Məhkəmə qərarları › İş №3(002)-1420/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1420/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1420/2025 28.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, X1 DİN-in BDYPİ-nin 13 iyun 2025-ci il tarixli, EQ 28537569 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abdulǝlizadə tərəfindən qəbul edilmiş "Yol Hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan EQ 28537569 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qazax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(023)-584/2025 saylı qərardadına əsasən X1 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28537569 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayəti və əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-də sürücü işləyir. xx.xx.2025-ci il tarixdə saat 20:07-də Arkoz Sement zavodundan 27.48 ton çəkisi olan sement götürərək Bakı şəhəri istiqamətində yola çıxmışdır. Avtomobilin yüklə birgə çəkisi 39.88 ton olmuşdur. Barəsində Qaradağ rayonu, Səngəçal qəsəbəsində xx.xx.2025-ci il saat 03:04-də xüsusi texniki vasitənin məlumatına əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 600 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Hesab edir ki, qərar qanunsuz və sassızdır. Belə ki, 2 nömrəli əlavədə də təqdim etdiyi çıxış vərəqindən də görünür ki, nəqliyyatın boş çəkisi 12.4 ton, yüklə birlikdə çəkisi 39.88 tondur. Nəqliyyat vasitəsi plomblanıb və heç bir əlavə yük götürmə imkanı yoxdur. Protokolun surətindən də görünür ki, onun idarə etdiyi avtomobilin icazə verilən çəkisi 40 tondur. Amma hansısa səbəbdən Kistler 9835A hərəkət halında çəki ölçmə nəzarət sistemi ilə avtomobilin çəkisi 43 ton hesablanıb. Bunun yanlış olduğu həm də ondan anlaşılır ki, inzibati xətanın törədildiyi yerə qədər ən azı iki hərəkət halında çəki ölçmə nəzarət sistemi tətbiq edilən yoldan keçmişdir. Əgər hər hansı bir problem olsa ilk olaraq həmin ərazilərdə qeydə alınmalı və nəqliyyat vasitəsi dayandırılmalı idi. Həmin nəzarət sistemlərinin tətbiq edildiyi ərazilərdən keçməyi barədə məhkəmə BDYPİ-nə sorğu göndərə bilər. Əlavə olaraq bildirmişdir ki, son dövrlərdə Qaradağ rayonu, Səngəçal ərazisində olan hərəkət halında çəki ölçmə nəzarət sistemi ilə haqsızlıqla üzləşmiş çoxsaylı şikayətlər kütləvi media orqanlarında, televiziyalarda nümayiş etdirilib. "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 4-cü maddəsinə və İnzibati Xətalar Məcəlləsinin 127-1-ci maddəsinin tələblərinə əsasən nəqliyyat vasitəsi nəzarət məntəqəsində saxlanılmalı və hərəkətinə icazə verilməməli idi. Lakin nəqliyyat vasitəsinin hərəkətinə heç bir əlavə nəqliyyat vasitəsi cəlb edilmədən icazə verildi. Bu da əslində nəqliyyat vasitəsinin icazə verilən çəkidən artıq olmadığının bilindiyini göstərir. İXM-in tələblərinə görə o, öz təqsirsizliyimi sübut etməli deyil. M-2 (Bakı-Ələt-Qazax) yolu üzərində olan digər hərəkət halında çəki ölçmə nəzarət sistemi ilə inzibati xətanın aşkar edilməməsi, çıxış vərəqində göstərilmiş plomblanmış çəkinin 40 tondan az olması, Qaradağ rayonu, Səngəçal qǝsəbəsi ərazisində olan hərəkət halında çəki ölçmə nəzarət sistemindən çoxsaylı şikayətlərin mediada təqdim edilməsi həmin çəki ölçmə nəzarət sisteminin düzgün işləməsi barədə şübhələr yaradır. Konstitusion hüquq olan təqsirsizlik prezumpsiyası prinsipi İXM-in 8-ci maddəsində də təsbit edilib və həmin prinsipə əsasən şübhə inzibati məsuliyyətə cəlb edilmiş şəxsin xeyrinə həll edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən: Təqsirsizlik prezumpsiyası prinsipi 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində Şübhələr onun xeyrinə həll edilir. Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Maddə 134. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestǝ baxılma haqqında qərar 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya proteste baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Maddə 135. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmənin iclasının yeri və vaxtı barədə şikayətçi X2 və DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq şikayətçi və həmin təşkiltdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə şikayətçinin və nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materillarına əlavə edilmiş 13 iyun 2025-ci il tarixli, EQ 28537569 nömrəli qərardan aydın olur ki, X3 13 iyun 2025-cü il tarixdə saat 03:04-də idarə etdiyi «MAN TGS 18.440 4X2» yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərindən görsənir ki, 13 iyun 2025-ci il tarixdə, saat 03:04-də «MAN TGS 18.440 4X2» yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomaşın Bakı şəhəri, Qaradağ ryaonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 43000 kq olmuşdur. Şikayətçinin iş materiallarına əlavə etdiyi xx.xx.2025-ci il tarixli (saat 20:07), S437112 saylı “Arkoz” sement zavodundan verilmiş tərəzi qəbzinə əsasən ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin net çəkisi 27.48 kq olmaqla, ümumilikdə 39.88 kq təşkil etmişdir. Məhkəmə həmin tərəzi qəbzinə münasibətdə isə məhkəmə hesab edir ki, həmin sənəd sübut növü kimi qəbul edilə bilməz. Belə ki, həmin tərəzinin qanunauyğun fəaliyyət göstərməsi sübuta yetirilsə belə yenə də bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki inzibati xəta hadisəsi baş verməmişdən əvvəl avtomobildə olan yükün miqdarının dəyişdirilməsi halı istisna olunmur. Beləliklə, məhkəmə X1 şikayətinin dəlillərini işdə olan sübutlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 13 iyun 2025-cü il tarixdə saat 03:04-də idarə etdiyi «MAN TGS 18.440 4X2» markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir.. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 13 iyun 2025-ci il tarixli, EQ 28537569 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 DİN-in BDYPİ-nin 13 iyun 2025-cü il tarixli, EQ 28537569 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar