Məhkəmə qərarları › İş №3(002)-1362/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1362/2021

12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1362/2021 12.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X3, 10-cu PB-nin sahə inspektoru, polis mayoru X1 və Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili X4, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, 08 avqust 1975-ci ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 10-cu PB-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X7 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 12 noyabr 2021-ci il tarixdə saat 11:20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” TM-də yerləşən məsciddə polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmadığına görə onun barəsində 12 noyabr 2021-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X2 öz izahatında bildirmişdir ki, Şəxs barəsində 11 noyabr 2021-ci il tarixdə Polis Bölməsinə daxil olan şikayətlərlə əlaqədar 12 noyabr 2021-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PBnin əməliyyat müvəkkili X8 ilə birlikdə “Sədərək” TM-ya getmiş, orda yerləşən məsciddə Şəxs Polis Bölməsinə dəvət etmiş, sonuncu isə polis bölməsinə getməkdən imtina edərək heç bir səbəb olmadan səs-küy salaraq ətrafdakıların diqqətini özünə cəlb etməklə onlara hədə-qorxu gələrək onların ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra Şəxs nizam-intizama riayət etməsi tərəflərindən xahiş və tələb edilsə də o, öz qanunsuz hərəkətlərini etməkdə davam etmiş, sonra yenə də getmirəm deyərək, öz əlinin barmağını dişləmiş və əlindən axan qanını üz-gözünə sürtməklə hay-küy salaraq polisin qanuni tələbinə tabe olmamışdır. Onlar məcbur olub hadisə yerinə X5 dəvət etmiş və bundan sonra Şəxs polis bölməsinə gətrmişlər. O öz izahatında daha sonra göstəmişdir ki, istər “Sədərək” TM-də olarkən , istərsə də polis bölməsində Şəxs qarşı heç bir hədə qorxu və yaxud fiziki qüvvə tətbiq edilməmişdir. Odur ki, həmin şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili X8 öz izahatında bildirmişdir ki, Şəxs barəsində Polis Bölməsinə daxil olan şikayətlərlə əlaqədar Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X2 ilə birlikdə “Sədərək” TM-da yerləşən məscidə gedərək Şəxs Polis Bölməsinə getməyi xahiş etmiş və vəkilini də dəvət etməsini bildirmişlər, lakin o cavabında “mən heç yerə gedən deyiləm” deyərək Polis Bölməsinə getməkdən imtina etmiş və daha sonra heç bir səbəb olmadan səs-küy salaraq ictimai qaydanı pozaraq onlara qarşı hədə-qorxu və təhqiredici ifadələr işlətmiş, daha sonra barmağından axan qanı üz-gözünə sürətək onları şantaj etməyə başlamışdır. Odur ki, məcbur olub kömək çağıraraq Şəxs 10-cu Polis Bölməsinə gətirmişlər. O öz izahatında daha sonra göstəmişdir ki, istər “Sədərək” TM-də olarkən , istərsə də polis bölməsində Şəxs qarşı heç bir hədə qorxu və yaxud fiziki qüvvə tətbiq edilməmişdir. Odur ki, həmin şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında inzibati pozuntuya yol vermədiyini bildirərək göstərmişdir ki, “Sədərək” TM-də yerləşən məscidi o digər vətəndaşlarla birlikdə tikdirib, Yusif Qədimbəyli adlı vətəndaş isə həmin məscidi təmir etdirmişdir. Bu yaxınlarda həmin məscidin 22 il imamlıq etmiş mollalarını qovub, onların yerinə üç yeni molla gətirmiş və məsciddə namaz qılan şəxslərdən həmin mollaların arxasında namaz qılmalarını tələb etmişdir. Buna etiraz olaraq o Qafqaz Müsəlmanları İdarəsinə məscidə imam təyini ilə bağlı ərizə təqdim etmişdir. Hadisə baş verən gün Orxan adlı polis ona zəng edərək onu cinayət axtarışından iki nəfərin axtardığını demiş, və ondan məsciddən çölə çıxmasını tələb etmişdir. O isə buna etiraz edərək dini ibadətini yerinə yetirdikdən sonra gedəcəyini bildirmişdir. Bundan sonra Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X2 ona yaxınlaşaraq sonuncunun əlində olan sənədləri cıraraq, onu qolundan tutub dartıştırmış və bu zaman əlindəki çanta cırılmış və həmin çantanın dəmirinin əlini cırması nəticəsində barmağından qan axmağa başlamışdır. O məscidi çirkləndirməmək məqsədilə qan axmış əlini üzünə və paltarlarına çəkib, yəni polis əməkdaşlarının bildirdiyi kimi özü öz barmağını dişləyərək qanatmamışdır. X2 ona “dur rədd ol, otluqda namaz qıl” demiş daha sonra ona qarşı hörmətsizlik edərək şalvarından tutub dartaraq soyundura-soyundura zorla polis avtomaşınına mindirmişlər. Bundan başqa ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki zorakılıq və yaxud da vurma tətbiq edilməmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, Yusif Qədimbəyli adlı vətəndaş məsciddə namaz qılan şəxslərin iradəsinə zidd olaraq özü gətirdiyi mollaların arxasında insnaları namaz qılmağa məcbur edir və bununla da məsciddə qarşıdurma yaratmaq məqsədi güdür. O ifadəsinin sonunda məsciddə namaz qılan insanların ondan heç bir şikayətinin olmadığını qeyd edərək, barəsində olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən Vəkil protokola etiraz edərək bildirmişdir ki, Şəxs sadəcə məsciddə molla təyininə etiraz etmiş və bununla bağlı müvafiq orqanlara ərizə ilə müraciət etmişdir. Onun bu hərəkəti “Sədərək” TM-in rəhbərliyinin xoşuna gəlmədiyi üçün on qarşı polis tərəfindən bu qanunsuz hərəkətlər törədilmişdir. Şəxs heç bir pozuntuya yol verməmişdir. Belə ki, polis əməkdaşları onu qanunsuz olaraq zorla ibadət etdiyi məsciddən polis bölməsinə aparmışlar. Bundan əlavə o qeyd etmişdir ki, Şəxs müharibədə iştirak edən şəxslərə daima lazımı maddi yardımlar göstərməklə hətta onların evlərinin tikilməsinə kömək etmişdir. Bütün bunların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış inzibati materialları nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta, polis əməkdaşlarının izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan sənədlərdən aydın olur ki, X6 adlı şəxs 11 noyabr 2021-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin tarixdə Aydın adlı şəxsin “Sədərək” TM-də yerləşən məscidə gələrək ona və digər namaz qılan şəxslərə namaz qılmaqlarına maneə törətdiyini, 08 noyabr 2021-ci il tarixdən Aydının mütəmadi olaraq namaz vaxtlarında məscidə gələrək əsassız yerə videçəkilişlər apararaq həqiqətə uyğun olmayan məlumatlar yayaraq münaqişə yaratdığını bildirmiş və buna görə də onun barəsində tədbir görülməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyəyn edilmişdir ki, Şəxs həqiqətən də polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs müddətinin əvvəli 12 noyabr 2021-ci il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar