Məhkəmə qərarları › İş №3(002)-1449/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1449/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1449/2025 15.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X1 iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Astara rayonu, Vaqo kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, (FİN: xxxxxxx), evli, orta təhsilli, Astara rayonu, Vaqo kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında 15 iyul 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən, Şəxs 15 iyul 2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə polis əməkdaşlarına yaxınlaşıb nalayiq söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 15 iyul 2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ictimai qaydanı səs-küy yaratmaqla nalayiq söyüşlər söyərək kobud surətdə pozmuş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bu səbəbdən onun barəsində təqdim olunmuş raport əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması barədə müvafiq protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib etdiyi protokolu müdafiə edir, Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, Lökbatan dairəsi istiqamətində hərəkətdə olan zaman sağ tərəfdə olan avtomobil dönmə işığını yandırmadan riskli ötmə əməliyyatı edib qəza şəraiti yaratmışdır. Bu zaman idarəetməni itirmədən qəzadan yayınaraq yaxınlıqda olan yanacaq doldurma məntəqəsində avtomobilini saxlamışdır. Bundan sonra yol polis əməkdaşlarına yaxınlaşaraq onlara öz xidməti vəzifələrini düzgün yerinə yetirmədiklərinə, qayda pozuntusu törətmiş sürücünü saxlamadıqlarına görə öz iradını bildirmək istədikdə aralarında mübahisə yaranmış, o da öz növbəsində dövlət orqanlarına şikayət edəcəyini bildirmişdir. O, polisə qarşı nalayiq ifadə işlətməmiş, tabesizlik göstərməmişdir. Odur ki, heç bir hüquq pozuntusuna yol vermədiyini, ailə vəziyyətini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, bildirmişdir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuşdur. Polis əməkdaşları tərəfindən döyülməyə və fiziki zorakılığa məruz qalmışdır. Əlilliyi olan şəxs deyildir. Məhkəmə iclasında iştirak edən X3 izahatında bildirmişdir ki, günorta saatlarında avtomobilinə yazılan cərimələri öyrənmək məqsədilə Qaradağ rayon X15 Şöbəsinə getmişdir. Bu zaman şöbədə olarkən səs-küy eşitmiş, vətəndaşın yol polisinə şillə vurduğunu görmüşdür. Daha sonra həmin şəxs özünə xəsarətlər yetirəcəyini, hadisəni ictimailəşdirib onları çətin vəziyyətdə qoyacağına dair əməkdaşlara hədə-qorxu gəlmişdir. Onun aqressiv hərəkətləri şöbədə olan insanların narahatlığına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ üzrə inspektoru X2 izahatında bildirmişdir ki, 15 iyul 2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində əməkdaşlarla birgə xidmət aparılan zaman vətəndaş onlara yaxınlaşaraq “görmürsünüz avtomobil məni vurmuşdu, siz korsunuz, hara baxırsınız, hamınız beləsiniz” kimi polisin nüfuzuna xələl gətirən ifadələr işlətmişdir. O, vətəndaşı sakitləşdirib vəziyyətə aydınlıq gətirmək istəsə də, Şəxs ictimai ərazidə yüksək səslə nalayiq ifadələr işlətməyə davam etmiş, nizam intizama dəvət edilsə də tabesizlik göstərib öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra vətəndaş şöbəyə gətirilmiş, şöbədə olan zaman o, aqrsesiv hərəkətlərini davam etdirib əməkdaşları təhqir edərək onlara hücum etmiş, şöbənin iş rejimini pozmuşdur. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ üzrə inspektoru X6 izahatında göstərdi ki, 15 iyul 2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə əməkdaşlarla birgə xidmət aparılan zaman vətəndaş yaxınlaşıb yolda təhlükəli manevr edən avtomobili niyə görə saxlamadıqlarını, əgər bu hərəkəti o etsəydi, ondan pul tələb olunacağını, polislərin hamısının soyğunçu olduğunu, hadisəni ictimailəşdirib onları işdən çıxartdıracağını, ona yalvarmalı olacaqlarını bildirmişdir. Nizam intizama dəvət edilməsinə baxmayaraq ictimai ərazidə yüksək səslə, polis əməkdaşlarının nüfuzunu aşağı salacaq nalayiq sözlər işlətməyə davam etmiş, polisin qanuni tələblərinə tabesizlik göstərmişdir. Məhkəmənin suallarına cavab olaraq, Şəxs fiziki zorakılıq göstərilmədiyini, ona qarşı nalayiq ifadə işlətmədiklərini, onun əsassız səbəbdən mübahisə yaradıb aqressiv davranışlar göstərdiyini, sonradan onun müxtəlif vaxtlarda da əsassız olaraq polislərə yaxınlaşıb hədə-qorxu gəldiyinin müəyyən edildiyini, şöbəyə gətirildikdən sonra özünə xəsarətlər yetirməyə başladığı üçün çevik polisi çağırmağa məcbur qaldıqlarını, sonuncunun hərəkətlərinin həmin vaxt şöbədə olan vətəndaşların narahatlığına səbəb olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X7 bildirdi ki, Şəxs digər şəxsin yol verdiyi qanun pozuntusu ilə əlaqədar polis əməkdaşlarına sadəcə irad bildirmək istəmiş, bundan sonra mübahisə yaranmış, o, əvvəlcə X13 İdarəsinin yol polis şöbəsinə, daha sonra isə 10cu polis şöbəsinə gətirilmişdir. İstər hadisə olan ərazidə, istərsə də şöbədə olan kamera görüntülərini inzibati orqan məhkəməyə təqdim etməmişdir. Şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyil, bu yük inzibati orqanın üzərinə düşür. Hazır ki halda, hüquqlarını müdafiə etdiyi şəxsin istinad edilən inzibati xəta törətməsinə dair əsaslı sübut mövcud olmadığını, eyni zamanda onun ailə vəziyyətini, atasının əlil olmasını və üç övladının olduğunu nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialında olan 15 iyul 2025-ci il tarixli Qaradağ RPİ-nin 10-cu PŞ-nə ünvanlanmış raportlardan görünür ki, 15 iyul 2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində əməkdaşlarla ilə birgə xidmət aparılan zaman vətəndaş yaxınlaşıb onların xidməti fəaliyyətinə maneə olmaqla “avtomobilin məni vurmuşdu, siz korsunuz görmürsünüz, hamınız beləsiniz” kimi polisin nüfuzuna xələl gətirən ifadələr işlədib əsassız mübahisə yaratmışdır. Vətəndaşı sakitləşdirib vəziyyətə aydınlıq gətirmək istəsələr də, Şəxs yüksək səslə, ictimai ərazidə onlarn və digər polis əməkdaşlarının nüfuzunu aşağı salacaq nalayiq ifadələr işlətməyə davam etmiş, nizam intizam dəvət edilməsinə baxmayaraq qanunsuz hərəkətlərini davam etdirib, polisə tabesizlik göstərmişdir. Odur ki, ictimai qaydanı pozub, polisin qanuni tələbini yerinə yetirmədiyinə və xidməti fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlər etdiyinə görə Şəxs barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materialında olan 15 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 15 iyul 2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə səs-küy yaratmaqla nalayiq söyüşlər söyərək və ictimai qaydanı kobud surətdə pozaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Şəxs əvvəllər də analoji inzibati xəta əməllərinə yol verdiyinə görə dəfələrlə inzibati məsuliyyətə cəlb edilmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində polis əməkdaşlarına yaxınlaşıb əsassız səbəbdən mübahisə yaradıb nalayiq söyüşlər söyərək ictimai qaydanı kobud surətdə pozmuş və onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə Şəxs izahatında özünü təqsirli bilməməsi, heç bir inzibati xətaya yol verməməsi barədə bildirdiklərini işin faktiki hallarına uyğun hesab etmir və onun müdafiə mövqeyinə söykənən, həqiqəti əks etdirməyən, inzibati məsuliyyət yayınmaq məqsədilə verilmiş izahat kimi qiymətləndirir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdiyi izahatları, inzibati xəta haqqında protokol, işə əlavə olunmuş raportlar və digər iş materialları ilə onun ictimai qaydanı pozması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin, polis əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməsi, onların göstərişinə tabe olmamayaraq həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs inzibati məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən səlahiyyətli şəxsin hüquqazidd hərəkəti dayandırmağı tələb etməsinə baxmayaraq, Şəxs tərəfindən həmin hərəkətləri davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, əvvəllər də dəfələrlə analoji əməllərə görə inzibati məsuliyyətə cəlb edilməsini, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin hüquqlarının faktiki məhdudlaşdırıldığı andan, yəni 15 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və və 535.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 15 iyul 2025-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə və Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar