Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1466/2023 22.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 25 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallarından aydın olur ki, "xxxx" MMC, 11 iyul 2023-cü il tarixli, 3-44-1/2-2-6757/23 nömrəli məktubda qeyd olunan müraciətlər əsasında idxal etdiyi qida məhsullarını 20 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu, 57 ünvanında sertifikat olmadan satmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin “İdxal və ixraca nəzarət sektoru”nun məsləhətçisi və həmin qurumun etibarnamə üzrə nümayəndəsi X2 öz izahatında tərtib edilmiş protokolu müdafiə edərək göstərmişdir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatı verilməsi üçün müracət edilmiş, həmin (İD ********** nömrəli) müraciətdə 1959 sayda kisədə ərzaqlıq kartof məhsullarının Belarus Republikasından ölkəyə idxal ediləcəyi göstərilmişdir. 11 iyul 2023-cü il tarixdə AQTA-nın Bakı Regional Bölməsi "xxxx" MMC-yə yazılı müraciət edərək "xxxx" MMC tərəfindən həmin məhsul partiyası (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması) barədə məlumatların 20 iyul 2023-cü il tarixinədək Agentliyin Bakı Regional Bölməsinə təqdim edilməsi xahiş edilmişdir. Qeyd olunan müraciətə müvafiq qaydada cavab verilmədiyindən 20 iyul 2023-cü il tarixdə 3-44-1/2-2-7297/23 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlanması barədə bildiriş göndərilmişdir. Bildirişdə hüquqi şəxsin nümayəndəsinin 25 iyul 2023-cü il tarixdə, saat 10:30-da AQTAnın Bakı Regional Bölməsinə gəlməsi, işə baxılmasına gəlmədikləri təqdirdə onların iştirakı olmadan İXM-nin 99.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı qeyd edilmişdir. Lakin bu bildirişə də "xxxx" MMC tərəfindən cavab verilməmişdir. Nəticədə "xxxx" MMC barəsində MN ******* saylı, 25 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, bütün bunların nəzərə alınaraq "xxxx" MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə "xxxx" MMC-yə rəsmi qaydada təkrarən məlumat verilsə də, qeyd olunan təşkilatlardan nümayəndə məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 11 iyul 2023-cü il tarixli, 3-44-1/2-2-6757/23 nömrəli AQTA-nın Bakı Regional Bölməsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubda ölkəyə idxal olunmuş qida məhsulları partiyası (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanması) barədə məlumatların 20 iyul 2023-cü il tarixədək təqdim edilməli olduğu, qeyd olunan müddət ərzində məlumat verilmədiyi təqdirdə isə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi və MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı qeyd edilmişdir. Bundan başqa iş materiallarında olan 20 iyul 2023-cü il tarixli, 3-44-1/2-2-7297/23 nömrəli, “İnzibati xəta haqqında iş üzrə icraata başlanması” haqqında bildirişdə də "xxxx" MMC-nin nümayəndəsinin 25 iyul 2023-cü il tarixdə, saat 11:30-da AQTA-nın Bakı Regional Bölməsinə gəlməyinin zəruri olduğu, əks təqdirdə İXM-nin 99.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC, AQTA-nın Bakı Regional Bölməsi tərəfindən onlara ünvanlanmış müraciətlərə cavab verməmiş, həmçinin Belarus Respublikasından invoys tarixi 06 yanvar 2023-cü il, invoys nömrəsi 19 olan, BYAZ********** nömrəli mənşə sertifikatı ilə və 05 yanvar 2023-cü il tarixli müqavilə ilə göndərilən, brutto çəkisi 53000 kq, netto çəkisi 52800 kq olan ərzaqlıq kartof məhsulları İD ********** nömrəli icazə sənədi əsasında "xxxx" MMC tərəfindən gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək ölkəyə idxal olunmuş və 20 iyul 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında satılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində göstərilir ki, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini və əvvəllər də eyni pozuntuya görə inzibati məsuliyyətə cəlb edilmələrini nəzərə alaraq hesab edir ki, "xxxx" MMC barəsində hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1466/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1466/2023
22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver