Məhkəmə qərarları › İş №3(002)-1419/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1419/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1419/2023 27.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X2, Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis kiçik serjantı X1 iştrakları ilə, X2, Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis kiçik serjantı X3 tərəfindən qəbul edilmiş 12 iyul 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X4 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək barəsində Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis kiçik serjantı X3 tərəfindən qəbul edilmiş 12 iyul 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis kiçik serjantı X3 tərəfindən qəbul edilmiş 12 iyul 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 12 iyul 2023-cü il tarixdə, saat 20:47 radələrində idarə etdiyi «Toyota Prius» (Hibrid) minik markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 7A ünvanında yolayrıcını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X4 öz izahatında şikayəti onunla əsaslandırmışdır ki, 12 iyul 2023-cü il tarixində idarə etdiyi Toyota Prius (Hibrid) minik markalı, ** TX *** dövlət nömrə nişanlı avtomobillə Qaradağ rayon, Lökbatan qəsəbəsi, massiv 7a ünvanı üzərində hərəkət edərək, qaydalara uyğun olaraq, dairəvi hərəkət istiqamətinə daxil olub ikinci çıxışdan çıxaraq 28 May küçəsi istiqamətində hərəkətini davam etdirmişdir. Həmin istiqamətdə yol polisi əməkdaşı maşını saxlamağını əmr etmişdir. Maşını saxladıqdan sonra yol polisi əməkdaşı ona yaxınlaşaraq yol hərəkəti qaydasını pozduğunu və bu səbəbdən də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat, 03 balla cərimə olunacağını bildirmişdir. O yol polisi əməkdaşına qayda pozmadığını bildirmişdir. Polis ona video görüntü təqdim etməmişdir. Protokol yazaraq onu cərmələmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraatda onun heç bir təqsiri yoxdur. O işi ilə əlaqədar hər gün eyni qaydada həmin ərazidə hərəkətdə olur və ərazidəki yol nişanlarını dəqiq bilir. Heç bir qayda pozuntusu etməmişdir. Hərəkət etdiyi istiqamətdə hər hansı bir yol nişanı, o cümlədən dairə işarəsi olmamışdır. Ona görə də Bakı şəhəri Qaradağ rayon DYPŞ-nın tərtib etdiyi TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Odur ki, məhkəmədən barəsində tərtib edilmiş TP ******* nömrəli, 12 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis kiçik serjantı X3 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, 12 iyul 2023-cü il tarixdə, saat təxminən 20:47 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 7 ünvanında «Toyota Prius (Hibrid)» markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən yolayrıcını keçmə qaydalarının pozulmasını müəyyən etmişdir. Belə ki, həmin avtomobilin sürücüsü tərəfindən dairəyə daxil olaraq hərəkətdə olan sərnişin avtobusuna yol verilməmişdir. Bununla da sürücü tərəfindən “X5” qanunun 42-ci maddəsinin, 15-ci bəndinin tələbləri pozulmuşdur. Qeyd edilən hadisə onun tərəfindən rəsmiləşdirilmiş və «Toyota Prius (Hibrid)» markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 12 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hal-hazırda da tərtib etdiyi protokolu və qərarı müdafiə edərək bu barədə videogörüntünü məhkəməyə təqdim etdiyini bildirərək məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayəti, iş materiallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək və hadisənin görüntülərini özündə əks etdirən videodiskə baxış keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 12 iyul 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 12 iyul 2023-cü il tarixdə, saat 20:47 radələrində idarə etdiyi «Toyota Prius» (Hibrid) minik markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 7 ünvanında yolayrıcını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin iştirakı ilə qeyd olunan inzibati pozuntunun baş verdiyi ərazini özündə əks etdirən videodiskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, sürücü X4 dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan zaman dairədə hərəkət edən sərnişin avtobusuna yol verməli olduğu halda bunu etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir “X5” Qanunun 42-ci maddəsinin 15-ci bəndində qeyd olunur ki, yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə baxışı zaman şikayətçi X2 etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, o cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis kiçik serjantı X3 tərəfindən qəbul edilmiş 12 iyul 2023-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar