Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1415/2021 17.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Şəxs (bundan sonra -"xxxx" MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 X1 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 22 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Qaradağ rayonu ərazisində yerləşən “Karvansaray” əhəngdaşı yatağında müvafiq icazə sənədi olmadan faydalı qazıntı hasil olunmuşdur. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş MN seriyalı ******* nömrəli, 22 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Qaradağ rayonu, “Karvansaray” əhəngdaşı yatağında “Dağ mədən ayırma” aktı olmadan faydalı qazıntı hasil olunmuşdur. 22 oktyabr 2021-ci il tarixli, 000505 nömrəli aktın surətindən görünür ki, Agentliyin Nizamnaməsinin 3.1.14-cü hissəsinə əsasən faydalı qazıntı ehtiyatlarının uçotunu aparmaq məqsədi ilə Abşeron rayonunda yerləşən “Karvansaray” əhəngdaşı yatağında yerləşən "xxxx" MMC-yə məxsus karxana sahəsinə baxış keçirilmişdir. Bundan sonra Agentliyin Nizamnaməsinin 3.1.11-ci hissəsinə əsasən qeyd olunan sahəyə baxış keçirilmiş və aşağıdakı hallar müşahidə olunmuşdur. Baxış zamanı fəaliyyət aparılmışdır. Baxış zamanı ərazinin koordinatları "xxxx" MMC-nin direktoru X2 iştirakı ilə qeydə alınmış, istismar işləri aparılan sahəni göstərmiş və 3 ayrı sahədə istismar işlərinin aparıldığı müşahidə olunmuşdur. Baxış zamanı mərz nişanları müşahidə olunmamışdır. Araşdırma zamanı Agentliyin Arxiv sənədləri içərisində Apalon-M MMC-yə məxsus yer təkindən müvafiq icazə sənədi olan Dağ-mədən ayırma aktı müəyyən olunmamışdır. Ərazidə ölçü işləri aparılmış və müəyyən olunmuşdur ki, 1-ci sahə 11040 m2, orta istismar dərinliyi 2.6 m olmaqla 28704 m3 həcmində, 2-ci sahə 5272 m2 orta istismar dərinliyi 7.0 metr olmaqla 36904 m3 həcmində, 3-cü sahə 26283 m2 orta istismar dərinliyi 1.2 m olmaqla 31539 m3 həcmində əhəngdaşı mineral xammalının hasilatı aparılmış, ümumilikdə 97,147 m3 həcmində əhəngdaşı mineral xammalının qanunsuz olaraq hasilatı aparılmışdır. "xxxx" MMC-nin direktoru X3 bildirmişdir ki, 1 və 2-ci sahədə 01.05.2010-cu ildən, 3-cü sahədə isə 07.05.2015-ci ildən fəaliyyət göstərilməsinə başlanılmışdır. Bu 3 sahədə ümumilikdə 3 ədəd şrımaçan, 4 ədəd daşkəsən kombayn, 1 ədəd dövlət qeydiyyat nişanı **-BK-*** olan Kamaz markalı avtomobil 1 ədəd kran, 1 ədəd dövlət qeydiyyat nişanı **-OM-*** olan Ural markalı avtomobil müşahidə olunmuşdur. 1 ədəd daşkəsən kombayn 1 il ərzində 6702 m3 həcmində (itgisiz) əhəngdaşı hasilatı aparır. "xxxx" MMC-nin direktoru A№302618, A№302619 nömrəli torpaq sahəsinin plan və ölçülərində olan koordinatları təqdim etmişdir. İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 10.10.2008-ci ildə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 228-ci maddəsinə əsasən lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən Yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Yerin təki istifadəyə müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materiallarına əlavə edilmiş 22 oktyabr 2021-ci il tarixli akt, fotoşəkillər və işdə olan digər sübutlarla da təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində hüquqi şəxs qismində 5000 (beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1415/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1415/2021
17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver