Məhkəmə qərarları › İş №3(002)-1444/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1444/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1444/2025 15.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1999-cu ildə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Azər Baxşıyev küçəsi, ev 17-də kirayədə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci və 515.0.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-sı tərəfindən vətəndaş Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci və 515.0.3-cü maddələri ilə 15 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq ona əlavə edilmiş materiallar ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 15 iyul 2025-ci il tarixli, MN ******* saylı protokoldan aydın olur ki, Şəxs 16 iyun 2025-ci il tarixdə, ünvan 3 ünvanında dini mərsimlərin təşkilinin qanunla müəyyən edilmiş qaydalarını pozmuş və uşaqlar üçün xüsusi yığıncaqlar keçirmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi, polis mayoru X5 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, 16 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin, Qaradağ RPİ-nin, eləcə də Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşlarının keçirdikləri birgə tədbir nəticəsində ünvan 3 ünvanında evin sahibi X7 razılığı ilə evə baxış keçirilən zaman həmin evin 3 mərtəbədən 10 otaqdan ibarət olması, həmin evin "Hilal Təhsil Mərkəzi" adı altında fəaliyyət göstərməsi, evin mərtəbə və otaqlarına baxış zamanı çoxsaylı dini təlimlərdə, dini təbliğatda istifadə olunan və dini ədəbiyyata aid 122 kitab və sair predmentlər aşkar edilərək götürülmüşdür. Qeyd edilən məlumat Qaradağ RPİ-nin 10 PŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 1857 sayı ilə qeydə alınaraq araşdırılma aparılmış və toplanmış material üzrə 27 iyun 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İbtidai araşdırma zamanı müəyyən edilmişdir ki, X4, X13, X2, X9 və Şəxs dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozmuş və dini ayinlərin icrası ilə əlaqədar olmayan qruplar təşkil edərək Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Hilal” təhsil mərkəzində dini fəaliyyət qaydasını pozmuşlar. Odur ki, inzibati protkolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, o, "Hilal Təhsil Mərkəzi"ndə qeyrirəsmi olaraq 500 manat məvacib qarşılığında sürücü kimi fəaliyyət göstərir. Əsas işi mərkəzdə təhsil alan uşaqları idman komplekslərinə və digər əyləncə mərkəzlərinə aparmaqdan ibarətdir. Mərkəzdə həm dünyəvi, həm də dini dərslərin də keçirildiyindən xəbəri vardır. Özü əvvəllər Türkiyə Respublikasında Quran kursu keçdiyindən qeyd olunan mərkəzdə quran dərslərini tədris edən müəllim olmaqdıqda bir neçə dəfə onu əvəz etmişdir. Mərkəzin işçilərinin dərs zamanı paylaşdığı fikirlər onun istər siyasi, istərsə də dini mövzularda olan fikirlərini əks etdirmir. Odur ki, əməlində hər hansı inzibati xəta tərkibinin olmadığını qeyd edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində onun dini yığıncaqlar keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması və ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkili tərkibi olduğundan o, İXM-nin 515.0.2-ci və 515.0.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin İŞ-nin mütəntiqi, polis kapitanı X3 “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 27 iyun 2025-ci il tarixli qərarının nəticə hissəsindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, X4, X13, X2, X10 və Şəxs barələrində Azərbaycan Respublikası İXM-nin 515.0.2 və 515.0.3-cü maddələri ilə inzibati qaydada tadbir görülməsindən ötrü Qaradağ RPİ-nin 10-cu PŞ-nə göndərilməsi, qərarın surətinin məlumat üçün Qardağ rayon prokuroruna göndərilməsi və toplanmış material saxlanılması üçün RPİ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına; 515.0.3. ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə; görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq hesab edir ki, onun barəsində İXM 515.0.2-ci və 515.0.3-cü maddələrində nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci və 515.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar