Məhkəmə qərarları › İş №3(002)-1391/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1391/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1391/2025 14.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27841631 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27841631 nömrəli qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, istifadǝsində olan "Daf FT XF105.460T YÜK" markalı, 20EM242 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sement daşıması həyata keçirir. xx.xx.2025-ci il tarixdə Qazax rayonunda yerləşən "Arkoz" sement zavodundan 26.18 ton (26.180 kq) sement yükləyərək çatdırılması üçün Bakı şəhəri istiqamətində yola çıxmışdır. Nəqliyyatın boş çəkisi 13.34 ton (13.340 kq), dolu çəkisi isə 39.52 ton (39.520 kq) təşkil etmişdir. Hərəkətdə olarkən Ağstafa və Ucar rayonunda iri qabaritli ağır çəkili nəqliyyat vasitələrinin çəkisini ölçmək üçün nəzərdə tutulan elektron tərəzilər qurulmuş yoldan keçməklə Bakı şəhərinə doğru hərəkət etmişdir. Həmin elektron tərəzilər nəqliyyat vasitəsi üzərindən keçərkən saxlamadan çəkisini müəyyən edir. Ağstafa və Ucar rayonlarından keçərkən həmin elektron tǝrǝzilər nəqliyyat vasitəsində icazə veriləndən artıq çəki müəyyən etməmişdir. Lakin daha sonra hərəkətimi davam etdirərkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal Qəsəbəsində, Qaradağ postundan keçərkən (M-2 47.9 km hissəsi) postun yaxınlığında quraşdırılmış elektron tərəzinin üzərindən keçmişdir. Bu zaman xx.xx.2025-ci il tarixdə ona elektron qaydada inzibati tənbeh vermə haqqında elektron qərar təqdim edilmişdir. Həmin qərarla İXM-nin 353.2-ci maddəsi ilə 600 manat məbləğdə cərimə olunmuşdur. Səbəb isə guya nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi icazə verilən maksimal çəkidən, yəni 40 tondan artıq, 42.840 kq olmuşdur. Lakin bu həqiqəti əks etdirmir. Belə ki, zavoddan 26.18 ton (26.180 kq) sement yüklənmişdir. Nəqliyyatın boş çəkisi 13.34 ton (13.340 kq), dolu çəkisi isə 39.52 ton (39.520 kq) təşkil etmişdir. Hərəkətdə olarkən nəqliyyat vasitəsinə əlavə yanacaq doldurduğundan nəqliyyatın çəkisi artaraq 39.72 ton (39.720) kq olmuşdur. Qaradağ postunda tərəziyə çıxarkən nəqliyyatın çəkisi faktiki olaraq 39.72 ton (39.720 kq) olmuşdur. Bu çəki də icazə verilən maksimal kütləni keçməmişdir. Qeyd edir ki, Bakı Qazax Magistral yolunun Qardadağ postu istiqamətindən keçən hissəsi üç zolaqlı olduğunda hər zolaqda elektron tərəzi quraşdırılmışdır. Onun nəqliyyat vasitǝsi isə orta hərəkət zolağında quraşdırılan elektron tərəzi ilə çəkilmişdir. Ümumiyyətlə həmin o, hərəkət zolağında quraşdırılan elektron tərəzi ilə bir neçə digər sürücü yoldaşları da nəqliyyat vasitələri çəkilmiş və çəki real çəkidən çox müəyyən edilmişdir və əsassız cərimə tətbiq olunmuşdur. Həmin əsassız cərimələr məhkəmələr tərəfindən silinmişdir. Səbəb isə odur ki, həqiqətən də həmin orta zolaqdakı elektron tǝrǝzi texniki cəhətdən nasazdır və çəkini düzgün müəyyən etmir. Nəticədə sürücülərə əsassız cərimələr yazılır. Əlavə olaraq qeyd edir ki, daşıdığı sementi Bakı şəhəri, Yasamal rayonunda, MİDA-ya məxsus beton zavoda təhvil verərkən orada da nəqliyyat vasitəsi tərəzidə çəkilmiş və çəkisi 39.720 kq olması müəyyən edilmişdir. Bunu həmin tərəzi çeki və malı təhvil alan məsul şəxslə imzaladığı əmtəə nəqliyyat qaiməsi də təsdiq edir. Əgər nəqliyyat vasitəsinin ümumi kütləsi 40 tonu keçsə idi elə həmin tərəzi də bunu müǝyyǝn edərdi. Lakin əksinə həmin tərəzi çəkini 39.720 kq müəyyən etmişdir. Həmçinin qeyd edir ki, həmin orta zolaqda quraşdılmış elektron tərəzi nəqliyyat vasitəsinin real çəkisindən 3 tondan artıq çəki müəyyən edir. Bu da onu deməyə əsas verir ki, həmin tərəzidə çox ciddi nasazlıq vardır. Göründüyü kimi barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassızdır və ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri (53.1.2. inzibati xəta tərkibi olmadıqda:) olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən barəsində olan EQ 27841631 saylı, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 çıxışında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini, barəsində qəbul edilmiş EQ 27841631 saylı, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Suala cavab olaraq məhkəməyə təqdim etdiyi qəbzlərin əldə olunduğu tərəzilərin nəqliyyat vasitəsinin kütləsini hərəkətsiz halda çəkdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, xx.xx.2025-ci il tarixli, EQ 27841631 nömrəli qərara əsasən X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Daf FT XF105.460T YÜK” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına “X4 zavodu” MMC tərəfindən verilmiş çəki qəbzindən aydın olur ki, X2 tərəfindən daşınan yük ölçdürülmüş və nəqliyyat vasitəsinin yüklə birgə oxa düşən kütləsi 39520 kq olmuşdur. İş materialında olan ölçmə qəbzinə əsasən xx.xx.2025-ci il tarixdə, saat 03:18-də yük təkrar olaraq çəkilmiş və 39720 kq yük müəyyən edilmişdir. Beləliklə, məhkəmə X1 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Məhkəmə təqdim olunmuş sübutlara əsaslanaraq qeyd edir ki, şikayət ərizəsinə əlavə edilmiş qəbzin əldə edildiyi tərəzinin müvafiq şəhadətnaməsi, həmin tərəzinin sonuncu dəfə hansı tarixdə sertifikasiya olunması barədə şikayət verən şəxs tərəfindən müvafiq sənədlər təqdim edilmədiyindən həmin tərəzinin standartlara uyğunluğunu müəyyən etmək mümkün olmamışdır. X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Daf FT XF105.460T YÜK” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bu isə istinad edilən normativ hüquqi akta əsasən Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, icazə verilən həddin aşılması ilə nəticələnmişdir. Həmin normativ hüquqi aktda qeyd olunan parametrlər avtomobilə münasibətdə deyil, üzərində hərəkət olunan yola münasibətdə tətbiq olunur. İş materialına əlavə edilmiş hərəkət halında çəki ölçmə nəzarət sistemindən əldə olunmuş məlumata əsasən belə növdə olan nəqliyyat vasitələrinə yük daşıma üçün icazə verilən ən yuxarı həddə çəki parametri 40 tondur. Qeyd edilmiş qərarla icazə verilmiş həddən yuxarı çəkidə yük daşıyan nəqliyyat vasitələri avtomobil yollarını zədələyərək deformasiyasına, sıradan çıxmasına səbəb ola bilir. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarında iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ölçülməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən istifadə edilən hərəkət halında çəki ölçmə nəzarət sistemi ilə digər özəl və ya kommersiya məqsədli tərəzilər arasında bir sıra mühüm fərqlər mövcuddur. AYNA-nın tətbiq etdiyi hərəkət halında çəki ölçmə nəzarət sistemi nəqliyyat vasitələrinin çəkisinin və ox yükünün hərəkət zamanı ölçülməsini təmin edən avtomatlaşdırılmış sistemdir. Bu sistem vasitəsilə nəqliyyat vasitələri dayandırılmadan, yol örtüyünə quraşdırılmış sensorlar sayəsində ölçülür, qeydiyyat nömrəsi, hərəkət sürəti, tarix və vaxt kimi əlavə məlumatlarla birlikdə məlumatlar real vaxtda mərkəzi nəzarət sisteminə ötürülür. Bu yanaşma nəqliyyat axınının pozulmaması, ölçmələrin yüksək dəqiqliklə və insan müdaxiləsi olmadan aparılması baxımından üstünlük təşkil edir. Eyni zamanda bu sistem vasitəsilə aparılan ölçmələr hüquqi əsas daşıyır və normadan artıq çəki və ölçü ilə hərəkət edən nəqliyyat vasitələri barəsində inzibati tədbirlərin görülməsi üçün əsas kimi istifadə olunur. Bunun əksinə olaraq, digər özəl şirkətlər və kommersiya obyektlərində istifadə edilən tərəzilər adətən stasionar və ya portativ olur və nəqliyyat vasitəsinin dayandırılaraq tərəziyə daxil olunmasını tələb edir. Ölçmə prosesi bəzi hallarda yarıavtomatik və ya tamamilə əllə idarə olunduğundan insan faktoru və müdaxilə ehtimalı daha yüksəkdir. Həmçinin bu tərəzilərdən alınan nəticələr hər zaman hüquqi əsas daşımaya bilər və yalnız daxili nəzarət məqsədləri üçün istifadə oluna bilər. Beləliklə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tətbiq edilən hərəkət halında çəki ölçmə sistemi texniki baxımdan daha üstün, avtomatlaşdırılmış, dəqiq və hüquqi cəhətdən etibarlı nəzarət mexanizmi kimi qiymətləndirilir. Digər tərəzilər isə daha çox kommersiya və texniki nəzarət məqsədilə istifadə olunan, lakin hüquqi cəhətdən məhdud əhatəyə malik olan ölçmə vasitələridir. Bu səbəbdən məhkəmə hazırki şikayətə əlavə edilmiş 15 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC -dən əldə olunan ölçmə nəticəsini mötəbər hesab etmir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqulu, üçoxlu dartıcı ikioxlu yanmqoşqulu və üçoxlu dartıcı üçoxlu yanmqoşqulu nəqliyyat vasitələri üçün icazə verilən qabarit və çəki parametri 40 tondur. Həmin qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27841631 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, X2 isə şikayətini əsaslandıracaq faktları təqdim etmədiyindən şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27841631 nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar