Məhkəmə qərarları › İş №3(002)-1489/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1489/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1489/2025 28.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Əliyeva Zülfiyyə Vidadi qızının katibliyi ilə, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 DİN-in BDYPİ-nin X5 tərəfindən qəbul edilmiş 25 may 2025-ci il tarixli, EQ 28148511 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək DİN-nin BDYPİ-nin 25 may 2025-ci il tarixli, EQ 28148511 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, etibarnamə əsasında X2 məxsus **-CJ-*** dövlət qeydiyyat nişanlı iri qabaritli yük maşınını idarə edir. Qazax rayonunun Daş Salahlı kəndindən Abşeron rayonu Xırdalan şəhərində yerləşən "xxxx" MMC-nin zavoduna həmin maşınla əhəng tozu daşıyır. Avtomobilin yük yerinə yük vurulandan sonra yola çıxır. Bakı şəhərinə qədər magistral yolda 3 elektron tərəzi mövcuddur. İlk olaraq Ağstafa rayonu ərazisində, sonra Ucar rayonu ərazisində və bir də Bakı şəhərinə çatmamış Qaradağ rayonu ərazisində magistral yolda quraşdırılmış həmin elektron tərəzilərdən keçir və əgər qanunda nəzərdə tutulduğundan artıq yük müəyyən edilərsə, o zaman elektron qaydada cərimə yazılır. O, Qazax rayonunun Daş Salahlı kəndindən əhəng tozunu qanuna müvafiq qaydada müəyyən olunmuş çəkidə yükləyərək yola çıxır. Belə ki, 25 may 2025-ci il tarixdə “Qeydə alınma yeri M-2, 47,9 km, Qaradağ rayonu Səngəçal qəsəbəsi, Bakı istiqamətində cərimə olunmuşdur. Cərimə İXM-nin 353.2-ci maddəsi ilə “İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında istifadə edilməsi” xətasını etməsi barədə onun telefonuna mesaj gəlmişdir. Qərarın tarixi xx.xx.2025-ci il saat 03:11 radələridir. Bu inzibati tənbeh vermə haqqında elektron qərarla o, 600 manat cərimə edilmişdir. Heç bir inzibati xəta törətməmişdir. Yük avtomobilinə normadan artıq yük vurmamışdır. Yükü Qazax rayonu, Daş Salahlı kəndində yerləşən məntəqədən götürür və qaydaya uyğun normada orada yük vurulur. Çünki magistral yolda iriqabaritli yük avtomobillərinin yükünü ölçən elektron tərəzilər mövcuddur. Həmin elektron tərəzilər yükün artıq olduğunu ölçərkən həmin an inzibati tənbeh vermə haqqında qərar yazılaraq cərimə olunur. Ona görə də, əgər avtomobilə normadan artıq yük vurulsa idi, avtomobil yola çıxarkən ilk olaraq Ağstafa rayonunda yerləşən iriqabaritli maşınların yükünü ölçən elektron tərəzi bu qanun pozuntusunu çəkərdi. Belə bir çəkilişlər isə olmayıb. Ola bilməz ki, Ağstafa və Ucar rayonlarında ümumi magistral yolda quraşdırılan elektron tərəzi bir çəki qeydə alsın, Qaradağ rayonu Səngəçal qəsəbəsi magistral yolda yerləşən elektron tərəzi isə başqa bir çəki qeydə alsın. Ağstafa rayonunda yerləşən tərəzinin həmin vaxt qeydə aldığı çəki normadadır (40025 kq, 800 kq +,- olur), amma cərimə yazılan EQ-da göstərilən çəki isə 43480 kq kimi qeyd edilib. Bundan başqa, əhəng tozunu zavoda təhvil verərkən zavodun öz elektron tərəzisində də çəki normaya uyğun yazılmışdır (həmin gün 40300 kq). Eyni zamanda, bu işlərdə təxminən 800 kq-a qədər +, - olur (nəzərə alınır). 3480 kq fərq isə mümkün deyildir. Bütün bunlar göstərir ki, qeyd edilən inzibati tənbeh vermə haqqında elektron qərar düzgün deyil və ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən, işə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X3 bildirmişdir ki, oğlu İsmayıl İsmayılova məxsus “DAF FT XF 105.460” markalı “**-CJ-***” dövlət qeydiyyat nişanlı iri qabaritli nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Qazax rayonun Daş Salahlı kəndindən Abşeron rayonu Xırdalan şəhərində yerləşən "xxxx" MMC-nin zavoduna həmin maşınla əhəng tozu daşımaqla məşğuldur. Avtomobilin yük yerinə yük vurulandan sonra yola çıxır. Bakı şəhərinə qədər magistral yolda 3 elektron tərəzi quraşdırılmışdır. İlk olaraq Ağstafa rayonu ərazisində, sonra Ucar rayonu ərazisində və daha sonra Bakı şəhərinə çatmamış Qaradağ rayonu ərazisində magistral yolda quraşdırılmış həmin elektron tərəzilərdən keçir və əgər avtomobildə artıq yük müəyyən edilərsə, o zaman elə birinci tərəzidə həmin yük qeydə alınmalı idi. 25 may 2025-ci il tarixdə oğlu İsmayıl İsmayılov “DAF FT XF 105.460” markalı “**-CJ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməmişdən əvvəl həmin nəqliyyat vasitəsi Ağstafa rayonunda yerləşən elektron avtomobilin tərəzisində çəkilərək kütləsinin 40025 kq olduğu müəyyən edilmişdir. Bundan sonra oğlu İsmayıl İsmayılov 25 may 2025-ci il tarixdə saat 03:11-də idarə etdiyi “DAF FT XF 105.460” markalı “**-CJ-***” dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu Səngəçal qəsəbəsində elektron tərəzidən keçərkən avtomobilinin ümumi çəkisi 43480 kq olduğu qeyd edilib və bu barədə mobil telefonuna İXM-nin 353.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə 600 manat cərimə olunması barədə mesaj gəlmişdir. Onun mobil telefonuna mesaj gəlməsinin səbəbi həmin nəqliyyat vasitəsinin etibarnaməsinin onun adına olmasıdır. Lakin Səngəçal qəsəbəsində olan elektron tərəzi tərəfindən inzibati xəta qeydə alınan vaxt nəqliyyat vasitəsini onun özü deyil, oğlu idarə etmişdir. İnzibati xəta qeydə alınan vaxt nəqliyyat vasitəsini kimin idarə etdiyini mübahisələndirmir. Bundan sonra oğlu İsmayıl İsmayılov 25 may 2025-ci il tarixdə həmin nəqliyyat vasitəsində olan əhəng tozunu zavoda təhvil verərkən zavodun öz elektron tərəzisində də avtomobilin ümumi çəkisi normada, yəni 40300 kq olmuşdur. "xxxx" MMC-nin avtomobil tərəzisinin setifikatını və digər sənədləri məhkəməyə təqdim etmişdir. Tərəzilər arasında bu qədər fərqlərin olması mümkün deyildir. Səngəçal qəsəbəsində olan elektron tərəzinin göstəricisi ilə razılaşmır. Barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə tərtib edilmiş elektron qərar düzgün deyildir, həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 25 may 2025-ci il tarixli EQ 28148511 nömrəli qərardan görünür ki, X3 25 may 2025-ci il tarixdə saat 03:11:45-də idarə etdiyi “DAF FT XF 105.460” markalı “**-CJ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M-2 yolunun 47.9 km-liyində Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş X1 təqdim etdiyi xüsusi texniki vasitə ilə qeydə alınmış və EQ 28148511 nömrəli protokola əlavə edilmiş fotogörüntüdən müşahidə edilir ki, 25 may 2025-ci il tarixdə saat 03:11:45-də idarə etdiyi idarə etdiyi “DAF FT XF 105.460” markalı “**-CJ-***” dövlət qeydiyyat nişanlı avtomobil M-2 yolunun 47.9 km-liyində Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində elektron tərəzidən keçərkən limit 40000 kq olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 43480 kq olmuşdur. İş materiallarında olan N.İ.İsmayılovun təqdim etdiyi qaimənin fotoşəkilindən görünür ki, nəqliyyat vasitəsinin çəkisi 40025,7 kq olmuşdur. İş materiallarında olan N.İ.İsmayılovun təqdim etdiyi 80420 nömrəli qaimənin surətindən görünür ki, “**-CJ-***” nömrəli nəqliyyat vasitəsi 25 may 2025-ci il tarixdə saat 05:27-də “Xırdalan-T1” adlı avtomobil tərəzisində çəkilərkən avtomobilin çəkisinin 40300 kq olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Metrologiya İnstitutu” X8 ölçmə vasitələrinin yoxlanılması haqqında RN 029297 nömrəli şəhadətnamədə göstərilmişdir ki, "xxxx" MMC-nin “CAS CL-2400BS” tipli avtomobil tərəzisi 06 avqust 2024-cü il tarixdə yoxlanılmış və növbəti yoxlama tarixinin 06 avqust 2025-ci il olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Azərbaycan Metrologiya İnstitutu” X8 ölçmə vasitələrinin yoxlanılması haqqında ÖVY 160512 nömrəli şəhadətnamədə göstərilmişdir ki, 9835A tipli hərəkət halında ölçmə nəzarət sistemi 02 sentyabr 2024-cü il tarixdə yoxlanılmış və növbəti yoxlama tarixinin 02 sentyabr 2025-ci il olduğu qeyd edilmişdir. Məhkəmə həmin X1 şikayətə əlavə etdiyi nəqliyyat vasitəsinin çəkisinin 40025,7 kq olduğu qeyd edilən nömrəsiz qaiməyə və nəqliyyat vasitəsinin çəkisinin 40300 kq olduğu qeyd edilən 80420 nömrəli qaiməyə münasibətdə hesab edir ki, həmin sənədlər sübut növü kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə baxışı zamanı qeyd olunan yükün çəkilməsini həyata keçirmiş birinci avtomobil tərəzisinin müvafiq sertifikata (şəhadətnaməyə) malik olması müəyyən edilməmiş, yalnız ikinci avtomobil tərəzisinin "xxxx" MMC-nin “CAS CL-2400BS” tipli avtomobil tərəzisinin müvafiq sertifikatının (şəhadətnaməsinin) olduğu göstərilmişdir. Hətta hər iki avtomobil tərəzisinin müvafiq sertifikatlara (şəhadətnamələrə) olması sübuta yetirildiyi halda belə, bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki inzibati xəta hadisəsi baş verdikdən əvvəl və sonra avtomobildə olan yükün miqdarının dəyişdirilməsi, yəni yükə hər hansı müdaxilə edilməsi halları istisna edilmir. “DAF FT XF 105.460” markalı “**-CJ-***” dövlət qeydiyyat nişanlı avtomobil hər üç tərəzidə ölçülərkən aralarında kifayət qədər uzun müddət olmuşdur. Nəqliyyat vasitəsinin çəkisinin 40025,7 kq olduğu qeyd edilən tərəziyə və nəqliyyat vasitəsinin çəkisinin 40300 kq olduğu qeyd edilən "xxxx" MMC-nin tərəzisinə nisbətən, M-2 yolunun 47.9-cu km-liyində, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində quraşdırılan “Kistler” markalı “98356A” modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi dəqiq və mötəbər çəki ölçmə xüsusiyyətinə malikdir. Çünki 25 may 2025-ci il tarixli EQ 28148511 nömrəli elektron qərara əlavə edilən foto şəkildən də göründüyü kimi 25 may 2025-ci il tarixdə saat 03:11:45-də X1 etibarnamə ilə idarə etmə hüququna malik olduğu “DAF FT XF 105.460” markalı “**-CJ-***” dövlət qeydiyyat nişanlı avtomobilin çəkisi qeyd edilən “Kistler” markalı “98356A” modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi tərəfindən hərəkət halında ölçülmüşdür. Lakin nəqliyyat vasitəsinin çəkisini 40025,7 kq ölçən və nəqliyyat vasitəsinin çəkisini 40300 kq ölçən tərəzilərdə “DAF FT XF 105.460” markalı “**-CJ-***” dövlət qeydiyyat nişanlı avtomobilin məhz həmin yüklərlə real olaraq ölçülməsi təsdiqini tapmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 25 may 2025-ci il tarixdə saat 03:11:45-də X1 etibarnamə ilə idarə etmə hüququna malik olduğu “DAF FT XF 105.460” markalı “**-CJ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi N.İ.İsmayılovun oğlu X4 tərəfindən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, məhkəmə X1 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X1 etibarnamə ilə idarə etmək hüququna malik olduğu 25 may 2025-ci il tarixdə saat 03:11:45-də “DAF FT XF 105.460” markalı “**-CJ-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi N.İ.İsmayılovun oğlu X4 tərəfindən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 25 may 2025-ci il tarixli EQ 28148511 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 DİN-in BDYPİ-nin 25 may 2025-ci il tarixli EQ 28148511 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar