Məhkəmə qərarları › İş №3(002)-1396/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1396/2021

22.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1396/2021 22.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, qaynaqçı işləyən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küç., ev 1, mənzil 18-də yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 noyabr 2021-il tarixli qərardan və 22 noyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu qanunsuz olaraq narkotik vasitə istehlak etmiş, 06 oktyabr 2021-ci il tarixində saat 13:25-də keçirilən tibbi müayinə nəticəsində onun sidiyində THC (+), MET (+), AMP (+) aşkar edilmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PBnin sahə inspektoru, polis leytenantı X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, icraatına 06.10.2021-ci il tarixdə raport əsasında material daxil olmuşdur. Həmin materiala əsasən X1 xəsarət yetirməsi ilə bağlı Şəxs polis bölməsinə gətirilmiş və həmin hadisə ilə bağlı izahatı alınmışdır. Bundan sonra Şəxs narkotik vasitənin qanunsuz istifadəsində şübhəli bilindiyinə görə müayinədən keçmək üçün Respublika Narkoloji Mərkəzinə aparılmış və müayinə nəticəsində onun sidiyində “THC (+), MET (+), AMP (+) aşkar edilmişdir. Maddi sübut olmadığına görə barəsində cinayət işinin başlanılmasının rədd edilməsinə dair 10 noyabr 2021-ci il tarixli qərar qəbul edilmiş və həmin qərar əsasında da inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlər də, iştirak etmiş və həmin vaxtı almış olduğu xəsarətlərdən ağrıları olmuş və buna görədə narkotik vasitə tərkibli maddələr qəbul etməyə başlamışdır. Cinayət işi ilə bağlı Qaradağ RPİ-nin 11-ci polis bölməsinə dəvət olunaraq izahatı alınmışdır. Sonra polis əməkdaşları onu müayinədən keçmək üçün Respublika Narkoloji Mərkəzinə aparmışlar və müayinə nəticəsində onda “THC (+), MET (+), AMP (+) aşkar edilmişdir. O, narkotik maddəni müayinə edilməmişdən 5-10 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində istehlak etmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Bir daha belə hala yol verməyəcəyinə söz verir. Məhkəmədən əməlindən səmimi peşman olmasını, yəni vətən müharibəsində iştirak etməsini nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Vəkil hüquqlarını müdafi əetdiyi Şəxs səmimi peşmançılığını və vətən müharibəsi zamanı döyüşlərdə iştirak etməsini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 06 oktyabr 2021-ci il tarixli 3400 nömrəli aktdan görünür ki, müayinə nəticəsində Şəxs sidiyində MET, AMP, THC (+) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X6-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 16 oktyabr 2021-ci il tarixli, 3991 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs kannaboidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Murad Əhmədəliyev tərəfindən qəbul edilmiş 10 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından aydın olur ki, X5 və Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onların barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 11-ci PB-nin aidiyyatı əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. Travma haqqında 14 oktyabr 2021-ci il tarixli, 7679 nömrəli arayışdan görünür ki, Şəxs 28 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən “sol qaşüstü nahiyənin küt travması nəticəsində sol alın cibinin ön divarının bir qədər içəri basılmış sınığı” diaqnozlu xəsarət almışdır. Xəstəlik haqqında 21435 nömrəli şəhadətnamədən görünür ki, Şəxs aldığı xəsarətlər “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanaı Alınmışdır.” Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən verilmiş AO ******* nömrəli Hərbi Biletdən görünür ki, Şəxs 29 sentyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissəyə daxil olmuş, N dekabr 2020-ci il tarixdə təxris olmuş, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati protokolu tərtib etmiş şəxsin izahatları, tibbi müayinə protokolu, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, vətən müharibəsi zamanı döyüşlərdə iştirak etməsini və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 06 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Şəxs hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 06 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar