Məhkəmə qərarları › İş №3(002)-1482/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1482/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1482/2025 13.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28685382 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28685382 nömrəli qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28685382 saylı inzibati xəta haqqında qərarı əsasında İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1200 manat məbləğində cərimə edilmişdir. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, "HOVO" yük markalı, özüboşaldan tipli ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməklə "xxxx" MMC-nin layihələri üzrə müvafiq daşımaları həyata keçirir. İdarə etdiyi nəqliyyat vasitəsinin yüksüz kütləsi 15.300 kq, icazə verilən yüklə birgə maksimal kütləsi limit olaraq 26.000 kq-dək nəzərdə tutulmuşdur. xx.xx.2025 ci il tarixdə daşıdığı yük asfalt məhsulu idi, "xxxx" MMC-nin ərazisində istehsal olunmuş 9820 kq yükün daşınmasını həyata keçirirdi. Əvvəlcə yükü yükləmədən öncə dispetçer idarə etdiyi avtomaşının boş çəkisini 15.800 kq, yükləmədən sonra 25.620 kq. olaraq müəyyən etdikdən sonra ona tərəzinin bütün qeyd olunan göstəricilərini özündə əks etdirən çıxarış və apardığı yüklə bağlı olan qaimə-faktura vermişdir. Bütün bu qeyd etdiyim prosedurlardan keçilməsi, xüsusən də tərəzidə yüklərin dəqiqliklə çəkilməsi onları daşıma zamanı artıq yük aparmamaq və nəticə etibarı ilə inzibati xətalardan və böyük həcmli cərimələrdən qorumaq üçün nəzərdə tutulmuşdur. Çünki bu məsələ aktual olaraq daima gündəmdədir, hətta müəssisədə yüklərin çəkildiyi tərəzi də düzgün işləyir və ildə bir dəfə olaraq sınaq müayinəsindən keçirilməklə müvafiq şəhadətnamə ilə təmin olunur. Əvvəldə qeyd etdiyi kimi xx.xx.2025 ci il tarixdə yükü təyinatı üzrə təyinat nöqtəsinə çatdırıb müəssisəyə geri döndüyü zaman dispetçer ona bildirmişdir ki, stansiya M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində hərəkətdə olarkən artıq çəki, 28.600 kq yükü guya aparmağı ilə bağlı göstərilən ərazidə quraşdırılmış texniki vasitənin köməkliyi ilə saat 14:08:06 da adına inzibati xəta qeydə alınmış və bununla bağlı fotoşəkil və videogörüntü də sistemə yüklənmişdir. Dispetçer otağında həmin fotoşəkil və videoya baxarkən məlum oldu ki göstərilən nöqtədə üç zolaqlı yol sahəsinin eni boyunca nəzarətsiz, heç bir keçid məntəqəsi, post təşkil edilmədən ciddi nəzarət olmadan dağınıq keçidi özündə əks etdirən tərəzi hesab etdikləri texniki vasitə qurğu quraşdırılmışdır ki, burada heç bir nizam-intizam yoxdur, hərəkətdə olan nəqliyyat vasitələrinin hətta üçü belə eyni vaxtda paralel olaraq həmin keçidə daxil olub hərəkətlərini davam etdirirlər, bəzi sürücülər belə quraşdırılmış texniki vasitənin hansı məqsəd üçün quraşdırıldığını belə bilmirlər ki, bu cür halda hansı obyektivlikdən danışmaq olar. Belə ki, əlavə olunmuş videogörüntüyə belə baxarkən əvvəldə qeyd etdiyi məqam ortaya çıxmışdır. Tərtib olunmuş foto şəkil va videodan görünür ki, onunla yanaşı paralel olaraq eyni vaxtda solunda hərəkət edən dövlət qeydiyyat nişanı bilinməyən yük maşını müvafiq ölçü qurğusunun üzərindən keçir və bunun nəticəsi ola bilər ki, yükü limitdə göstəriləndən 3000 kq artıq kimi qeyd olunur. Bunun da nəticəsi olaraq barəsində EQ 28685382 saylı elektron protokol əsassız olaraq tərtib olunmuşdur. Lakin hazırda həmin protokolu tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, burada ham maddi, həm də prossesual tələblər pozulmuşdur. Göründüyü kimi inzibati protokol düzgün tərtib olunmamış, xətanı törədən şəxs və həmin şəxsin həqiqətən göstərilən xətanı törətmə halı müəyyən edilməmişdir. İnzibati qərarın qəbul edilməsində göründüyü kimi əməl olunması vacib olan sadalanan hallara əhəmiyyət verilməmiş, lazımi prosedurlara əməl olunmamış, nəqliyyat vasitəsində daşıdığı yükün həcmi az olduğu halda bunu normadan artıq göstərilməklə barəsində əsassız olaraq inzibati protokol rəsmiləşdirilmişdir. Bununla da inzibati xətanın törədilməsində sübut edilməli hallar göründüyü kimi aydınlaşdırılmamış, xətanı törədən şəxs və onun təqsirliliyi sübut olunmamışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28685382 nömrəli qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsinin məzmununa uyğun şəkildə izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Suala cavab olaraq bildirmişdir ki, məhkəməyə təqdim etdiyi çəki qəbzinin əldə olunduğu tərəzi avtomobilin çəkisini hərəkətsiz halda ölçür. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28685382 nömrəli qərara əsasən X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi HOWO ZZ3327S3847E YÜK markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş tərəzi qəbzindən aydın olur ki, X2 tərəfindən xx.xx.2025ci il tarixdə daşınan yük ölçdürülmüş və nəqliyyat vasitəsinin yüklə birgə oxa düşən kütləsi 25620 kq olmuşdur. Beləliklə, məhkəmə X1 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Məhkəmə təqdim olunmuş sübutlara əsaslanaraq qeyd edir ki, X2 xx.xx.2025-ci il tarixdə idarə etdiyi HOWO ZZ3327S3847E YÜK markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. Bu isə istinad edilən normativ hüquqi akta əsasən Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, icazə verilən həddin aşılması ilə nəticələnmişdir. Həmin normativ hüquqi aktda qeyd olunan parametrlər avtomobilə münasibətdə deyil, üzərində hərəkət olunan yola münasibətdə tətbiq olunur. İş materialına əlavə edilmiş hərəkət halında çəki ölçmə nəzarət sistemindən əldə olunmuş məlumata əsasən belə növdə olan nəqliyyat vasitələrinə yük daşıma üçün icazə verilən ən yuxarı həddə çəki parametri 26 tondur. Qeyd edilmiş qərarla icazə verilmiş həddən yuxarı çəkidə yük daşıyan nəqliyyat vasitələri avtomobil yollarını zədələyərək deformasiyasına, sıradan çıxmasına səbəb ola bilir. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarında iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ölçülməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən istifadə edilən hərəkət halında çəki ölçmə nəzarət sistemi ilə digər özəl və ya kommersiya məqsədli tərəzilər arasında bir sıra mühüm fərqlər mövcuddur. AYNA-nın tətbiq etdiyi hərəkət halında çəki ölçmə nəzarət sistemi nəqliyyat vasitələrinin çəkisinin və ox yükünün hərəkət zamanı ölçülməsini təmin edən avtomatlaşdırılmış sistemdir. Bu sistem vasitəsilə nəqliyyat vasitələri dayandırılmadan, yol örtüyünə quraşdırılmış sensorlar sayəsində ölçülür, qeydiyyat nömrəsi, hərəkət sürəti, tarix və vaxt kimi əlavə məlumatlarla birlikdə məlumatlar real vaxtda mərkəzi nəzarət sisteminə ötürülür. Bu yanaşma nəqliyyat axınının pozulmaması, ölçmələrin yüksək dəqiqliklə və insan müdaxiləsi olmadan aparılması baxımından üstünlük təşkil edir. Eyni zamanda bu sistem vasitəsilə aparılan ölçmələr hüquqi əsas daşıyır və normadan artıq çəki və ölçü ilə hərəkət edən nəqliyyat vasitələri barəsində inzibati tədbirlərin görülməsi üçün əsas kimi istifadə olunur. Bunun əksinə olaraq, digər özəl şirkətlər və kommersiya obyektlərində istifadə edilən tərəzilər adətən stasionar və ya portativ olur və nəqliyyat vasitəsinin dayandırılaraq tərəziyə daxil olunmasını tələb edir. Ölçmə prosesi bəzi hallarda yarıavtomatik və ya tamamilə əllə idarə olunduğundan insan faktoru və müdaxilə ehtimalı daha yüksəkdir. Həmçinin bu tərəzilərdən alınan nəticələr hər zaman hüquqi əsas daşımaya bilər və yalnız daxili nəzarət məqsədləri üçün istifadə oluna bilər. Beləliklə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tətbiq edilən hərəkət halında çəki ölçmə sistemi texniki baxımdan daha üstün, avtomatlaşdırılmış, dəqiq və hüquqi cəhətdən etibarlı nəzarət mexanizmi kimi qiymətləndirilir. Digər tərəzilər isə daha çox kommersiya və texniki nəzarət məqsədilə istifadə olunan, lakin hüquqi cəhətdən məhdud əhatəyə malik olan ölçmə vasitələridir. Bu səbəbdən məhkəmə hazırki şikayətə əlavə edilmiş "xxxx" MMC-dən əldə olunan ölçmə nəticəsini mötəbər hesab etmir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən aparıcı oxa malik olan üç oxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan nəqliyyat vasitələri üçün icazə verilən qabarit və çəki parametri 26 tondur. Həmin qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28685382 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan, X2 isə şikayətini əsaslandıracaq faktları təqdim etmədiyindən şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 28685382 nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar