Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1501/2025 23.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Cəbrayıl rayonu, Şahvəlli kəndində qeydiyyatda olan, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il, MN ******* saylı inzibati xəta haqqında protokol Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-15/23 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs 1719,78 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməli olduğu halda, icra sənədinin icrası tam həyata keçirilməmiş, Şəxs ödənilməmiş 1419,78 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-15/23 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs 1719,78 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməli olduğu halda, icra sənədinin icrası tam həyata keçirilməmiş, Şəxs ödənilməmiş 1419,78 manat borcu qalmışdır. İcra sənədi icraata daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu icra şöbəsinə gəlmədiyinə görə barəsində məcburi gətirilmə qərarı qəbul edilmiş, ölkədən çıxışna məhdudiyyət qoyulmuşdur. Sonradan borclu ilə tələbkar borcun hissəhissə, ayda 50 manat olmaqla ödənilməsi barədə razılığa gəlmişlər. Buna görə də həmin müddət ərzində icra tədbirləri həyata keçirilməsi zərurəti olmamışdır. Son 3 aya qədər borclu hər ay 50 manat olmaqla ümumilikdə 300 manat ödəniş etmişdir. Son 3 ay ödəniş olunmaması tələbkarın narazılığına səbəb olmuş, bununla bağlı şöbəyə şifahi şəkildə şikayət etmiş, borclu barəsində tədbir görülməsini xahiş etmişdir. Ona görə Şəxs barəsində inzibati protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Suallara cavab olaraq bildirdi ki, borclunun rəsmi əmək haqqı alır, lakin onun 70 faizi alimentə tutulur. Ona görə də hazırki icra sənədi üzrə tələbin onun əmək haqqına yönəldilməsi mümkün deyil. Borclunun şikayəti şifahi şəkildə, telefon vasitəsilə bildirilib. Bununla bağlı akt, ərizə və ya digər rəsmi sənəd təqdim edə bilmir. Borclu çağırışa gəlmədiyi üçün axtarışa verilib, lakin polis əməkdaşlarının zəngindən sonra özü könüllü şöbəyə gəlmişdir. Axtarış qərarın surətini işə əlavə etmədiyindən məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, hissə-hissə olmaqla hər ay borcundan ödəniş etmişdir. Hazırda alimentlə bağlı əmək haqqından 70% tutulmalar aparılır. Maddi çətinlikləri olduğu üçün son 3 ayı ödəniş edə bilməmişdir. Himayəsində xəstə anası vardır. Odur ki, ödəniş etmə niyyətində olduğunu, sadəcə yaşadığı maddi çətinliklər səbəbindən son aylar ödənişlər edə bilmədiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, əlilliyi olmayan şəxsdir. Üç övladı vardır. İcra məmurunun çağırışlarından yayınmır. Son aylar ödəniş edə bilməməsinin üzrlü səbəbləri barədə icra məmuruna məlumat vermişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil çıxışında borclunun maddi vəziyyətinin ağır olmasını, aldığı rəsmi əmək haqqının böyük hissəsinin alimentə görə tutulmasını, yerdə qalan məbləğin çox az olmasını, buna baxmayaraq tələbkarla əldə etdiyi razılığa uyğun olaraq aprel ayına qədər mütəmadi ödənişlər həyata keçirməsi borclunun icra sənədinin icrasından qərəzli yayınmadığını göstərir. İcra məmuru hansı səbəbdən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırdığı qənaətinə gəlməsinə izah edə bilməmiş, bununla bağlı rəsmi sübut təqdim edə bilməmişdir. Ona görə də protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi sübuta yetirilmir. İş materiallarında olan xx.xx.2025-ci il, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-15/23 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən, Şəxs 1719,78 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməli olduğu halda, icra sənədinin icrası tam həyata keçirilməmiş, Şəxs ödənilməmiş 1419,78 manat borcu qalmışdır. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(072)- 15/2023 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 1685 manat məbləğində pul və 34,78 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi, həmçinin mülki iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 127 manat məbləğində pul vəsaitinin tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(072)-15/2023 saylı icra sənədi üzrə icrataa başlanılması qərara alınmışdır. İş materiallarında olan Cəbrayıl rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli könüllü icra barədə bildirişindən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materialında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-15/23 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İş materialına əlavə olunmuş icra sənədi üzrə tələbkar X1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-15/23 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən borclu Şəxs ona olan borcunun hər ay 50 manat olmaqla hissə-hissə ödənilməsinə etirazı yoxdur. İş materialına əlavə olunmuş sorğu məlumatlarından görünür ki, X4 Zəngəzur Regional Təhsil İdarəsində gözətçi vəzifəsində işləyir və onun əmək haqqı 416 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair də heç bir hal müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu cavabdehlə aralarında hər ay 50 manat ödəniş edəcəyi barədə razılaşmaya baxmayaraq, son üç ay ərzində ödəniş etməmiş, bu da tələbkarın (zərərçəkmiş şəxsin) haqlı narazılığına səbəb olmuşdur. borclunun üzərinə düşən borcun ödənilməsindən qərəzli olaraq yayınması hallarının mövcud olduğunu hesab etmir. Məhkəmə iclasında borclunun icra məmurunun çağırışlarından və borcun ödənilməsindən qərəzli şəkildə yayınmasına dair hər hansı sübut aşkar edilməmişdir. Bundan başqa tələbkarla əldə olunmuş razılığa əsasən borclu hər ay 50 manat olmaqla ödəniş etmişdir. Borclu üzləşdiyi maddi çətinliklər səbəbindən yalnız son aylar üzrə ödəniş həyata keçirə bilməmişdir. O, əmək fəaliyyəti ilə məşğul olsa da rəsmi əmək haqqından aliment öhdəliyi üzrə tutulmalar həyata keçirildiyindən hazırki icra sənədi üzrə tələbin onun əmək haqqısına yönəldilməsi mümkün olmamışdır. Bundan başqa icra məmuru borclunun son aylar çağırışlara gəlmədiyini, ona görə axtarışa verildiyini bildirsə də, axtarış qərarının surətini məhkəmə təqdim edə bilməmiş, məhkəmə iclasında borclunun könüllü icra şöbəsinə gəldiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, borclu barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə və ya inzibati həbs tənbeh tədbirinin tətbiq ediməsi yuxarıda göstərilənlərə əsasən məqsədə müvafiq deyildir. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməmişdirsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 11 (on bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 11 (on bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1501/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1501/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver