Məhkəmə qərarları › İş №3(002)-1485/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1485/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1485/2025 13.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə 180 manat cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, qərarın qəbul edilməsinə əsas olan İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə baş vermiş avtomobilin qəzasının nəticələrinə əsasən tərtib olunmuş və hazırda mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərar da məhz həmin xx.xx.2023-cü il tarixdə baş vermiş qəza ilə bağlıdır. Qanunvericiliyin tələblərinə əsasən törədilmiş inzibati xətanı araşdıran səlahiyyətli orqan inzibati xəta törədildiyi vaxtdan 3 ay keçdikdən sonra həmin inzibati xətanı təqib edə bilməz. İstintaq idarəsinin xx.xx.2024-cü il tarixli qərarından (özlərinin qeydinə əsasən) 01 il 03 ay keçdikdən sonra cəzalandırılması qanunsuzdur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək, inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq göstərdi ki, qeyd olunan cərimə qərarının qəbul edilməsi xx.xx.2023-cü il tarixdə baş verən yol nəqliyyat hadisəsi ilə bağlıdır. Həmin vaxt ona məxsus yük nəqliyyat vasitəsi təmir olunması üçün təhvil verdiyi usta tərəfindən onun icazəsi və xəbəri olmadan idarə olunmuş, həmin şəxs tərəfindən yol qəzası törədilmiş, hadisə nəticəsində ölən və xəsarət alanlar olmuşdur. Bundan sonra həmin şəxs cinayət məsuliyyətinə cəlb olunaraq məhkum edilmişdir. Həmin hadisədə onun heç bir günahı və təqsiri yoxdur. Onun tərəfindən nəqliyyat vasitəsi idarətemə hüququ olmayan şəxsə verilməmişdir. Niyə görə cərimə edilməsi ona bəlli deyil. Həmçinin bildirmək istəyir ki, barəsində qəbul edilmiş qərarda xx.xx.2024-cü il tarixdə tərtib edilmiş istintaq orqanın qərarına istinad olunur. Belə olan halda inzibati məsuliyyətə cəlb etmə müddəti keçməsinə baxmayaraq cərimə olunması qanunsuzdur. Odur ki, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq şəkildə məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı təmin olunmamışdır. Qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin məhkəmədə iştirakının təmin olunması və inzibati qərarın qəbul edilməsinə əsas olan sübutların təqdim olunması məqsədilə məhkəmə tərəfindən məhkəmə iclasları iki dəfə müvafiq olaraq 07 avqust 2025-ci il tarix, saat 15:00-a və 13 avqust 2025-ci il tarix, saat 15:50-ə təxirə salınmış, məhkəmə iclaslarının yeri və vaxtı barədə poç vasitəsilə bildirişlər ünvanlanmışdır. Lakin nümayəndənin iştirakı təmin edilməməklə iş üzrə əhəmiyyət kəsb edən inzibati qərarın qəbul edilməsinə əsas olan sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə işə inzibati orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsini və ona əlavə olunan digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 idarə etdiyi “HOWO ZZ3317 N 3867W YÜK” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına səbəb olmuş, buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 180 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclası zamanı səlahiyyətli orqanın X4 tərəfindən “HOWO ZZ3317 N 3867W YÜK” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsi faktının hansı sübutlar əsasında aşkar olunmasını müəyyən etmək mümkün olmamışdır. Barəsində inzibati qərar qəbul olunmuş X4 ona məxsus yük avtomobilinin onu təmir edən usta tərəfindən icazəsi və xəbəri olmadan götürülərək idarə edildiyini və həmin şəxs tərəfindən yol nəqliyyat hadisəsinin törədildiyini, buna görə cinayət məsuliyyətinə cəlb olunaraq məhkum edildiyini bildirmişdir. Bundan başqa qeyd edilməsi zəruri olan hal ondan ibarətdir ki, inzibati orqan tərəfindən X4 barəsində xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən həmin qərarda xx.xx.2024-cü il tarixdə tərtib olunan istintaq idarəsinin qərarına istinad olunmuşdur. Lakin həmin qərarın məzmun və mahiyyətinin nədən ibarət edilməsi, hansı sübutlar əsasında X2 hərəkətlərində inzibati xəta tərkibinin olması qənaətinə gəlinməsi, ən əsası qeyd olunan qərar əsasında X2 inzibati məsuliyyəti müəyyən edilmiş olsa belə, məhz hansı səbəbdən qərarın qəbul edilməsindən uzun müddət keçdikdən sonra, daha dəqiq desək 01 il 03 ay 18 gün müddət keçdikdən sonra sonuncunun inzibati cərimə edilməsi məhkəməyə məlum deyildir. Məhkəmə qeyd edir ki, İXM-nin 38.3-cü maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Sadalananlar onu deməyə əsas verir ki, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Yuxarıda göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur ki, bu da mübahisələndirilən qərarın ləğv edilməsinə və iş üzrə yenidən araşdırma aparılmasına əsaslar yaratmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında işlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə, tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işlə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar