Məhkəmə qərarları › İş №3(002)-1463/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1463/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1463/2024 05.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs təsisçisi Mortaza Khaninin iştirakları ilə, Şəxs bundan sonra - (Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4, 482.1 və 482.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4, 482.1 və 482.2-ci maddələri ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə EP ******* saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs (VÖEN:**********) ünvanına İran İslam Respublikasından 90ZF646/99ZC639 nömrəli yük nəqliyyat vasitəsi ilə idxal edilmiş və Sumqayıt Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********7665 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmiş mallara Xocəsən gömrük terminalında gömrük yoxlaması tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli gömrük yoxlaması zamanı **********7665 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsınin 1-ci mal mövqeyində netto çəkisi 2200 kq kimi bəyan edilmiş "plastik şəffaf qablar" adlı malların netto çəkisinin 8682 kq olduğu, yəni netto çəkisi 6482 kq olan ümumilikdə 105 kardon qutuda qablaşdırılmış 10500 ədəd şəffaf qapaqlı plastik birdəfəlik qablar", 130 kisədə qablaşdırılmış 52000 ədəd ağ rəngli qapaqsız plastik birdəfəlik qablar və 410 kisədə qablaşdırılmış ümumilikdə 41000 ədəd "ağ rəngli qapaqlı stəkanlar yükünün artıq olduğu, 2-ci mal mövqeyində netto çəkisi 5750 kq kimi bəyan edilmiş "birdəfəlik kağız qapaqlar" adlı malların netto çəkisinin 1650 kq olduğu, yəni sözügedən malın gömrük orqanına bəyan ediləndən 4100 kq az olduğu, 3-cü mal mövqeyində netto çəkisi 8550 kq, qalınlığı 23 mikron polietilen şəffaf torbalar" kimi bəyan edilmış torbaların netto çəkisinin 3550 kq və mikrometr cihazı vasitəsi ilə ölçülməsi zamanı qalınlığının 15 mikrondan az olduğu, yəni, netto çəkisi gömrük orqanına bəyan ediləndən 5000 kq az olmaqla üzərində "Jaha" sözləri yazılmış netto çəkisi 310 kg, qalınlığı 10 mikron, üzərində "Freezer Bag" sözləri yazılmış netto çəkisi 550 kq, qalınlığı 10 mikron, üzərində "Nasim" sözləri yazılmış netto çəkisi 570 kq, qalınlığı 10 mikron, üzərində "Jamil sözləri yazılmış netto çəkisi 1210 kq, qalınlığı 10 mikron, üzərində heç bir marka göstəriciləri olmayan netto çəkisi 910 kq, qalınlığı 10 mikron olan polietilen torbalar yükləri olduğu, 4-cü mal mövqeyində netto çəkisi 600 kq "birdəfəlik alüminium qablar" kimi bəyan edilmiş malların netto çəkisinin 1200 kq olduğu, yəni netto çəkisi 600 kq, üzərində 1000 pcs sözləri yazılmış 70 kardon qutuda qablaşdırılmış ümumilikdə 70000 apded "birdəfəlik alüminium qabların artıq olduğu, 5-ci mal mövqeyində netto çəkisi 380 kq "nişasta əsaslı bioplastik qaşıq və çəngəllər kimi bəyan edilmiş malların netto çəkisinin 2810 kq olduğu, yəni netto çəkisi 2430 kq artıq olmaqla 243 kardon qutuda qablaşdırılmış hər qutuda 2000 ədəd olmaqla ümumilikdə 486000 ədəd "nişasta əsaslı bioplastik qaşıq və çəngəllər yükünün artıq olduğu aşkar edilmişdir. Eyni zamanda 90ZF646/99ZC639 nömrəli nəqliyyat vasitəsinin yük yerindən gömrük orqanına bəyan olunmayan 30 kardon qutu, hər qutuda 100 bağlama olmaqla ümumilikdə 3000 polietilen bağlamada qablaşdırılmış üzərində "Abedin" markalanma göstəriciləri olan əlcəklər və üzərində heç bir markalanma göstəriciləri olmayan 48 kardon qutu, hər qutuda 16 rulon olmaqla ümumilikdə 768 rulon "alüminium falqa" yükləri aşkar edilmişdir. X2 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən netto çəkisi 1210 kq olan üzərində "Jamil" sözləri yazılmış polietilen torbaların qalınlığının 15.3 mikron olduğu, çəkisi 910 kq olan heç bir marka göstəriciləri olmayan polietilen torbaların qalınlığının 26 mikron olduğu və digər göstərilən polietilen torbaların qalınlığının isə 15 mikrondan az olduğu müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 30 aprel 2024-cü il tarixli 3-16-16/2-9/2619/2024 nömrəli məktubla 9/2619 nömrəli ekspert rəyinə əsasən gömrük yoxlaması zamanı aşkar edilmiş gömrük orqanına düzgün bəyan edilməmiş 10500 ədəd "şəffaf qapaqlı plastik birdəfəlik qablar" yükünün, 52000 ədəd "ağ rəngli qapaqsız plastik birdəfəlik qablar" yükünün, 41000 ədəd "ağ rəngli qapaqlı stəkanlar" yükü, 70000 ədəd birdəfəlik alüminium qablar" yükünün, 486000 ədəd "nişasta əsaslı bioplastik qaşıq və çəngəllər" yükünün orta bazar dəyəri 25440 (iyirmi beş min dörd yüz qırx manat) manat, gömrük orqanına bəyan edilməyən 300 bağlama üzərində "Abedin" markalanma göstəriciləri olan əlcəklər yükünün və 768 rulon üzərində heç bir markalanma göstəriciləri olmayan "alüminium falqa" yükünün orta bazar dəyəri 3822 (üç min səkkiz yüz iyirmi iki mant) manat müəyyən edilmişdir. Ümumilikdə isə gömrük orqanına düzgün bəyan olunmayan və bəyan olunmayan malların orta bazar dəyəri 29262 (iyirmi doqquz min iki yüz altmış iki manat) manat olaraq müəyyən edilmişdir. Beləliklə, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4, 482.1 və 482.2-ci maddələrinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs təsisçisi Mortaza Khani izahatında bildirmişdir ki, sözügedən yükün çəkisi invoys sənədində texniki səhvlə qeyd edilmişdir. Bundan başqa o, qeyd etmişdir ki, vizual baxışla da polietilen torbaların qalınlığının 15 mikrondan az olduğunu müəyyən etmək mümkün idi. Qalınlığı 15 mikrondan az olan torbaların idxal olunması barədə mövcud olan qadağadan məlumatsız olmuşlar. Protokola etirazı yoxdur. Hüquqi şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1 protokola uyğun izahat verərək, hüquqi şəxs barəsində qanuni tədbirlərin görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan X2 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən netto çəkisi 1210 kq olan üzərində "Jamil" sözləri yazılmış polietilen torbaların qalınlığının 15.3 mikron olduğu, çəkisi 910 kq olan heç bir marka göstəriciləri olmayan polietilen torbaların qalınlığının 26 mikron olduğu və digər göstərilən polietilen torbaların qalınlığının isə 15 mikrondan az olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 30 aprel 2024-cü il tarixli 9/2619 nömrəli ekspert rəyinə əsasən gömrük yoxlaması zamanı aşkar edilmiş gömrük orqanına düzgün bəyan edilməmiş 10500 ədəd "şəffaf qapaqlı plastik birdəfəlik qablar" yükünün, 52000 ədəd "ağ rəngli qapaqsız plastik birdəfəlik qablar" yükünün, 41000 ədəd "ağ rəngli qapaqlı stəkanlar" yükü, 70000 ədəd birdəfəlik alüminium qablar" yükünün, 486000 ədəd "nişasta əsaslı bioplastik qaşıq və çəngəllər" yükünün orta bazar dəyəri 25440 (iyirmi beş min dörd yüz qırx manat) manat, gömrük orqanına bəyan edilməyən 300 bağlama üzərində "Abedin" markalanma göstəriciləri olan əlcəklər yükünün və 768 rulon üzərində heç bir markalanma göstəriciləri olmayan "alüminium falqa" yükünün orta bazar dəyəri 3822 (üç min səkkiz yüz iyirmi iki mant) manat müəyyən edilmişdir. Ümumilikdə isə gömrük orqanına düzgün bəyan olunmayan və bəyan olunmayan malların orta bazar dəyəri 29262 (iyirmi doqquz min iki yüz altmış iki manat) manat olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Məhkəmə iş üzrə tərəfin izahatlarını dinləyib, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Şəxs MMC barəsində daxil olmuş EP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu və inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 275.4, 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, ölkə ərazisinə gətirilən məhsullara dair bəyannamədə qeyd olunan çəki həmin məhsulun faktiki çəkisi ilə (netto) uyğunluq təşkil etməli və məlumat məhsul gömrük orqanına daxil olanadək verilməlidir. Lakin, hazırkı iş üzrə bəyannamədə qeyd olunan məlumatlar yanlış daxil edilməklə gömrük orqanına təqdim olunmuşdur. Həmçinin, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı həyata keçirilmişdir. Eyni 30 kardon qutu, hər qutuda 100 bağlama olmaqla ümumilikdə 3000 polietilen bağlamada qablaşdırılmış üzərində "Abedin” markalanma göstəriciləri olan əlcəklər və üzərində heç bir markalanma göstəriciləri olmayan 48 kardon qutu, hər qutuda 16 rulon olmaqla ümumilikdə 768 rulon "alüminium falqa" ümumiyyətlə bəyan olunmamışdır. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4, 482.1 və 482.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, həmin Məcəllənin 34.3-cü maddəsinin tələbi nəzərə alınaraq, hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin 30 faizi miqdarında cərimə edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4, 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyəri 25440 manatın 30 faizi həddində, yəni 7632 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar