Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-147/2022 10.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi X1 iştirakları ilə, "xxxx" MMC barəsində İXM-nin 233.1, 237.1 və 271-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X2 və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC-nin İnzibati Xətalar Məcəlləsinin 233.1, 237.1 və 271-ci maddələri ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Daxil olmuş 11 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, 07 yanvar 2022-ci il tarixdə MMC-yə məxsus Lökbatan-Buta avtomobil yolunun sol tərəfində yerləşən metal əritmə zavodunda tullantıların yandırılması, atmosferə atılan tullantıların qarşısını almaq üçün qurğunun olmaması və normadan artıq tullantıların atılması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi X3 öz izahatında tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, "xxxx" MMC ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirən MMC-lər sırasındadır. Aktın tərtib olunmasından isə ümumiyyətlə MMC-nin xəbəri olmamışdır. Daha sonra inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılmasına MMCnin nümayəndəsi dəvət olunmamış, protokolun tərtib olunmasından xəbəri belə olmamışdır. Məhkəməyə təqdim olunmuş şəkillərdən isə tullantıların həqiqətən də məhz "xxxx" MMC-yə məxsus olmasını müəyyən etmək mümkün deyildir. Belə ki, fotoşəkildəki ərazinin "xxxx" MMC-yə heç bir aidiyyatı olmamaqla kifayət qədər uzaq məsafədə olan bir görünüşdür. Protokolu tərtib edən idarə tərəfindən ətraf mühitin çirklənməsi dərəcəsi araşdırılmalı idi, lakin idarə tərəfindən heç bir araşdırma aparılmamışdır. Həmçinin qeyd olunan inzibati xətanın dərəcəsi, vurulmuş ziyanın məbləği barədə heç bir ekspertiza aparılmamış, müvafiq ekspert rəyi iş materiallarına əlavə olunmamışdır. Bundan başqa aktdan və protokoldan görünür ki, guya MMC-nin qanuni təmsilçisi aktla və protokolla tanış olmaqdan və imzalamaqdan imtina etmişdir. Lakin həmin aktın tərtib edilməsindən MMCnin heç bir məlumatı olmamışdır. Həmçinin idarənin həmin ərazidə yoxlama keçirmə səlahiyyəti və protokol tərtib etmək səlahiyyəti müəyyən olunmamışdır. O, öz izahatında daha sonra göstərmişdir ki, dəqiq tarixi xatırlamasa da cəmi bir dəfə MMC-də bir fəhlə səhlənkarlıq edərək, MMC-nin rəhbərliyinin icazəsi və xəbəri olmadan zavodun həyətində qaynaq aparatı ilə işləyərkən bəzi tullantıların yanmasına səbəb olmuş, lakin dərhal qarşısı alınmışdır. Odur ki, "xxxx" MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız hesab edilməklə inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X2 və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada təkrarən məlumat verilməsinə baxmayaraq, həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X2 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, nümayəndənin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, istər aktın tərtib olunması zamanı, istərsə də protokolun tərtibi zamanı hüquqi şəxsə bu barədə hər hansı bir rəsmi məlumat verilməsi öz əksini tapmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X2 və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən qeyd olunan vaxtda və həmin ərazidə yoxlama, yaxud baxışın keçirilməsinə dair rəsmi icazələrinin olub-olmamasına dair sübutlar müəyyən edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 11 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla hüquqi şəxs "xxxx" MMC-nin törətməsi ehtimal edilən inzibati xətanın aşkar edilməsində mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilib-edilməməsi tam göstərilməmişdir. Belə ki, həmin protokolda istifadə olunan xüsusi texniki vasitənin yalnız göstəricisi, markası və modeli göstərilmişdir. Lakin Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsində göstərilir ki, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Bundan başqa protokolun surətinin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisinə verilməsi və ya hüquqi şəxsin ünvanına göndərilməsi barədə heç bir sübut əlavə edilməmişdir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin qanuni təmsilçisinə inzibati xəta haqqında protokolun surəti verilir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda protokolun tərtib olunma tarixi 11 yanvar 2022-ci il kimi göstərilmiş və əlavə olaraq 06/11.01.2022-ci il tarixi də qeyd edilmişdir. Bu hal məhkəmə tərəfindən İXMnin 100-cü maddəsinin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 100.5-ci maddəsində göstərilir ki, protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 02 iyul 2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli qanuni təmsilçisinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verməlidir. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X2 və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən bu normanın tələblərinə ümumiyyətlə riayyət edilməmişdir. Bundan başqa iş materiallarına inzibati xətanın törədildiyi ehtimal edilən yerin görüntüsünü əks etdirən müəyyən fotoşəkillər əlavə olunmuşdur. Lakin həmin qeyrimüəyyən fotoşəkillər vasitəsilə "xxxx" MMC-nin yuxarıda qeyd olunan inzibati xətanı törətməsini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsində göstərilir ki, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, "xxxx" MMC barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X2 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 11 yanvar 2022ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsassız sayılmaqla, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında 11 yanvar 2022-ci il tarixli MN ******* saylı protokol əsassız hesab edilməklə, təqdim edilmiş inzibati material natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-147/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-147/2022
10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver