Məhkəmə qərarları › İş №3(002)-1408/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1408/2020

06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1408/2020 06.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx xxxxxxx 2020ci il tarixdə saat 22:45 radələrində Şəxs Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X3 çıxış edərək bildirmişdir ki, Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları Sübhan Əhmədzadə və Cahət Musayev xx xxxxxxx 2020-ci il tarixdə, saat 22:45 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv ərazisində xidmətdə olarkən, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli Fərmanı ilə müəyyən edilmiş komendant saatı müddətində 3 nəfər şəxsin ətrafda olduqlarını görüb onlara yaxınlaşıb xüsusi icazələrinin olubolmamasını soruşmuşlar və müəyyən olunmudur ki, həmin üç nəfər şəxsin komendat saatı vaxtı küçələrdə və ictimai yerlərdə olmalarına dair xüsusi icazələri yoxdur. Bundan sonra onlar polis bölməsinə dəvət etmişlər, lakin sonuncular polis əməkdaşlarına müqavimət göstərərkən saxlanılaraq 10ci Polis Bölməsinə gətirilmişdirlər. Polis Bölməsində həmin şəxslərin xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş Şəxs, X5 və X2 olduqları məlum olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o,xx.xx.2020-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 1 ünvanın həyətində dostları ilə birlikdə söhbətləşən zaman onlara polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib komendat saatı ilə əlaqədar xüsusi icazələrinin olub-olmamasını soruşmuşlar. Onların belə bir icazəsi olmadığından polis əməkdaşları onları polis bölməsinə getməyi təklif etdilər, lakin o və dostları buna etiraz etmişdir. Hazırda əməlindən çox peşmandır, polis əməkdaşlarından üzr istəyir və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Göstərilənləri nəzərə alınaraq barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli inzibati xəta törətmiş şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Şəxs xx.xx.2020-ci il tarixdə saat 23.00-da Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və protokol tərtib etmiş şəxsin, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 22:45 radələrində Lökbatan qəsəbəsi, 1-ci massiv ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini, məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanın hərbi vəziyyət dövründə törədilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və o, məhkəmə iclas zalında dərhal buraxılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal buraxılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar