Məhkəmə qərarları › İş №3(002)-1459/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1459/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1459/2023 26.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X1, Qaradağ rayon İcra şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 17 dekabr 1977-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 5000 ABŞ dolları və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı X2 xeyrinə ödənilməsinə dair Füzuli rayon məhkəməsinin 2(064)-138/2021 saylı 08 fevral 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan MN serialı ******* saylı 26 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru X7 məhkəmə iclasında bildirmişdir ki, icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmış, lakin icra sənədi onun tərəfindən icra edilməmişdir. Belə ki, borcluya rəsmi xəbardarlıq olunmasına baxmayaraq icra şöbəsinə gəlməmişdir. Borclu borcundan bu günə qədər 1000 manat ödəniş etmişdir. Hazırda borclu məhkəmə qətnaməsini uzun müddətdir ki, icra etməmişdir. Bununla da, borclu Şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərini özündə əks etdirən inzibati xətanı törətdiyi üçün barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, hal-hazırda yanacaqdoldurma məntəqəsində operator işləyir. 350 manat maaş alır, 80 manat isə müharibə iştirakçısına görə alır. Başqa gəlirləri yoxdur. 12 iyul 2023-cü il tarixdə borcundan 1000 manat ödəniş etmişdir. Qalan borcunu da hər ay 400 manat ödəyib bağlacaq. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında tələbkar X3 bildirmişdir ki, Şəxs bu günə qədər borcundan cəmi 1000 manat ödəmişdir. Borcunu tam tələb edir. Hissə-hissə ödənişi qəbul etmir. Barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati protokol tərtib edilərkən Şəxs borc öhdəliyini vaxtında icra etmək imkanına sahib olub-olmadığı araşdırılmamış və onun qətnaməni üzürsüz səbəbdən icra etməməsi barədə səhv qənaətə gəlinmişdir. Bundan başqa Şəxs qəsdən olaraq qətnamənin icrasından boyun qaçırmamış və o, 12 iyul 2023-cü il tarixdə borcundan 1000 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə borclu Şəxs qəsdən olaraq qətnamənin icrasından boyun qaçırmamışdır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzürsüz səbəbdən qərəzli şəkildə icra etməməklə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, başlanmış inzibati xəta barədə icraata xitam verilməlidir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü, 115-ci, 128-130 maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar