata malik olmaqla qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa həmin tərəzinin qanunauyğun fəaliyyət göstərməsi sübuta yetirilsə belə yenə də bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki qeyd olunan avtomobilin yüklə dolu Şirvan rayonu istiqamətində gələrkən əlavə yüklənməsi və eləcə də inzibati xəta hadisəsi baş verdikdən sonra avtomobildə olan yükün miqdarının dəyişdirilməsi halı istisna olunmur. Beləliklə, məhkəmə X2 şikayətinin dəlillərini işdə olan sübutlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 11 mart 2025-cü il tarixdə saat 05:05-də idarə etdiyi «DAF XF 480 FT yük» yük markalı ** JV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 11 mart 2025-cü il tarixli, EQ 26567336 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 DİN-in BDYPİ-nin 11 mart 2025-ci il tarixli, EQ 26567336 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar