Məhkəmə qərarları › İş №3(002)-1392/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1392/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1392/2025 24.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, X1, DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 16 iyun 2025-ci il tarixli, EQ 28626028 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli rayonu, Göbəktala kəndi ünvanında yaşayan X3 şikayətlə İmişli rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsinə əsasən 200 manat cərimə edilməsi barədə DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenantı Elvin Abdulǝlizadənin xx.xx.2025-ci il tarixli EQ28626028 saylı inzibati tənbeh vermə haqqında elektron qərarını ləğv edilməsini xahiş etmişdir. İmişli rayon Məhkəməsinin 3(036)-953/2025 saylı, 20 iyun 2025-ci il tarixli qərardadına əsasən X1, DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin inzibati tənbeh vermə haqqında 16 iyun 2025-ci il tarixli, EQ 28626028 nömrəli qərarı ilə bağlı şikayəti aidiyyəti üzrə Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, xx.xx.2025-ci ildə aldığı sənəddən ona məlum olmuşdur ki, o, DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik leytenantı Elvin Abdulǝlizadənin xx.xx.2025-ci il tarixli, EQ 28626028 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsinə əsasən 200 manat cərimə edilmişdir. Həmin qərarla razı deyil. Belə ki, o, Azərbaycan Respublikası İXM-nin həmin maddəsinin həmin tələbini pozmamışdır. Bildirir ki, sözü gedən qərara əsasən guya o, xx.xx.2025-ci il tarixində Bak-Qazax yolunun 33-cü km-də Bakı istiqamətdə hərəkətdə olarkən yolda müəyyən olunmuş hərəkət sürətini 42 km/saat həddində aşmışdır. Qeyd edir ki, o, heç bir qayda pozuntusu etməmişdir. Onun həmin zaman hərəkət sürəti 90 km/saat olmuşdur. Bunu ona təqdim edilmiş video görüntüdən də görmək olar. Buna görə də hesab edir ki, sözü gedən elektron qərar qarşı tərəfin təxmini fərziyəsinə əsasən yazılmışdır və nəticədə o əsasız yerə 200 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xǝta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xata haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddasinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayətçi X2 və DİN-in BDYPİ-nə rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq qeyd olunan tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmənin 24 iyul 2025-ci il tarixli iclasının gedişində şikayətçi X3 ilə onun istifadəsində olan 051 614 13 16 mobil nömrəsi ilə əlaqə saxlanılmış, şikayətçi DİN-in BDYPİ-nə müraciəti əsasında 16 iyun 2025-cü il tarixli, EQ 28626028 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edildiyini və buna görə də şikayətdən imtina etdiyini bildirərək bu barədə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə məhkəməyə ərizə ünvanlamışdır. Məhkəmə, yuxarıda qeyd edilənləri, həmçinin şikayəti və iş materiallarını araşdıraraq, hesab edir ki, işə mahiyyəti üzrə baxılması mümkün olmadığından şikayət geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan 16 iyun 2025-cü il tarixli, EQ 28626028 saylı qərarın inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemində mövcud olmadığı aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1, DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 16 iyun 2025-ci il tarixli, EQ 28626028 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayəti verilə bilməz. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar