Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1386/2023 24.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Əmiraslanova Lalə Əjdər qızına katibliyi ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X1 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 10 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin AQTA-nın Bakı regional bölməsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli, 066 nömrəli “Qida Təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması haqqında” qərarı icra etməmişdir. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəziliyi Agentliyinin nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat vermiş və inzibati xəta haqqında protokol əsaslı olduğundan MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin hüquqi ünvanına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş 14 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1n Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (14 iyul 2023-cü il tarixli reyestrin 10-cu sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş zərfdən görünür ki, sifarişli poçt göndərişi "xxxx" MMCnin hüquqi ünvanına göndərilmiş, lakin poçtalyon tərəfindən ünvanın düzgün olmadığı qeyd olunaraq zərf geri qaytarılmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan elektron ərizədən görünür ki, "xxxx" MMC-nin İD ********** nömrəli elektron ərizəsindən görünür ki, 09 yanvar 2023-cü il tarixli müqavilə əsasında 07 mart 2023-cü il tarixdə İran İslam Respublikasından ölkəyə idxal edilməsi nəzərdə tutulan, yeyinti məhsulu hesab edilən 25050 kq xurma məhsulu üçün qida təhlükəsizliyi sertifikatının verilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 08 iyun 2023-cü il tarixli, 066 nömrəli qərarından görünür ki, “Ballı Store N" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunan xx.xx.2022-ci il istehsal tarixli xx.xx.2024-cü il son istifadə tarixli "X4" şirkətinin istehsalı olan ümumi çəkisi 25050 kiloqram olan xurma məhsulu partiyasının dövriyyəsi dayandırılmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunan xx.xx.2022-ci il istehsal tarixli xx.xx.2024-cü il son istifadə tarixli "X4" şirkətinin istehsalı olan ümumi çəkisi 25050 kiloqram olan xurma məhsulu partiyası 20 gün müddətinə istehlakçılardan, bazarlardan və digər satış obyektlerindən geri çağırılması və bu bənddə göstərilən müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə Agentliyə məlumat verilməsi qərara alınmışdır. Qərarın icrasından yayınan şəxslərin Azərbaycan Respublikası İXM və CM-də nəzərdə tutulmuş hallarda məsuliyyət daşımaları izah edilmişdir. İş materiallarında olan Milli Referans Laboratoriyasının sınaq protokolundan görünür ki, təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən “kif-maya göbələklərinin miqdarı normadan artıq olmasına görə məhsul normativ sənədlərin tələblərinə cavab verməmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan satılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alaraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 544.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1386/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1386/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver