Məhkəmə qərarları › İş №3(002)-1506/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1506/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1506/2024 29.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 511.1.3 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024cü il tarixdə saat 11:00 radələrində Şəxs yolda avtoxuliqanlıq etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək, xx.xx.2024-cü il tarixdə Şəxs yolda avtoxuliqanlıq etmiş və yol polisi əməkdaşı tərəfindən saxlanılmış və o, polisin qanuni tələblərinə tabe olmamışdır. Polis əməkdaşları tərəfindən Şəxs polis şöbəsinə gətirilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, qeyd olunan tarixdə avtomobil ilə Heybət stansiyası yolu istiqamətində hərəkətdə olan zaman onlara məxsus anbara gedərkən avtomobili ilə asfalt yoldan qrunt yola keçmiş, təkərlərin nasaz olması səbəbindən əyləcdən istifadə edərkən avtomobil sürüşmüş sürüşmənin qarşısını almaq məqsədilə əl əyləcini dartmış və avtomobil yerində dövrə vurmuşdur. O, əl əyləcini avtomobili toqquşmadan yayındırmaq məqsədilə çəkdiyini bildirmişdir. Bunu müşahidə edən polis əməkdaşları hadisə yerinə yaxınlaşmış, özlərini təqdim etmədən onunla kobud rəftar etmişdir. O, üzrxahlığını bildirmiş və baş vermiş vəziyyəti izah etməyə çalışan zaman polis kəmərindən tutub sürüyərək onu zorla xidməti avtomobilinə əyləşdirmiş, yol boyunca çox kobud rəftara məruz qalmışdır. “102” zəng mərkəzinə məlumat vermək istəyərkən, telefonu zorla əlindən alınmışdır. Daha sonra 10-cu PŞ-nə gətirilmiş və bundan sonra barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o xx.xx.2024-cü il tarixdə günorta radələrində şöbəyə gətirilmiş, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmış, ona fiziki təzyiq və zorakılıq göstərilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Qaradağ RPİ-nin DYPŞ axtarış üzrə inspektor X1 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Şəxs yolda avtoxuliqanlıq etmiş, tərəfindən saxlanılmış və sonuncunun avtomobildən istifadə hüququ verən etibarnamə olmadan idarə etdiyi müəyyən edilmişdir. Daha sonra avtomobilin cərimə meydançasına gətirilməsi təmin edilməsi üçün görülən tədbirlərə mane olmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Eyni zamanda Şəxs aqressiv rəftar etmiş, buna görə də polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Heybət yolu ərazisində taksi gözləyən zaman “Fiat Doblo“ minik markalı avtomobil dönmə əməliyyatı edərkən həmin ərazidə toz yarandığını və oraya yol polisi əməkdaşlarının yaxınlaşdığını görmüşdür. Şəxs polislərə qarşı hər hansı tabesizlik göstərməsini uzaq məsafədə olduğu üçün müəyyən edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 bildirdi ki, hadisə baş verən tarixdə o, dostu Samirin idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman təkərlərin nasaz olması səbəbindən sonuncu dönmə manevri edən anda idarəetməni itirmiş, avtomobil asfalt yoldan kənarda qrunt yolda olduğundan sürüşmüş qəza vəziyyəti yaranan anda idarəetməni bərpa etmək üçün o, əl əyləcini dartmış və həmin vaxt nəqliyyat vasitəsi yerində dövrə vurmuşdur. Bunu müşahidə edən polis əməkdaşları hadisə yerinə yaxınlaşmış, özlərini təqdim etmədən Samir ilə kobud rəftar etmişdir. Samir polislərə üzrxahlığını bildirmiş və baş vermiş vəziyyəti izah etməyə çalışmışdır. Bu zaman polislərdən biri sükan arxasına oturaraq avtomobili cərimə meydançasına aparmaq qərarına gəlmiş, dostu bu vəziyyətin qarşısını almaq məqsədilə nəqliyyat vasitəsinin açarlarını verməmək üçün polis əməkdaşları ilə mübahisə etmişdir. Polis Samirin kəmərindən tutub sürüyərək onu zorla xidməti avtomobilinə əyləşdirmişlər. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00-da tutulmasına baxmayaraq, tutma protokolunda şəxsin həmin tarixdə saat 19:00-da tutulduğu qeyd edilmişdir. Bundan başqa Şəxs əməlində heç bir inzibati xəta tərkibi yoxdur. Belə ki, o, baş verə biləcək qəzanın qarşısını almaq məqsədilə əl əyləcindən idarəetməni bərpa etmək üçün istifadə etmiş və buna nail olmuşdur. Qrunt yolda sürüşmüş və sürüşmə səbəbindən dövrə vurmuş avtomobilin hərəkətini avtoxuliqanlıq hesab etmək olmaz. Təqdim edilmiş görüntülərdə isə Şəxs polisləri təhqir etməsi sübuta yetirilmir. Əksinə o, maşından düşərək polis əməkdaşlarına özü yaxınlaşmış, baş vermiş vəziyyət qarşısında bu addımı atmağa məcbur olduğunu izah etməyə çalışmışdır. Şəxs polis şöbəsinə aparılan zaman fiziki zor tətbiq edilmiş və ləyaqəti alçaldan rəftara məruz qalmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati xəta üzrə icraata xitam veriməsini xahiş edirəm. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin rəisi polis mayoru Sabir Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportuna əsasən xx.xx.2024-cü il tarixdə Şəxs yolda avtoxuliqanlıq etmiş və yol polisi əməkdaşı tərəfindən saxlanılmış və o, polisin qanuni tələblərinə tabe olmamışdır. Polis əməkdaşları tərəfindən Şəxs polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs yolda avtoxuliqanlıq etmiş və yol polisi əməkdaşı tərəfindən saxlanılmış və o, polisin qanuni tələblərinə tabe olmamışdır. Polis əməkdaşları tərəfindən Şəxs polis şöbəsinə gətirilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materillarına əlavə edilmiş tutulma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00-dan tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 01 ədəd DVD diskdən görünür ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsilə yolun asfalt hissəsindən qrunt hissəsinə keçir, daha sonra nəqliyyat vasitəsi dövrə vurur və gedəcəyi yola doğru istiqamətlənir, sürücü nəqliyyat vasitəsini dayandırdıqdan sonra polis əməkdaşları yaxınlaşır, nəqliyyat vasitəsinin açarlarını əldə etmək üçün özləri nəqliyyat vasitəsinə müdaxilə etməli olurlar. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə–nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər avtoxuliqanlıq hesab olunur. Qaradağ RPİ-nin DYPŞ əməkdaşları tərəfindən qeydə alınmış və məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdə “Fiat Doblo“ minik markalı nəqliyyat vasitəsi tərəfindən maddənin dispozisayında qeyd olunmuş və inzibati xəta kimi nəzərdə tutulmuş hərəkətlərdən hər hansınınsa törədilməsi müəyyən edilməmişdir. Bundan əlavə izahat vermiş şahidlərdən biri nəqliyyat vasitəsində mövcud olan nasazlıq səbəbindən videgörüntüdə müşahidə olunan hərəkə yol verdiyini, digəri isə nəqliyyat vasitəsi tərəfindən avtoxuliqanlıq hesab edilən hər hansı manevr edilməsini görmədiyini, sadəcə həmin hissədə toz müşahidə olunduğunu qeyd etmişlər. Məhkəmə nəqliyyat vasitəsinin qrunt yolda hərəkət etdiyini nəzərə alaraq, müşahidə olunan tozun nəqliyyat vasitəsinin normal hərəkəti zamanı da baş verməsinin mümkün olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, onun həmin əməlləri törətməsinə dair hər hansı əsaslı sübutlar təqdim edilmədiyini nəzərə alaraq, barəsində Məcəllənin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin və şahidlərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs polis tərəfindən avtomobilin cərimə meydançasına gətirilməsinin təmin edilməsinə mane olması şahid ifadələrində öz əksini tapmışdır. Bu səbəbdən onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs avtomobilin cərimə meydançasına gətirilməsinin təmin edilməsinə mane olması şahid ifadələrində öz əksini tapmışdır. Bu səbəbdən onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi gənc olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsii ilə təqsirli bilinərək, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar