Məhkəmə qərarları › İş №3(002)-1417/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1417/2021

26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1417/2021 26.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 26.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-694/2021 saylı, 25 may 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 17 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. Buna baxmayaraq Şəxs heç bir üzürlü səbəb olmadan qeyd olunan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, qeyd olunan icra sənədi şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarlar qəbul edilərək, icra sənədinin könüllü icra edilməsi üçün borclunun ünvanına göndərilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, onun adına hər hansı əmlak müəyyən edilməsə də, lakin müəyyən olunmuşdur ki, borclu Şəxs İİİ dərəcəli əlilliyə görə 110 manat məbləğində müavinət alır. Borclu Şəxs 26.11.2021-ci il tarixdə izahatı alınmış, o, izahatında icra sənədindən xəbərdar olduğunu, icra sənədi üzrə 2021-ci ildə 200 manat tələbkarın xeyrinə ödəniş etdiyini bildirmişdir. Borclu icra sənədi üzrə tələbkarın xeyrinə ödəniş etsə də, ödənilmiş məbləğlər tam olmadığından onun bu günə 1550 manat aliment borcu yaranmışdır. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X7 Əli qızı inzibati xəta haqqında materiala öz münasibətini bildirib qeyd etmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-694/2021 saylı, 25 may 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 17 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutularaq ona verilməli olsa da, borclu icra sənədi üzrə öz öhdəliyini tam yerinə yetirməyərək, icra sənədlərinin icrasından yayınmışdır. Borclu Şəxs icra sənədi üzrə 2021-ci ilin avqust ayında cəmi 200 manat ödəniş etmiş, 1550 manat aliment borcu isə ödənilməmiş qalmışdır. Hazırda borclu Şəxs şikayətçidir və ödənilməmiş qalan 1550 aliment borcunu tələb edir. Göstərilənləri nəzərə alaraq sonuncu barəsində daha ciddi tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədindən xəbərdardır. X5 ilə birgə nikahdan biri qız ikisi oğlan övladı olmaqla üç övladları var. Qız övladı Telnaz məhkəmənin qərarına əsasən anasının himayəsinə verilsə də, iki oğlan övladları onun himayəsinə verilmişdir. Fəhlə işi görərək tələbkarla birgə nikahdan olan iki uşağın təlabatını çətinliklə ödəyir. Buna baxmayaraq 2021-ci ilin avqust ayında tələbkarın xeyrinə 200 manat aliment ödəmişdir. Bundan başqa İİİ qrup əlilliyə görə 110 manat pensiya alır, həmin məbləğin də aliment borcuna yönəldilməsinə etiraz etmir. Borcunu ödəməkdən yayınmır, əksinə öhdəliyini tam icra etmək niyyətindədir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-694/2021 saylı, 25 may 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 17 iyun 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 27.05.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-694/2021 saylı, 25 may 2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. X8 tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, o, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-694/2021 saylı, 25 may 2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 200 manat aliment pulu almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə qeyd edir ki, Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar məhkəmə araşdırması zamanı müəyyən olunmadı, bu da onun hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmır. Belə ki, iş materialları və məhkəmə iclasında aparılmış inzibati araşdırma nəticəsində müəyyən edilmişdir ki, borclu Şəxs əlliyə görə 110 manat pensiya alır və izahatında könüllü olaraq bu barədə məlumat verməklə, mövcud borcun onun pensiyasına yönəldilməklə icra sənədinin icrasının təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Belə olan halda Azərbaycan Respublikası “İcra Haqqında” qanununun 43-cü maddəsinin tələblərinə uyğun olaraq icra məmuru borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka, habelə tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi kimi üzərinə qanunvericiliyin imperativ olaraq qoyduğu vəzifələri yerinə yetirmədən, birbaşa olaraq borclu barəsində əsassız inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, borclu Şəxs tərəfindən qeyd olunan icra sənədi üzrə tələbkarın xeyrinə 2021-ci ilin avqust ayında 200 manat ödəniş olunmuşdur. Hazırkı halda borclu Şəxs hərəkətlərinin icra sənədinin üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilməməli, əksinə icra sənədinin icra olunmasında maraqlı olmasını göstərən faktor kimi nəzərə alınmalıdır. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar