Məhkəmə qərarları › İş №3(002)-1386/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1386/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1386/2025 14.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, X2, DİN-in BDYPİ-nin 26 iyun 2025-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X4 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək DİN-in BDYPİ-nin 26 iyun 2025-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, 26 iyun 2025-ci il tarixində baş etibarnamə ilə istifadəsində olan ** LK *** nömrə nişanlı avtomobillə hərəkət edərkən Bakı-Şamaxı- Yevlax yolunun 23.5 ci km-də DYP əməkdaşı, siravi polis inspektoru X3 tərəfindən saxlanılmış və əsaslı olaraq bildirmişdir ki, sizin sürücülük vəsiqənizin müddəti artıq bir neçə gündür ki, bitib. O da inspektora tabe olub, bildirmişdir ki, aidiyyatı tədbir nədirsə görsünlər. Yəni İXM-nin 332.2-ci maddəsinin tələblərinə uyğun cərimə yazsın və maşını duracağa aparsın. İnspektor da belədə etmişdir. Bura qədər hər şey qaydalara uyğun getmişdir, heç bir problem olmamışdır. Sonradan inspektor ona “yox mən bilirəm sən bunu dünən də sürmüsən, sənin cəzan ağır olacaq” demişdir. O polis əməkdaşına “necə müəyyən etdiniz ki, dünən də sürmüşəm?” demiş, polis əməkdaşı ona “mən belə hesab edirəm, vəssalam” deyə cavab vermişdir. O mübahisə etməkdən çəkinmiş və məhkəməyə müraciət edəcəyini bildirmişdir. Nəticədə ona İXM-nin 332.3-cü maddəsinin tələblərini, yəni təkrar sürmüş kimi sənədləşdirdib bu maddəni tətbiq etmişlər. Bildirmişdir ki, bu qanunsuzdur, sübut, əsas olmadan necə 332.2-ci yox 332.3-cü maddə ilə, yəni 400 azn cərimə tətbiq edirlər, cərimə 200 azn olmalıdır. Bunu izah edə bilməmişdir. İndi məhkəməyə müraciət edərək soruşur ki, bildiyi qədəri ilə o, bir dəfə sübütlü cərimə edilməli və ona 332.2-ci maddəsinin sanksiyası tətbiq olmalıdır. Qərar qüvvəyə mindikdən sonra bir il ərzində bir də bu xətanı törətsə 332.3-cü maddə tətbiq olunmalı və ona cərimə tətbiq olunmalıdır. İnspektor isə öz qərarı ilə keçmişə dair öz hesabına qərar qəbul edib onu cəzalandırmışdır. İXM-nin 8 vǝ 9-cu maddələrini, Konstitusiyanın 63-cu maddəsi, təqsirsizlik müddəaları dəyişib ki, həmin inspektor dünənə dair sübut, asas olmadan öz fikirləri əsasında qərar verir. Bunun məhkəmədə araşdırılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayətçiyə və DİN BDYPİ-nə rəsmi məlumat verilsə də şikayətçi və həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verilməmişdir. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə təkrar ərizə ünvanlayaraq göstərmişdir ki, Daxili İşlər Nazirliyinə müraciəti əsasında ona tətbiq edilmiş İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə tətbiq edilən cərimə üsulu əsaslı olaraq dəyişdirilmiş və 332.2-ci maddəsi ilə əvəz edilmişdir. Təbii ki, inzibati tənbeh üsulunda olan 400 azn pul vahidi də 200 azn pul vahidi ilə əvəz olunmuşdur. Yuxarıdakıları yazmaqla 3(002)-1386/2025 nömrəli ona aid məhkəmə şikayətinə xitam verib, icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə, şikayəti, məhkəməyə ünvanlanmış ərizəni və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 26 iyun 2025-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 26 iyun 2025-cü il tarixdə, saat 17:21-də idarə etdiyi "Kia Optima minik" markalı, ** LK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə 400 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman qeyd olunan qərarın ləğv edilməsi üçün hər hansı bir əsas aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 DİN-in BDYPİ tərəfindən qəbul edilmiş 26 iyun 2025-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar