Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1444/2023 24.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Əmiraslanova Lalə Əjdər qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 23 iyul 2023-cü il tarixdə, saat 09:00 radələrində Meyvəli Ticarət Mərkəzində vətəndaş X3 məxsus 200 manat dəyərində “Samsung A12” markalı mobil telefonu oğurlamış, bununla da, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-ci PŞ-nin polis sahə rəisi Ə.V.Seyidəliyev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Ə.B.Abbasovun Qaradağ RPİ-nin 10-cu PŞ-yə etdiyi müraciət əsasında araşdırma aparılmış, vurulmuş ziyanın məbləği nəzərə alınmaqla 24 iyul 2023-cü il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Bu səbəbdən də, sonuncunun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində Astara rayonundan Bakı şəhərinə gəlmişdir. Maddi vəziyyəti aşağı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” TM bazasına gəlmişdir. O, sıralarda gəzən zaman Ford Tranzit markalı maşına yaxınlaşdıqda sürücünün ön oturacaqda yatdığını və telefonun onun dizlərinin üstündə olduğunu görmüşdür. O, telefonu götürərək uzaqlaşmaq istəyərkən tanımadığı şəxsin gəldiyini görmüşdür. Həmin şəxs ona yaxınlaşaraq telefonu oğurladığını gördüyünü deyərək telefonu qaytarmağını tələb etmiş, o isə heçnə götürmədiyini demişdir. Daha sonra digər şəxs maşının sürücüsünü oyatmış və baş vermiş hadisəni ona danışmış, sürücü maşından düşərək telefonu ondan istəmişdir. O, baş verənlərdən həyəcanlandığı üçün telefonu yerə atmış və telefonun sahibi onu yerdən götürərək cibinə qoymuşdur. Bundan sonra ərazidə olan polisə baş vermiş hadisə barədə məlumat vermişdir. Hazırda əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Həmçinin bildirmişdir ki, 23 iyul 2023-cü il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuş, 24 iyul 2023-cü il tarixdə saat 10:00-da azad edilərək məhkəməyə gətirilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin rəisi Ramil Salayevə ünvanlanmış 24 iyul 2023-cü il tarixli raportdan görünür ki, X4 xx.xx.2023-ci il tarixdə ərizə ilə 10-cu PŞ-ya müraciət edərək həmin tarixdə saat təxminən 09:00 radələrində Meyvəli TM bazasında olan zaman özünə məxsus Samsung A12 markalı, 150-200 manat dəyəri olan mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Aparılmış zamanı müəyyən olunmuşdur ki, X3 məxsus mobil telefonu oğurlayan şəxs xx.xx.1981-ci il təvəllüdlü Şəxsdur. Şəxs öz izahatında mobil telefonu oğurladığını səmimi şəkildə etiraf etmişdir. X2 müraciəti üzrə araşdırma aparıldıqdan sonra material üzrə cinayət tərkibi yaranmadığı üçün Azərbaycan Respublikasının CPMnin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, oğurluq edən Şəxs əməlində AR İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Beləliklə, toplanmış təhqiqat materialından görünür ki, vətəndaş X2 ərizəsində göstərilən xüsusatlarda talanmış əmlakın dəyəri 150-200 manat təşkil etdiyi üçün, əməli törətmiş Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkibi yaranmır, ona görədə cinayət işinin başlanması rədd edilmişdir. Hadisəni törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkib əlaməti olduğundan həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə inzibati icraat açılması üçün Qərarın bir surəti 10-cu PŞ-nin rəhbərliyinə raportla məruzə olunmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan 24 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 iyul 2023-cü il tarixdə, saat 09:00 radələrində Meyvəli Ticarət Mərkəzində vətəndaş X3 məxsus 200 manat dəyərində “Samsung A12” markalı mobil telefonu oğurlamış, bununla da, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs 23 iyul 2023-cü il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuş, 24 iyul 2023-cü il tarixdə saat 10:00-da azad edilmişdir. İş materiallarında olan X4 tərəfindən verilmiş 23 iyul 2023-cü il tarixli ərizədən görünür ki, ona məxsus olan Samsung A12 marklaı mobil telefonu oğurlayan Şəxs telefonu qaytarmasına baxmayaraq, ondan şikayətçidir. Buna səbəb isə onun telefonu tutulandan sonra qaytarması olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni 23 iyul 2023-cü il tarixdə saat 12:00dan hesablanmalıdır. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 23 iyul 2023-cü il tarixdə saat 12:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1444/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1444/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver