Məhkəmə qərarları › İş №3(002)-1504/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1504/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1504/2024 27.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1987-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4, borclu Şəxs barəsində protokol tərtib edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-958/2021 saylı, 27 aprel 2021-ci il tarixli icra vərəqəsini qərəzli olaraq icra etməkdən imtina etdiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)- 958/2021 saylı, 27 aprel 2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X2 28 may 2020-ci il təvəllüdlü X3 ilə hər həftənin bazar günü, saat 12:00-dan 18:00-adək sərbəst şəkildə ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilmişdir. İcra vərəqəsi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada 18 iyun 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. 04 dekabr 2023-cü il tarixdə o, hal şahidləri ilə birlikdə borclunun ünvan 1 ünvanında olmuş, lakin borclunun həmin ünvanda yaşamadığı aşkar edilmişdir. Bundan sonra yenidən borclu ilə əlaqə saxlanılmış, borclu 07 dekabr 2023-cü il tarixdə icra şöbəsinə dəvət olunaraq ondan X3 ilə hər həftənin bazar günü, saat 12:00-dan 18:00-adək sərbəst şəkildə ünsiyyətdə olmasının təmin edilməsi barədə iltizam alınmışdır. Borclu sonuncu dəfə 2023-cü ilin sentyabrında icra sənədini icra etmiş, yəni tələbkarın oğlu ilə görüşünə şərait yaratmıdşır. Qaradağ rayon İcra şöbəsində veridiyi izahatında da yalnız özünün iştirakı ilə uşaqla ünsiyyətə şərait yaradacağını bildirmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, tələbkar “N” saylı hərbi hissədə gizir işləməklə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, lakin icra sənəndinin icra olunmasını tələb etdiyini bildirmişdir. Beləliklə borclu bu günədək icra sənədinin icrasından qərəzli olaraq yayınmış və bu səbəbdən də onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 27 may 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, icra vərəqəsindən məlumatı vardır, onun tərəfindən icra sənədinin icrasına hər hansı bir etirazı yoxdur. Sonuncu dəfə 2023-cü ilin sentyabr ayında tələbkar uşağı ilə görüşmüşdür, lakin uşaqla görüş vaxtı tələbkar uşağa laqeyd yanaşmış, uşağa spirtli içki təklif etmiş, hətta uşağı nəzarətsiz qoyduğu üçün onun özbaşına avtomobil yoluna çıxmasına şərait yaratmışdır. Bu səbəblərdən də o uşağının tələbkarın yanında təhlükəsiz şəraitdə qalmağına əmin deyildir. Bundan başqa icra məmuru ona telefonla zəng edərək onu həbs etdirəcəyini, uşağını əlindən alacağını bildirərək ona hədə-qorxu gəlmişdir. O da icra məmurunun hədələrindən qorxuya düşərək onun telefon zənglərinə cavab verməmişdir. Qeyd etdiklərinin və əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zaman, borclunun icra sənədinin tələbini icra etməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan icra vərəqəsi borclu tərəfindən könüllü icra edilmədiyi təqdirdə tələbkar bununla bağlı icra məmuruna rəsmi qaydada müraciət etməli, icra məmuru bundan sonra icra vərəqəsinin məcburi qaydada icra olunması üçün vaxt müəyyən etməklə, icranın vaxtı və yeri barədə tərəfləri əvvəlcədən rəsmi qaydada məlumatlandırılmalı idi. Lakin icra işi öyrənilərkən müəyyən edilmişdir ki, icra məmuru tərəfindən qeyd olunan hallara dair hər hansı bir prosessual hərəkətlər yerinə yetirilməmişdir. Bundan başqa borclu öz izahatında azyaşlı övladı ilə tələbkarın görüşü zamanı ciddi problemlərin yaşandığını, tələbkarın davranış və hərəkətlərinin azyaşlı uşağın mənafeyinə qəti zidd olduğunu qeyd edərək baş verəcək görüş və ünsiyyət zamanı uşağın həyatının və səhhətinin ciddi təhlükədə olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiya”-nın psixoloqu cəlb edilməklə borclunun qeyd etdiyi xüsusatlar aydınlaşdırılmalı və tələbkar ilə azyaşlı uşağının görüşünün nə qədər məqsədə müvafiq olub-olmaması aydınlaşdırılmalı idi. Lakin icra işi öyrənilərkən müəyyən edilmişdir ki, icra məmuru tərəfindən qeyd olunan hallara dair hər hansı bir prosessual hərəkətlər yerinə yetirilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs əməlində hal-hazırda inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar