Məhkəmə qərarları › İş №3(002)-1446/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1446/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1446/2025 30.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 10 avqust 1992-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2 və 515.0.3-cü maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozması, uşaqlar üçün xüsusi yığıncaqların keçirilməsi, dini ayinlərin icrası ilə əlaqədar olmayan qruplar təşkil edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Hilal Təhsil Mərkəzində dini fəaliyyət qaydasını pozması faktı aşkar edilmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2 və 515.0.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq inzibati protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə inzibati protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında protokola etiraz etdiyini qeyd edib, izahatında bildirmişdir ki, protokolda qeyd olunan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Hilal” Təhsil Mərkəzində ingilis dili müəllimi kimi çalışır. Bildirir ki, işlədiyi kursun əsas məqsədi ali məktəblərə qəbul üçün uşaqların hazırlanmasıdır. Əlavə olaraq valideynlərin tələbi əsasında uşaqlara ərəb dilini və quran oxumağı öyrədib, onların təlim-tərbiyəsi ilə də məşğul olurlar. Son olaraq məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq kursun fəaliyyəti ilə bağlı rəsmi icazələrinin olmadığını bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən inzibati protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, 16 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin, Qaradağ RPİ-nin, eləcə də Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşlarının keçirdikləri birgə tədbir nəticəsində ünvan 2 ünvanında evin sahibi X5 razılığı ilə evə baxış keçirilən zaman həmin evin 3 mərtəbədən 10 otaqdan ibarət olması, həmin evin "Hilal Təhsil Mərkəzi" adı altında fəaliyyət göstərməsi, evin mərtəbə və otaqlarına baxış zamanı çoxsaylı dini təlimlərdə, dini təbliğatda istifadə olunan və dini ədəbiyyata aid 122 kitab və sair predmentlər aşkar edilərək götürülmüşdür. Qeyd edilən məlumat Qaradağ RPİ-nin 10 PŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 1857 sayı ilə qeydə alınaraq araşdırılma aparılmış və toplanmış material üzrə 27 iyun 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İbtidai araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs, X9, X1, X6 və X8 dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozmuş və dini ayinlərin icrası ilə əlaqədar olmayan qruplar təşkil edərək Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Hilal” təhsil mərkəzində dini fəaliyyət qaydasını pozmuşlar. Odur ki, inzibati protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanması haqqında görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs, X9, X1, X6 və X3 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2 və 515.0.3-cü maddələri ilə inzibati qaydada tədbir görülməsindən ötrü Qaradağ RPİ-nin 10-cu PŞ-nə göndərilməsi qərara alınmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 515.0.2 və 515.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsini etiraf etməsə də, onun əməli tədqiq olunmuş digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə - fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 515.0.3-cü maddəsinə əsasən ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə görə - fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. 6-1-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur. Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçirilir və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. 30-cu maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli raport, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2 və 515.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2 və 515.0.3-cü maddələrinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2 və 515.0.3cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar