Məhkəmə qərarları › İş №3(002)-1454/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1454/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1454/2021 06.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, rəsmi qaydada işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2n Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı 05 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 05 dekabr 2021-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsində xüsusi karantin rejiminin qaydalarını pozaraq “xınayaxdı” məclisi keçirmişdir. Buna görə də onun barəsində özünün iştirakı ilə İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 05 dekabr 2021-ci il tarixdə saat təxminən 16:30 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsində yerləşən “Bulvar” kafesində karantin rejim qaydasını pozaraq xınayaxdı mərasimi keçirmişdir. Buna görə də 05 dekabr 2021-ci ildə Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan kafe, barəsində protokol tərtib edilmiş Şəxs məxsus olmamaqla onun həmin kafeni hər hansı hüquqi sənədlə idarə etməsi müəyyən edilməmişdir. Hazırda da inzibati protkolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, rəsmi heç bir yerdə işləməməklə heç bir sahibkarlıq fəaliyyəti ilə də məşğul olmur. Təxminən bir ay bundan əvvəl dostu Sahil qəsəbəsində kafe-çayxana açmış və müvafiq sənədlər hazırlananadək həmin kafe-çayxanaya nəzarət etməyi qeyri-rəsmi olaraq ona həvalə etmişdir. 05 dekabr 2021-ci il tarixdə Sahil qəsəbə sakini bir nəfər qadın ona yaxınlaşaraq atası və anası olmayan bacısı qızına beş-on nəfər qadının iştirakı ilə “xınayaxdı” mərasiminin keçilməsi üçün həmin kafedən istifadə etmələrinə icazə verilməsini xahiş etmişdir. O da heç bir təmənna güdmədən humanistlik edərək buna etiraz etməmişdir. Bundan sonra ona məlum olmayan səbəbdən məclisinə gələnlərin sayı bir az artıq olmuşdur. Kafe fəaliyyət göstərmədiyi üçün gələn şəxslərə heç bir xidmət göstərilməmişdir. Hal-hazırda törətdiyi əməldən peşiman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, karantin rejimini bilərəkdən pozmamasını nəzərə alıb barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbqi edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən edilmişdir ki, Şəxs hər-hansı bir hüquq müəyyənedici sənəd olmadan və hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadan qeyri-rəsmi olaraq Sahil qəsəbəsində yerləşən “Bulvar” kafesi kimi adlanan sahədən kənar şəxslərin karantin rejimi qaydalarını pozmaqla istifadə etməsinə şərait yaratmışdır. Bununla da o İXM-nin 211.1-ci maddəsinin tələblərini pozmaqla fiziki şəxs kimi inzibati xəta törətmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs vəzifəli şəxs statusunda deyildir. Həmin Məcəllənin 211.1-ci maddəsində göstərilir ki: epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz ) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar