Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1340/2020 05.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi, polis mayoru X2, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X1, DİN-nin ƏÇPA-nın 10-cu patrul bölüyünün polis serjantı X4, DİN-nin ƏÇPA-nın 10-cu patrul bölüyünün polis serjantı X3, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı şəhər İcra Hakimiyyətinin 1 saylı xüsusi təyinatlı mənzil-kommunal istismar birliyində mühəndis vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, bina 7 A, mənzil 60 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında,açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qaradağ RPİ-nin 10-cu PB-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsinə əsasən təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi, polis mayoru X5 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə gecə saat 01:30 radələrində “hərbi vəziyyət rejimi” ilə əlaqədar Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” TM-nin yaxınlıqında yaradılmış 1 saylı stasionar postda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də Şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, Şəxs qeyd olunan inzibati pozuntu ilə əlaqədar xx xxxxxxx 2020-ci il tarixdə saat 01:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X8 öz izahaında bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə gecə saat 01:30 radələrində “hərbi vəziyyət rejimi” ilə əlaqədar Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” TM-nin yaxınlıqında yaradılmış 1 saylı stasionar postda xidmətdə olarkən taksi fəaliyyəti ilə məşğu olan avtomobil tərəflərindən saxlanmışdır. Həmin vaxtı sərnişin kimi qabaq oturacaqda əyləşmiş sonradan adını bildiyi Şəxs Ağasdıq oğluna sənədlərini təqdim etmək təklif edilsə də, o sərxoş və əsəbi vəziyyətdə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını və onun şəxsiyyətini “bort kompyuter” vasitəsi ilə yoxlanılmasını tələb etmişdir. Bu zaman orada xidmətdə olan digər polis əməkdaşları sürücüyə arxa yük yerinin açmasını xahiş etmişlər. Bundan əsəbləşən Şəxs Ağasdıq oğlu maşından düşərək polisin bu tələbinə qəzəbli şəkildə yenə də əssassız olaraq etirazını bildirmiş və DİN-nin ƏÇPAnın əməkdşaları ilə mübahisə etməyə başlamışdır. Həmin vaxtı orada yaranmış tıxaca görə o, digər avtomobilləri yoxlamağa getmişdir. Daha sonra Şəxs polis serjantı Raqif Cəfərovun ünvanına nalayiq ifadələr işlətməsini eşitmişdir. Buna görə də polis əməkdaşları onu 10-cu PB-nə aparmışlar. Məhkəmə iclasında iştirak edən DİN-nin ƏÇPA-nın 10-cu patrul bölüyünün polis serjantı X7 öz izahatında bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə gecə saat 01:30 radələrində “hərbi vəziyyət rejimi” ilə əlaqədar Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” TM-nin yaxınlıqında yaradılmış 1 saylı stasionar postda xidmətdə olarkən taksi fəaliyyəti ilə məşğu olan avtomobil polis əməkdaşları tərəfindən saxlanmışdır. Həmin vaxtı sərnişin kimi qabaq oturacaqda əyləşmiş sonradan adını bildiyi Şəxs Ağasdıq oğluna sənədlərini təqdim etmək təklif edilsə də, o sərxoş və əsəbi vəziyyətdə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, xidməti vəsiqəsinin olduğunu və onun şəxsiyyətini “bort kompyuter” vasitəsi ilə yoxlanılmasını tələb etmişdir. Bu zaman orada xidmətdə olan digər polis əməkdaşları sürücüyə arxa yük yerinin açmasını xahiş etmişlər. Bundan əsəbləşən Şəxs Ağasdıq oğlu maşından düşərək polisin bu tələbinə qəzəbli şəkildə yenə də əssassız olaraq etirazını bildirmişdir. Bu zaman polis serjantı Raqif Cəfərov onu sakitləşdirməyə çalışsa da, aralarında mübahisə yaranmış və buda həmin postda tıxacın yaranmasına səbəb olmuşdur. Şəxs nizam-intizama dəvət edilsə də, özünün qanunsuz hərəkətlərini davam etdirərək sərxoş vəziyyətdə polis əməkdaşlarının ünvanına təhqir edici və hədələyici ifadələr işlətməkdə davam etdirmişdir. Buna görə də məcbur olub onu xidməti avtomaşına əyləşdirib 10-cu PB-nə aparmaq istəyəkən o, Raqif Cəfərovun ünvanına “gör sabah sənin başına nə oyun açacam” deyən zaman, Raqif Cəfərov isə ona “nə edəcəyini” soruşmuşdur. Bu zaman Raqifin ünvanına “sabah sənin ağzını ***** edəcəm” demiş və ətrafdakı olan digər şəxslər bu ifadəni tam aydın şəkildə eşitmişdir. Məhkəmə iclasında iştirak edən DİN-nin ƏÇPA-nın 10-cu patrul bölüyünün polis serjantı X6 öz izahatında DİN-nin ƏÇPA-nın 10-cu patrul bölüyünün polis serjantı X4 göstərdiklərini təsdiq edərək həmin vaxtı onunla birgə posta olduğunu bildirmiş və eyni məzmunlu izahat vermişdir. İnzibati xəta törətmiş Şəxs inzibati pozuntuya yol verdiyini etiraf edərək məhkəmə iclasında öz izhatında bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə, gecə saat 01:30 radələrində o kirvəsi gildə yeyib içdikdən sonra “Bakıxanov” qəsəbəsi ərazisində taksiyə əyləşib üzü Lökbatan qəsəbəsi tərəfə gəlmişdir. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” TM-nin yaxınlıqında yaradılmış 1 saylı stasionar postda yoxlama aparılarkən polis əməkdaşı ondan şəxsiyyət vəsiqəsini tələb etmiş, o isə, cavab olaraq şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, lakin xidməti vəsiqəsi olduğunu bildirmişdir. Daha sonra isə polis əməkdaşı ona bildirmişdir ki, xidməti vəsiqə deyil, şəxsiyyət vəsiqəsi lazım olduğunu bildirmişdir. Bundan sonra o, polis əməkdaşına şəxsiyyət vəsiqəsi üzərində olmadığından “bort kompyuter” vasitəsi ilə məlumatlarına baxılmasını xahiş etmişdir. Daha sonra isə sərxoş olduğu üçün polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Lakin polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməsi yadında qalmamışdır. Belə ki, həmin günü o yüngül dərəcəli alkoqol sərxoşluğu altında olmuşdur. Hal-hazırda əməlindən səmimi peşiman olmasını və ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alıb həbslə bağl olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli 2/9095 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqından protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 01:55 radələrində müayinədən keçirilərkən, onda yüngül dərəcədə alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati pozuntuya görə xx xxxxxxx 2020-ci il tarixdə saat 01:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta, özünün etirafedici izahatı, polis əməkdaşlarının izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.6-cı və 33.1.7-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə, yaxud hərbi vəziyyət dövründə və inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Şəxs əməlini etiraf edərək səmimi peşiman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və eləcə də məsuliyytəini ağırlaşdıran hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində ən aşağı həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha ədalətli və əsaslıdır. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən iki iş saatı sərf olunmuşdur. Odur ki, məhkuma göstərilmiş hüquqi yardımla bağlı 12 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli xx xxxxxxx 2020-ci il saat 01:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nə həvalə edilsin. 4.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 12 (on iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 5.Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Hakim: Rufan Mürsəlov