Məhkəmə qərarları › İş №3(002)-1406/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1406/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1406/2021 13.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 18 noyabr 2021-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin Qərardan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsində yerləşən “X7 Tekstil Sanayi ve Dış Ticaret Limited” şirkətində fəhlə işləyən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 14.07.2021-ci il tarixdə, saat 13 radələrində iş yerində su parından yanaraq xəsarət alması faktı üzrə Qaradağ rayon prokurorluğuna məlumat daxil olmuşdur. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, 14 iyul 2021-ci il tarixdə saat 13 radələrində Türkiyə Respublikasında fəaliyyət göstərən “X7 Tekstil Sanayi Ve Dış Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasında filialının Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsində yerləşən sexinin rəhbəri X1 istifadə olunan avadanlığın quraşdırılmasında, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilmədən həmin avadanlığın istismarına yol verildiyinə, avadanlığa vaxtaşırı olaraq xidmətlər göstərilmədiyinə görə “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri”. 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.2, 1.4, 2.1.2 bəndlərinin tələblərinin pozması nəticəsində avadanlıqda sexdə işləyən X5, Zərərçəkmiş şəxs2 suyun miqdarı artmağa, eyni zamanda oradan çıxan par böyük sürətlə bayır vurmağa başlamış, nəticədə X2 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aid olan sağ yuxarı ətrafın və sağ diz oynağının (ümumi bədən səthinin 10-12 % hissəsinin) İİ dərəcəli termiki yanıq sahələri (yaraları) kimi, Zərərçəkmiş şəxs2 dərəcəsinə görə ümumi bədən səthinin 1/3-də az hissəsini əhatə edən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid olan döş qəfəsinin ön səthinin və hər iki əlin üst səthinin İİ-İİİ dərəcəli termiki yanıqları kimi xəsarətlər almasına səbəb olmuşdur. Aparılan araşdırma nəticəsində 09.08.1952-ci ildə Türkiyə Respublikası, Adana şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, ali təhsilli, deməsinə görə məhkumluğu olmamış, “X7 Tekstil Sanayi Ve Dış Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasında filialının direktoru vəzifəsində işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Balaxanıneft yaşayış sahəsi ev 27-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, barəsində qərar qəbul olunmuş şəxs və qərarı qəbul etmiş Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə iclasının təxirə salınması barədə tərəflərindən vəsatət daxil olmamışdır. Bu səbəbdən də, məhkəmə, işə barəsində qərar qəbul olunmuş şəxsin və Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 16.07.2021-ci il tarixli, 472 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlərsağ yuxarı ətrafın və sağ diz oynağının (ümumi bədən səthinin 10-12% hissəsinin) İİ dərəcəli termiki yanıq sahələri (yaraları) yüksək hərarətin təsirindən, müayinədən 1-2 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 14.07.2021-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.11.2021-ci il tarixli, 10/4670 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri». 12.2.003-91 DÜST-nin (Dövlət Standartının) 1.2,1.4,2.1.2 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin bilavasitə texniki və təşkilati səbəbi olmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən sexdə istifadə olunan avadanlığın quraşdırılmasında, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilmədən həmin avadanlığın istismarına yol verildiyinə, avadanlığa vaxtaşırı olaraq texniki xidmətlər göstərilmədiyinə görə, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri». 12.2.003- 91 DÜST-nin (Dövlət Standartının) 1.2, 1.4, 2.1.2 bəndlərinin tələbləri hadisə baş vermiş müəssisənin rəhbəri tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özü tərəfindən təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 30.09.2021-ci il tarixli, 718 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin və hər iki əlin üst səthinin ll-lll dərəcəli termiki yanıqları yüksək hərarətin təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X6 müraciət etdiyi 14.07.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumi bədən səthinin 1/3-dən az hissəsini əhatə edən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 18 noyabr 2021-ci il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar