Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1462/2024 28.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 06 fevral 2024-cü il tarixli, 00800-00107/24 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3100/012/000549 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən "xxxx" MMC tərəfindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin müvəkkil bankın hesabına köçürülməsi haqqında hüquqi şəxsin ünvanına 3-33-3100/2-006093/2023 nömrəli xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir. Lakin, cəmiyyət tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün esas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bayan olunduğu gündən Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal- ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Eyni zamanda qeyd edilmişdir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Gömrük xidmətinin X1 Sisteminin (VAİS) "Konsiqnasiya əməliyyatları üzrə hesabat" bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Hava Neqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli **********2883 vǝ xx.xx.2023-cü il tarixli **********8325 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli olan ümumi məbləğ 10388,91 ABŞ dolları təşkil edir. "xxxx" MMC-nin ixrac gömrük proseduru altında rəsmiləşdirdiyi mallara dair təqdim olunan xx.xx.2023-cü il tarixli **********2883 va xx.xx.2023-cü il tarixli **********8325 sorğu nömrəli gömrük bəyannamələrinin 20-ci qrafasının üçüncü yarımbölməsində qarşılıqlı hesablaşmanı üsulu "002 malın dəyəri mal ixrac olunduqdan sonra ödənilmək yolu ilə" qeyd olunmuşdur. Belə ki, "xxxx" MMC (Satıcı) ilə müvafiq olaraq Alıcılar "X3 Kanada" və "E.C.S. Elektrik Enjeksiyon və Kablo Sistemləri Sanayi Ticarət A.Ş Türkiyə" tərəfindən qaytarılmamış xarici valyuta vəsaitlərinin (10388,91 ABŞ dolları) Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqpozmanın törədildiyi günlərdə olan ABŞ dollarının rəsmi məzənnəsinə (1 ABŞ = 1.7000 AZN) uyğun olaraq dəyəri 17.661,14 manat təşkil etmişdir və həmin məbləğ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin qeydinə əsasən az miqdar hesab olunur. Beləliklə, "xxxx" MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3100/012/000549 nömrəli xx.xx.2024-cü il tarixli raport, xx.xx.2023-cü il tarixli **********2883 və xx.xx.2023-cü il tarixli **********8325 sorğu nömrəli gömrük bəyannamələri, VAİS informasiya resursuna baxış protokolu və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmənin 04 iyun 2024-cü il tarixli iclasında iştirak edən hüquqi şəxs Şəxs MMCnin direktoru X2 öz izahatında göstərmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən direktoru olduğu şirkət tərəfindən xx.xx.2023-cü il tarixli **********2883 nömrəli gömrük bəyannaməsi üzrə Türkiyə Respublikasına və xx.xx.2023-cü il tarixli **********8325 sorğu nömrəli gömrük bəyannaməsi ilə Kanadaya ixrac olunmuş malların dəyərinin şirkətin bank hesabına-ölkəyə qaytarılmamasından xəbərdar olduqdan dərhal sonra malları ixrac etdiyikləri şirkətlərlə əlaqə saxlamış, dərhal ixrac olunmuş malların qarşılığında ödənişləri şirkətin hesabına ödəməli olduqlarını bildirmişdir. xx.xx.2023-cü il tarixli **********8325 sorğu nömrəli gömrük bəyannaməsi ilə Kanadada yerləşən "X3 Kanada" adlı şirkətə ixrac olunmuş malların qarşılığında 4581 (dörd min beş yüz səksən bir) avro ödənişi xx.xx.2024-cü il tarixində şirkətin bank hesabına köçürmüşlər. xx.xx.2023-cü il tarixli **********2883 nömrəli gömrük bəyannaməsi üzrə Türkiyə Respublikasında yerləşən "E.C.S. Elektrik Enjeksiyon və Kablo Sistemləri Sanayi Ticaret A.Ş Türkiyə" adlı şirkətə ixrac olunmuş malların qarşılığında 4975 (dörd min doqquz yüz yetmiş beş) avro ödənişi xx.xx.2024-cü il tarixində şirkətin bank hesabına köçürmüşlər. O öz izahatında daha sonra dəfələrlə ixrac olunmuş şirkətlərlə əlaqə saxlanıldığını, lakin həmin şirkətlərin səhlənkarlığı ucbatında ixrac olunmuş malların dəyərinin şirkətin hesabına vaxtında köçürülmədiyini bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada təkrarən məlumat verilməsinə baxmayaraq, həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tələblərinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsin nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: AZ1023, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal ŞTQ, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta dəyəri olan 17661,14 (on yeddi min altı yüz altmış bir manat on dörd qəpik) manat məbləğinin 30 faizi miqdarında, yəni 5298.34 (beş min iki yüz doxsan səkkiz manat otuz dörd qəpik) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1462/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1462/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver