Məhkəmə qərarları › İş №3(002)-1363/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1363/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1363/2023 19.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Əmiraslanova Lalə Əjdər qızının katibliyi ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli 04 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 11 iyun 2023-cü il tarixdə qəbul edilmiş sorğuya əsasən tabeliyində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətdə səlahiyyətli orqana təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi F.D.Əliyev protokola etiraz etmədiyini bildirərək inzibati xəta haqqında iş üzrə ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Qaradağ RPİ-nin hüquqi ünvanına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Qaradağ RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Qaradağ RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, 11 iyun 2023-cü il tarixdə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “DAF FTXF 105” yük markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətdə səlahiyyətli orqana təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin DYPŞ-nin rəisi polis polkovnik-leytenantı X2 tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış bildirişdən görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan “DAF FTXF 105” yük markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi, əks halda MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi DYPŞ tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin rəsmi qeydiyyat ünvanına göndərilmiş və 21 aprel 2023cü il tarixdə hüquqi şəxs tərəfindən imza edilməklə poçt vasitəsi ilə qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən sorğu ilə səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş müddətdə “DAF FTXF 105” yük markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumat verilməsi tələb edilmiş, 21 aprel 2023-cü il tarixdə hüquqi şəxs tərəfindən imza edilməklə poçt vasitəsi ilə qəbul edilsə də, göndərilmiş sorğuya cavab verməyə səy belə göstərilməyərək laqeydlik göstərilmiş və səhlənkar yanaşılmışdır. Bununla da Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar