Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1384/2023 13.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 saylı yataqxanada yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXMnin) 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsindən daxil olmuş 13 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 13 iyul 2023-cü il tarixdə saat 04:30 radələrində E.Quliyev küçəsində sərxoş vəziyyətdə səs-küy salmış və polis bölməsində qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis bölməsinin sahə rəisi X2 tərtib etdiyi protokolu müdafiə etdiyini qeyd edib, çıxışında bildirmişdir ki, Şəxs 13 iyul 2023-cü il tarixdə saat 04:30 radələrində E.Quliyev küçəsində sərxoş vəziyyətdə səs-küy salmış və saxlanılaraq Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə gətirilmişdir. Daha sonra Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir Azər Əliyev verilən suala cavab olaraq bildirmişdir ki, tərəfindən tərtib edilmiş protokolu müdafiə edir və məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 13 iyul 2023-cü il tarixdə Sahil qəsəbəsi E.Quliyev küçəsində yüksək səslə küçə söyüşləri söydüyü üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Hadisə zamanı sərxoş olmuşdur. Polis Bölməsinin müvəqqəti saxlanma otağına aid, baş nahiyəsi ilə zərbə vuraraq sındırdığı şüşəni öz vəsaiti hesabına bərpa edəcəkdir. Etdiyi hərəkətdən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirmişdir ki, 13 iyul 2023-cü il tarixdə təqribən saat 04:30 radələrində bölməyə gətirilmiş, saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Həmçinin bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-c PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili X3 izahatında bildirmişdir ki, Şəxs 13 iyul 2023-cü il tarixdə Sahil qəsəbəsi E.Quliyev küçəsində yüksək səslə küçə söyüşləri söydüyü üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Bölmədə olarkən uca səslə ünvansız küçə söyüşləri söyərək 3 saatdan artıq müddətə polisin xidmət aparmasına mane olmuş və MSY-nin qapısının üzərində olan şüşə hissəsini baş nahiyyəsi ilə sındırmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin rəisi Natiq Camalova ünvanlanmış 13 iyul 2023-cü il tarixli raportdan görünür ki, 13 iyul 2023-cü il tarixdə saat 04:30 radələrində polis serjantı Mahir Əliyev və Nazir Qədirov xidmətdə olarkən Sahil qəsəbəsi, E.Quliyev küçəsində bir nəfər şəxsin yüksək səs tonu ilə küçə söyüşlərindən istifadə etdiyini şahidi olmuşlar. Onlar həmin şəxsə yaxınlaşaraq etdiyi hərəkətin ictimaiyyət tərəfindən doğru qarşılanmadığını bildirmişlər. Lakin həmin şəxs polis əməkdaşlarına məhəl qoymayaraq eyni hərəkətləri təkrarlamağa başlamışdır. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsi üçün aidiyyəti əməkdaşa göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli aktdan görünür ki, Şəxs polis bölməsinə gətirildiyi vaxtdan uca səslə ünvansız küçə söyüşləri söyərək xidmətin müvafiq təlimatlara uyğun olaraq təşkil olunmasına 3 saatdan artıq müddətə mane olmuş və MSYnin qapısının üzərində olan şüşə hissəsini baş nahiyyəsi ilə sındırmışdır. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 13 iyul 2023-cü il tarixli, 2/21880 nömrəli protokoldan görünür ki, hadisə zamanı Şəxs orta dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 iyul 2023-cü il tarixdə saat 04:30 radələrində E.Quliyev küçəsində sərxoş vəziyyətdə səs-küy salmış və polis bölməsində qaydanı pozmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs 13 iyul 2023-cü il tarixdə insanların istirahət vaxtında ictimai ərazidə küçə söyüşləri söyərək uca səslə danışdığı üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Lakin, o, polis bölməsində sakitləşməyərək polis bölməsinin iş rejimini pozmağa davam etmiş, baş nahiyəsi ilə müvəqqəti saxlanma yerinin şüşə pəncərəsini sındırmışdır. Odur ki, onun törətdiyi inzibati xəta, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün və protokolu tərtib etmiş şəxsin məhkəmə iclasında verdikləri izahatlar, inzibati xəta haqqında protokol və digər iş materialları ilə onun xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 510-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1384/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1384/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver