Məhkəmə qərarları › İş №3(002)-1471/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1471/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1471/2023 07.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Əmiraslanova Lalə Əjdər qızının katibliyi ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X3 iştirakları ilə, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X6 Mehboob Alamın iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 24 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, İD ********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan Bakı şəhəri, Qaradağ rayonu 22, Salyan şossesi, Lökbatan yolu ünvanında xx.xx.2023-cü il tarixdə satılmışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi A.M.Zeynalov bildirmişdir ki, Şəxs MMCyə məhsul partiyalarının satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması barədə məlumatların eldə edilməsinə dair 14 iyul 2023-cü il tarixli, 3-44-1/2- 7000/23 nömrəli məktub ünvanlanmışdır. Regional bölmənin adı çəkilən məktubunda qeyd olunan müddət ərzində quruma məlumat verilmədiyi üçün şirkət barəsində inzibati icraat başlanılmış, inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin qanuni təmsilçisi X6 Mehboob Alam bildirmişdir ki, məhsul partiyalarının satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması barədə məlumatların eldə edilməsinə dair 14 iyul 2023-cü il tarixli, 3-44-1/2- 7000/23 nömrəli məktubu aldıqdan dərhal sonra Agentliyin Emin adlı əməkdaşı ilə əlaqə saxlamış, sonuncu onların şirkəti ilə bağlı Agentliyin elektron sistemində heç bir problem olmadığını, məktubun yanlışlıqla onların hüquqi ünvanına göndərildiyini bildirmişdir. Əlavə olaraq, Agentliyinin əməkdaşı tərəfindən onlara “WhatsApp” proqramı üzərindən göndərilmiş səs yazısını məhkəməyə təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan elektron ərizədən görünür ki, İD ********** nömrəli müraciət üzrə Şəxs MMC-nin ünvanına göndərilən ümumi çəkisi 24100 kq kartof məhsulları Bakı şəhəri, Qaradağ rayonu 22, Salyan şossesi, Lökbatan yolu ünvanında xx.xx.2023-cü il tarixdə boşaldılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni: qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokol, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, eləcədə inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinə aidiyyəti müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-nin qanuni təmsilçisi Agentliyin əməkdaşı ilə dərhal əlaqə yaratmasına baxmayaraq, verilmiş yanlış informasiya səbəbindən tələb olunan sənədlərlə bağlı Agentliyə yaxınlaşmamışdır. Bu hal isə Cəmiyyətin hərəkətlərində İXM-in 447.0.4-cü maddəsinin tərkib əlamətlərinin mövcudluğunu istisna edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan hərəkətlərin Şəxs MMC tərəfindən törədilməsi sübuta yetirilmədiyindən, habelə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Həmçinin iş üzrə 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar