Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1476/2021 08.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru, polis polkovnik-leytenantı X2, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Laçın rayonu, Daşlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Laçın kənd” yaşayış massivində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə DİN-nin Qaradağ RPİ-si tərəfindən Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 09 oktyabr 2021-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzi yaxınlığında idarə etdiyi “Hyundai” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı təlim avtomobili ilə heç bir müqaviləsi olmadan, marşrut xəritəsi olmadan hərəkətdə olarkən yolayrıcında manevr qaydasını pozmuş və nəticədə “DAF” yük markalı, AH-8957- MB dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru polis polkovnik-leytenantı X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 08 dekabr 2021-ci il tarixli AP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru, polis polkovnik-leytenantı X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 09 oktyabr 2021-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzi yaxınlığında idarə etdiyi “Hyundai” minik markalı **-FT-*** dövlət qeydiyyat nişanlı təlim avtomobili ilə heç bir müqaviləsi olmadan, marşrut xəritəsi olmadan hərəkətdə olarkən yolayrıcında manevr qaydasını pozmuş və nəticədə “DAF” yük markalı, AH-8957 MB dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymişdir. Daha sonra Şəxs, həmçinin onun kurs müəllimi X3 və zərərçəkmiş şəxs, Ukrayna Respublikasının vətəndaşı X4 izahatları alınmışdır. Lakin hadisə yerində müşahidə kameraları olmadığı üçün video-görüntülər iş materiallarına əlavə olunmamışdır. Həmçinin vurulmuş ziyanın məbləği siğorta şirkətləri tərəfindən müəyyən olunduğundan bu barədə ekspertiza keçirilməmiş, müvafiq ekspert rəyi alınmamışdır. Bütün bu halların nəzərə alınaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında göstərmişdir ki, 09 oktyabr 2021ci il tarixdə saat 12:00 radələrində “Sədərək” Ticarət Mərkəzi yaxınlığında təlim maşınını sürücülük kursunun təlim müəllimi X7 ilə birlikdə idarə etdiyi zaman qəza baş vermişdir. Xarici ölkə vətəndaşının idarə etdiyi “DAF” markalı yük avtomobili arxadan gələrək onların idarə etdiyi avtomobili vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. O, öz izahatında daha sonra göstərmişdir ki, özünü ümumiyyətlə inzibati xətanı törətməkdə təqsirli bilmir. Belə ki, törədilmiş yol nəqliyyat hadisəsi qarşı tərəfin təqsiri üzündən baş vermişdir. Hətta hadisədən sonra Daf markalı avtomobilin sürücüsü Andriy adlı şəxs avtomaşının təmiri məqsədilə Bağırova Nigara 100 manat məbləğində pul da vermişdir. Hadisədən sonra ona törətməkdə təqsirli bilindiyi inzibati xətanın mahiyyəti barədə polis əməkdaşları tərəfindən heç bir izah verilməmiş, sadəcə hadisədən uzun müddət keçdikdən sonra onu X10 Şöbəsinə dəvət edərək avtomobilin sahibinin cərimələnəcəyini, özünün isə heç bir məsuliyyət daşımadığını, sadəcə inzibati xəta haqqında protokolu imzalaması lazım olduğu bildirilmiş, o, inzibati xəta haqqında protokolu imzalayarkən isə protokol doldurulmamışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və işə baxılması mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin DYPŞ-sına geri qaytarılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, yol nəqliyyat hadisəsi törədilməsində iştirak etmiş “DAF” yük markalı, AH-8957-MB dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Ukrayna Respublikasının vətəndaşı X6 xarici ölkə vətəndaşı olmaqla inzibati icraatın aparıldığı dili bilməmiş, inzibati icraat zamanı isə iş üzrə zərərçəkmiş şəxsin İXM-nin 62.2.7-ci maddəsində nəzərdə tutulan hüququ, yəni icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ pozulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 62.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin aşağıdakı hüquqları vardır: 62.2.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək. Bundan başqa iş materiallarında inzibati xəta nəticəsində vurulmuş zərərin miqdarını müəyyən edəcək hər hansı bir sənəd, eləcə də ekspert rəyi və ya mütəxəssis arayışı əlavə olunmamışdır. Bununla da, İXM-nin 75-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 75.0.5-ci maddəsinə əsasən inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı inzibati xəta haqqında iş üzrə müəyyən edilməli olan hallardandır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Bundan başqa inzibati araşdırma zamanı təlim avtomaşınını idarə edən Şəxs qeyd olunan avtomaşını həqiqətən də hər hansı bir müqavilə və marşurut xətti olmadan idarə etməsi tərəflərin izahatları alınarkən araşdırılmamış və bu barədə onlara hər hansı bir sual verilməmişdir. Bundan başqa iş materiallarında olan və X7 tərəfindən təsdiq edilmiş 19 noyabr 2021-ci il tarixli qeyddən aydın olur ki, o qeyd olunan yol nəqliyyat hadisəsi ilə əlaqədar DAF markalı avtomobilin sürücüsü X1 100 manat məbləğində pul almışdır. Bundan başqa qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla inzibati xəta haqqında protokol hadisədən 02 ay sonra qəbul edilmiş və protokol tərtib edilərkən 100-cü maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 101.1-ci maddəsində göstərilir ki, İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru, polis polkovnik-leytenantı X5 tərəfindən tərtib edilmiş 08 dekabr 2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol əsassız sayılmaqla, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 109cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru, polis polkovnikleytenantı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən tərtib edilmiş inzibati protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1476/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1476/2021
08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver