Məhkəmə qərarları › İş №3(002)-1327/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1327/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1327/2025 16.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Zəngilan rayonu, 25 May küçəsi, ev 18də qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 3 yaşayış kompleksi, ev 35, mənzil 21-də yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:00-də idarə etdiyi Haojue HJ markalı, 99 E 836 dövlət qeydiyyat nişanlı motosikl ilə Qaradağ rayonu, Qobu-Lökbatan yolu ilə Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolun Hərbi Komissarlığı keçəndən təxminən 1 km sonrakı hissəsində idarəetməni itirmiş və motosikl yolun sağ kənarındakı qrunt hissəyə çıxaraq aşmışdır. Hadisə nəticəsində sürücü Şəxs az ağır dərəcəli və motosikldə arxa tərəfdə əyləşmiş sərnişin Zərərçəkmiş şəxs isə yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Qobu-Lökbatan yolu ilə Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən hava küləkli olduğundan idarəetməni itirdiyini və motosiklin yolun sağ kənarındakı qrunt hissəyə çıxaraq aşdığını, hadisə nəticəsində özü və arxa tərəfdə əyləşən sərnişinin xəsarət aldığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq idarəetdiyi motosiklin sürətinin 40-45 km/saat olduğunu, hava şəraitini nəzərə almalı olduğunu, zərərçəkmiş şəxsin öz xahişi ilə onu Lökbatan qəsəbəsinə apardığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il iclasında iştirak etmiş Qaradağ RPİ-nin YNH üzrə baş inspektoru X1 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:00-da idarə etdiyi Haojue HJ markalı, 99 E 836 dövlət qeydiyyat nişanlı motosikl ilə Qaradağ rayonu, Qobu-Lökbatan yolu ilə Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolun Hərbi Komissarlıqdan təxminən 1 km aralıqda idarəetməni itirmiş və motosikl yolun sağ kənarındakı qrunt hissəyə çıxaraq aşmışdır. Hadisə nəticəsində sürücü Şəxs az ağır dərəcəli və motosikldə arxa tərəfdə əyləşmiş sərnişin Zərərçəkmiş şəxs isə yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, hadisənin səbəbi külək ola bilməz, hava küləkli olmuş olsaydı belə, elə sürət həddi seçilməli idi ki, idarəetmə itməsin. Haojue markalı, 99 E 836 dövlət qeydiyyat nişanlı motosiklin sürücüsü Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında "Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmuşdur və sürücü bu qaydalara riayət etməklə hadisənin qarşısını ala bilərdi. Zərərçəkmiş şəxs Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36 və 50-ci maddələrinin tələblərinə uyğunsuzluq olduğuna görə onun əməlində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Qaradağ RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 307 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər - sağ əlin ovuc səthinin, sol əlin İİİ barmağının əzilmiş-cırılmış yaraları, sol əlin İİ-İV-V barmaqlarının sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan Zərərçəkmiş şəxs izahatından görünür ki, o, xx.xx.2025-ci il tarixdə, saat təxminən 16:00-da Qobu Park yaşayış kompleksində dayanacaqda dayanan zaman oradan keçən HAOJUE HJ Az 99 E 836 dövlət qeydiyyat nişanlı motosikli saxlatdıraraq sürücüdən onu Lökbatana aparmasını xahiş etmişdir. Sürücünü tanımır. Motosikl Lökbatan-Qobu yolu ilə Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən o, arxada əyləşmiş, hava çox küləkli olduğu üçün motosikl yolun sağ kənarına qrunt hissəyə çıxardıb aşmışdır. Sürücü sol qolundan, o isə sağ və sol əlindən xəsarət almışlar. Oraya toplaşmış adamlar təcili tibbi yardım çağırmış, onları 1 saylı X6 aparmışlar. Müayinə zamanı məlum olmuşdur ki, sınığı yoxdur, sol əlinin üstü və sağ əlinin içi yüngül cızılmışdır. Hadisə ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 16:00-da Şəxs idarə etdiyi Haojue markalı, 99 E 836 dövlət qeydiyyat nişanlı motosikl ilə Qaradağ rayonu, Qobu-Lökbatan yolu ilə Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirmiş və motosikl yolun sağ kənarındakı qrunt hissəyə çıxaraq aşmışdır. Hadisə nəticəsində motosikldə arxa tərəfdə əyləşmiş sərnişin Zərərçəkmiş şəxs isə yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 50-ci maddəsinin 1-ci bəndində göstərilmişdir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin qanunun 37-ci (mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri) maddəsinin 4-cü bəndində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yolnəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, "Təcili tibbi yardım" maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarını, zərərçəkmiş şəxsin şikayət, tələbinin olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar