Məhkəmə qərarları › İş №3(002)-1504/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1504/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1504/2025 24.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1997-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, (FİN: xxxxxxx), İmişli rayonu, Xəlfəli kəndində qeydiyyatda olan ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Qaradağ RPİ 10-cu PŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Lökbatan dairəsi yaxınlığında yol polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmiş, inzibati araşdırma zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyən edilmişdir. Bu səbəbdən ona təqdim olunmuş raport və ekspert rəyi əsasında Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrinin tələblərinin pozulması barədə müvafiq protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib etdiyi protokolu müdafiə edir, Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilsə də, İXM-nin 535.1-ci maddəsi ilə təqsirli hesab etmir. Hadisə günü Lökbatan dairəsi yaxınlığında hərəkətdə olarkən yol polisi əməkdaşı tərəfindən saxlanılmış, ona yol hərəkəti qaydalarını pozduğuna görə avtomobilinin duracağa yerləşdiriləcəyi bildirilmişdir. Lakin o, qayda pozuntusuna yol vermədiyindən, yol polisinin hərəkətlərini qanunsuz hesab etdiyindən “102” zəng xidmətini yığaraq şikayətini bildirmiş və avtomobilin qapılarını kilidləyərək avtomobildə gözləmişdir. Bu zaman yol polisi əməkdaşları ondan avtomobilindən düşməsini tələb etdikdə o, “102” zəng xidmətinə müraciət etdiyini, müraciəti cavablandırılana qədər avtomobilini tərk etməyəcəyini bildirmişdir. Bundan sonra avtomobilinin pəncərəsi yol polisi tərəfindən sındırılaraq zorla avtomobilindən çıxarılmış, fiziki zorakılığa məruz qalmış, nalayiq söyüşlərlə təhqir olunmuşdur. Yol polisinin fiziki zorakılığı nəticəsində aldığı xəsarətlərin izləri də gözlə aydın şəkildə görünür. Polislərə qarşı heç bir tabesizlik, müqavimət göstərməsə də avtomobildən düşməsi ilə bağlı tələbə əməl etməməsinin yanlış olduğunu qəbul edir. Narkotik vasitə istifadəsinə gəldikdə isə bununla bağlı əməlindən peşman olduğunu, psixoloji problemləri ilə bağlı özünü sakitləşdirmək üçün qəbul etdiyini, sonuncu dəfə 45 gün bundan əvvəl narkotik vasitənin marixuana növündən istifadə etdiyini bildirmişdir. Sonda o, polisə tabesizlik nümayiş etdirməsi bağlı ilə heç bir sübutun olmadığı nəzərə alınaraq barəsində ədalətli qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olduğunu, əlilliyi olan şəxs olmadığını, işə tələsdiyi üçün yolun 1-ci zolağından 3-cü zolağına keçid etdiyini, bunun da sadəcə manevr qaydasının pozulması olduğunu yol polisinə bildirdiyini, mobil telefonu əlindən alınmamışdan öncə qeydə aldığı videogörüntüləri tanışına göndərdiyini, telefonun ona geri qaytarılmadığını, şöbədə saxlanılan zaman ailə üzvləri əlaqə saxlayıb məlumat verilməsi üçün ona şərait yaradılmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ üzrə YPX inspektoru X2 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Lökbatan dairəsində xidmət apararkən yol hərəkəti qaydalarını pozub yüksək sürətlə hərəkət etdiyini müəyyən etmiş və avtomobilə saxla əmri vermişdir. Sürücüyə qayda pozuntusu izah olunduqda adekvat olmayan hərəkətləri onun içkili və ya narkotik sərxoşluğunda olmasına əsaslı şübhə yaratmışdır. Sürücüdən sərxoşluq halının yoxlanılması ilə bağlı alkotesterə üfləməsi tələb olunsa da o, müayinədən imtina etmişdir. Bundan sonra 2 saatdan artıq müddətdə sürücü avtomobilin qapılarını kilidləmiş, oradan düşməyərək qanuni tələblərə tabesizlik göstərmiş, mobil telefonu ilə onları çəkməyə başlamışdır. Sürücüdən dəfələrlə videoçəkilişi dayandırması tələb olunsa da o, öz hərəkətlərinə davam etmişdir. Bundan sonra əraziyə şöbə rəisi yaxınlaşmış, sürücünün avtomobildən düşməsini tələb etməsinə baxmayaraq sonuncunun avtomobilin qapıları kilidli vəziyyətdə saxlaması, avtomobildən çıxmaması şübhələri daha da artırmışdır. Ona görə də əraziyə gələn təhqiqatçının göstərişi ilə o, zorla avtomobilindən çıxarılıb məcburi qaydada avtopatrula mindirilib şöbəyə təmin olunmuşdur. Bundan sonra narkoloji yoxlamadan keçirilmiş, nəticədə onun narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Suala cavab olaraq, Şəxs telefonun onun tərəfindən götürülmədiyini, sonuncunun çevik polisinə də xidməti avtomobilə minməmək üçün müqavimət göstərdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin polis əməkdaşlarına tabesizlik göstərməsi faktı ilə bağlı inzibati protokolu tərtib etmiş orqan heç bir əsaslı sübut təqdim edə bilməmişdir. Məhkəməyə sübut qismində təqdim olunmuş videogörüntüdə isə sadəcə Şəxs zorla avtomobilindən çıxarılması əksini tapır. DYPŞ əməkdaşı onu məhz hansı qayda pozuntusuna görə saxlamasının səbəblərini, hansı qanuni tələblərinə tabesizlik etməsini izah edə bilməmişdir. Odur ki, qeyd olunan halların məhkəmə tərəfindən nəzərə alınmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim olunmuş videogörüntülərə baxış keçirərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialında olan xx.xx.2025-ci il tarixli Qaradağ RPİ-nin 10-cu PŞ-nə ünvanlanmış raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Lökbatan dairəsində xidmət aparılarkən yol hərəkəti qaydalarını pozub yüksək sürətlə hərəkət etdiyi müəyyən edilən avtomobilə saxla əmri verilmişdir. Yaxınlaşıb sürücüyə qayda pozuntusu izah olunduqda adekvat olmayan hərəkətlər edərək qanuni tələbə tabesizlik göstərmiş, mobil telefonu ilə əməkdaşları çəkməyə başlamışdır. Sürücüdən dəfələrlə çəkilişi dayandırması tələb olunsa da o, öz hərəkətlərinə davam etmişdir. Ona görə də əraziyə çevik polis alayı əməkdaşları dəvət olunaraq həmin şəxs məcburi qaydada avtopatrula mindirilib şöbəyə təmin olunmuşdur. Şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Odur ki, polisin qanuni tələbini yerinə yetirmədiyinə və xidməti fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlər etdiyinə görə Şəxs barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə Lökbatan dairəsi yaxınlığında yol polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmiş, inzibati araşdırma zamanı onun narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün müayinənin aparılması haqqında 24 iyul 2025-ci il tarixli, 2596 nömrəli Aktdan görünür ki, Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsi ambulator məcburi narkoloji tibbi yoxlamanın 24 iyul 2025-ci il tarixli, 4424 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub, lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, ərazi narkoloji dispanserində profilkatik qeydiyyata alınması məsləhət görülür. İş materialında olan inzibati qaydada tutma haqqında prtokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar saxlanıldığı zaman yol polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmiş, onların xidməti fəaliyyətinin pozulmasına səbəb olmuş, inzibati araşdırma zamanı narkotik vasitələrin və psixotrop maddələrin qəbul edib-etməməsinin aşkar olunması üçün narkoloji müayinədən keçirilmiş, onun narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə Şəxs izahatında özünü təqsirli bilməməsi, heç bir inzibati xətaya yol verməməsi barədə bildirdiklərini işin faktiki hallarına uyğun hesab etmir və onun müdafiə mövqeyinə söykənən, həqiqəti əks etdirməyən, inzibati məsuliyyət yayınmaq məqsədilə verilmiş izahat kimi qiymətləndirir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidin məhkəmə iclasında verdiyi ifadə, videogörüntü və digər iş materialları ilə onun polis əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq qanuni tələbə tabesizlik göstərməsi bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, narkotik vasitə olan marixuanadan istifadə etməsi bununla da həmin Məcəllənin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən həmin Məcəllənin 206 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən səlahiyyətli şəxsin hüquqazidd hərəkəti dayandırmağı tələb etməsinə baxmayaraq, Şəxs tərəfindən həmin hərəkətləri davam etdirməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halların olmamasını, ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin hüquqlarının faktiki məhdudlaşdırıldığı andan, yəni 23 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 22 (iyirmi iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Həmçinin 01 ədəd DVD disk iş materiallarında saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və və 535.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 23 iyul 2025-ci il tarixdən, saat 15:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə və Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 22 (iyirmi iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar