Məhkəmə qərarları › İş №3(002)-1505/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1505/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1505/2024 08.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayon İcra Başçısının birinci müavini X11 tərəfindən qəbul edilmiş 08 aprel 2024-cü il tarixli MN ******* saylı qərarı ilə X9 İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1000 manat məbləğində cərimə edilmişdir. Həmin qərarla razı deyil, qərarın ləğv edilməsini xahiş edir. Belə ki, barəsində tərtib edilmiş 08 aprel 2024-cü il tarixli MN ******* saylı qərarda qeyd edilmişdir ki, o, qanunsuz tikinti işləri aparmış və bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə cərimə edilmişdir. Qeyd etmişdir ki, o, Müşfiqabad qəsəbəsi, ev 5B, mənzil 12 ünvanında yaşayır və adına heç bir torpaq sahəsi yoxdur. Bu səbəbdən də onun tikinti işləri aparması barədə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar tamamilə əsassızdır. Belə ki, həmin qərarda onun hansı ünvanda və hansı sahədə yerləşən torpaq sahəsində tikinti işləri apardığı qeyd edilməmişdir. Qərar formal olaraq araşdırma aparılmadan tərtib edilmişdir. Azərbaycan Respublikjası İXM-nin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan tikinti aparılarsa bu inzibati xəta yaradır. Tərtib edilmiş qərardan onun ümumiyyətlə məlumatı olmamış və qərar ona təqdim edilməmişdir. İcra şöbəsindən çağırılandan sonra cərimə olunmağı barədə xəbəri olmuş və xx.xx.2024-cü il tarixdə qərarın surətini icra şöbəsindən almışdır. İşin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan inzibati xəta törətməkdə təqsiri sübuta yetirilməmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X9 şikayəti müdafiə edərək, həmin torpaq sahəsinin özünün deyil, atasına məxsus olduğunu bildirdi. Həmçinin akt tərtib edilərkən səlahiyyətli orqan tərəfindən torpağın, eləcə də tikilinin kimə məxsus olması barədə araşdırılma aparılmadan qərar qəbul edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, qərarı qəbul etmiş orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkildə ks olunmuş tikili əslində 2018-ci ildə inşa edilmişdir. Tərtib edilmş qərardan onun ümumiyyətlə məlumatı olmamış və qərar ona təqdim edilməmişdir. İcra şöbəsindən çağırılandan sonra cərimə olunması barədə xəbəri olmuş, məhkəməyə şikayət vermək məqsədilə xx.xx.2024cü il tarixdə qərarın surətini icra şöbəsindən almışdır. İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 bildirdi ki, qanunsuz tikili barədə məlumat əraziyə nəzarət edən sahə müvəkkilindən daxil olmuş, onların verdikləri məlumat əsasında tikilinin X4 aid olması müəyyən edilmiş və bu səbəbdən onun barəsində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dəvət edilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi X7 bildirdi ki, ərazidə xidmətdə olarkən inşaat işlərinin aparıldığını müəyyən etmiş, əraziyə bələdiyyənin sədri, inzibati ərazi dairəsinin nümayəndəsinin iştirakı ilə baxış keçirilmişdir. Həmin işlərin kim tərəfindən, aidiyyəti quruma məlumat verilməklə və ya verilməməklə həyata keçirilməsi barədə araşdırma aparmışlar. X3 anasının verdiyi məlumat əsasında isə inşaat işlərinin ona aid olmasını müəyyən etmişlər. Bu səbəbdən X9 izahat verməsi üçün dəvət edilmiş, lakin o, çağırışa məhəl qoymamışdır. Daha sonra müvafiq akt tərtib edilərək qanuni tədbirlər görülməsi məqsədilə aidiyyəti üzrə Qaradağ Rayon İcra Hakimiyyətinə təqdim olunmuşdur. Əlavə olaraq qeyd etdi ki, X5 inşaat işləri aparılan yerdə görməmiş, oranın onun mükiyyətində olması barədə hər hansı sənədlə tanış olmamış, sadəcə anasının sözlərindən tikilinin ona məxsus olduğunu müəyyən etmişdir. Məhkəmə şikayət ərizəsini, şahidin ifadəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsi xətasına yol vermiş və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Qaradağ rayon İHB-nın Müşfiqabad qəsəbə icra nümayəndəsi Coşqun Bayramov, Müşfiqabad bələdiyyəsinin sədri İmamverdi Fəxrəddinov, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi Faiq Bağırov bu aktı tərtib etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu Müşfiqabad qəsəbəsi inzibati ərazisinə baxış keçirilən zaman 1-ci massiv, küçə 15 ev 20 ünvanında X9 tərəfindən qanunsuz tikinti apardığı aşkar edilmişdir. Bununla bağlı vətəndaşa dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir məhəl qoymamış, tikinti işlərini davam etdirmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən X9 müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsi xətasına yol vermişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Müşfiqabad qəsəbə İƏD üzrə nümayəndəliyi əraziyə baxış keçirilən zaman X9 tərəfindən qanunsuz tikilinin inşa olunduğu müəyyən edilmişdir. X8 ona məxsus olan tikilinin 3 (üç) gün müddətinə sökülərək qeyd olunan ərazidən yığışdırılmasını təmin edilməsi və əks təqdirdə tərəfindən qeyriqanuni tikinti işlərinin aparılması barədə mövcud qanunvericiliyə uyğun olaraq ona qarşı müvafiq tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş torpaq sahəsinin ayrılmasına dair çıxarışdan və torpaqların alqı-satqısına dair aktdan görünür ki, inzibati xətanın törədildiyi ərazidə yerləşən torpaq sahəsi X1 adına ayrılmışdır. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X3 barəsində Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətində aparılan inzibati iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır Belə ki, səlahiyyətli orqan tərəfindən sözügedən torpaq sahəsinin və tikilinin kimə məxsus olmasına dair araşdırılma aparılmadan, ehtimallar əsasında şikayət vermiş şəxs barəsində əsassız tənbeh tətbiq edilmişdir. Həmçinin, X4 ünvanlanmış inzibati icraata başlanılması barədə xəbərdarlıq məktublarının şəxsin ünvanına çatdırılmasına dair heç bir xəbərnamə məhkəməyə təqdim edilmədiyindən, bu hal X3 qanunveriliciliyə müvafiq qaydada barəsində inzibati icraat aparılması ilə bağlı xəbərdar edilməsini şübhə altına qoyur. Bununla da məhkəmə hesab edir ki, inzibati icraat birtərəfli qaydada aparılaraq, X9 öz hüquqlarını müdafiə etməkdən məhrum edilmişdir. Həmçinin, qeyd olunan torpaq sahəsi X1 adına ayrılmış, X9 isə hər hansı qeyri-qanuni inşaat işləri aparılan anda aşkarlanmamışdır. Yuxarıda göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Həmin Məcəllənin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında işlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə, tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işlə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün qərar Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar