Məhkəmə qərarları › İş №3(002)-1530/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1530/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1530/2025 31.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" firmasının rəhbəri Şəxs və müdafiəçi - Fides vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" firmasının rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(002)-411/2023 nömrəli icra sənədinin icra edilməsi üzrə borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şirkətin rəhbəri icra məmurunun qanuni tələbini icra etməməklə inzibati cəriməni ödəməmişdir. Bununla da, "xxxx" Firmasının rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin böyük icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, borclu "xxxx" firması İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 manat məbləğində inzibati cərimə edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bundan sonra, borclu "xxxx" firmasının rəhbəri Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu, "xxxx" firmasının rəhbəri Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, borclu "xxxx" firmasının rəhbəri Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Suala cavab olaraq bildirmişdir ki, məcburi icra tədbirləri həyata keçirilmiş, lakin firmanın hesablarında vəsait olmadığından görülmüş tədbirlər heç bir nəticə verməmişdir. Bununla bağlı “Bank Respublika”dan xx.xx.2023-cü il tarixdə, “Bank of Baku”dan isə xx.xx.2023-cü il tarixdə müvafiq cavablar daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" firmasının rəhbəri Şəxs müdafiəçisi - Fides vəkil bürosunun vəkili Vəkil izahat verərək göstərdi ki, icra məmuru tələbin könüllü icrası barədə bildirişin həqiqətən də borcluya təqdim edilməsinə dair sübut təqdim edə bilməmişdir. Bildirir ki, sözügedən icra sənədi barədə hüquqlarını müdafiə etdiyi şəxs məlumatlı deyildir. Bundan əlavə icra məmurunun məhkəmə iclasında verdiyi izahatdan məlum oldu ki, 2023-cü ilin sentyabr ayından etibarən cəmiyyətin bank hesablarına təkrar inkasso sərəncamı qoyulması, hər hansı bir icra tədbirinin həyata keçirilməsi, ümumiyyətlə icra sənədinin icrası ilə bağlı şirkətə xəbərdarlıq edilməsi təsdiq olunmadı. Nəzərə almaq lazımdır ki, Şəxs Alyans firmasına məhkəmə qərarı qəbul edildikdən sonra direktor təyin olunmuşdur. İcra məmuru cəmiyyətin özü barəsində inzibati protokol tərtib edərək məhkəməyə təqdim edə bilərdi. Hazırki halda məhkəmə tərəfindən inzibati qərar qəbul edildikdən sonra direktor təyin olunmuş şəxs barəsində protokol tərtib olunması anlaşılmazdır. Həmçinin məhkəmə araşdırması zamanı Şəxs icra sənədinin icra olunması ilə bağlı xəbərdarlıq olunması, onun qəsdən icra sənədinin icrasından yayınması halı sübut olunmur. Əksinə bugün icra şöbəsində məhkəmə qərarı barədə ona məlumat verildikdən sonra Alyans firması tərəfindən icra sənədində münasibətdə dövlət büdcəsinə 2000 manat məbləğində ödəniş olunmuşdur. Odur ki, hüquqlarını müdafiə etdiyi şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" firmasının rəhbəri Şəxs müdafiəçisinin qeyd etdikləri ilə razı olduğunu, əlavələrinin olmadığını bildirmiş, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(002)-411/2023 nömrəli icra sənədinə əsasən "xxxx" Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 manat məbləğində inzibati cərimə olunmuşdur. İcraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(002)-411/2023 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu "xxxx" firmasına göndərilmişdir. İş materillarına əlavə olunmuş bank qəbzindən aydın olunur ki, "xxxx" firması tərəfindən dövlət büdcəsinə 2000 manat məbləğində ödəniş olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı, ******* saylı protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(002)-411/2023 nömrəli icra sənədinə əsasən "xxxx" firmasının rəhbəri Şəxs tərəfindən inzibati cərimə ödənilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" firmasının rəhbəri Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyinə görə onun barəsində Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Həmin protokolda "xxxx" firmasının rəhbəri Şəxs inzibati cərimə məbləğindən hər hansı ödəniş etmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirə salmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.8-ci maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 150.10-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(002)-411/2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin qərar icraya yönəldikdən sonra Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsi tərəfindən borclunun axtarışı haqqında qərar qəbul edilmiş, həmin qərar əsasında borclu xx.xx.2025-ci il tarixdə polis əməkdaşları vasitəsilə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə gətirilmişdir. Məhkəmənin icraya yönəldilmiş qərarını icra etmədiyinə görə onun barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(002)-411/2023 nömrəli qərarı üzrə icraata başlanıldıqdan 2 il 2 aydan artıq müddət keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin məcburi icraya yönəldilmiş qərarı 15 gün müddətində icra olunmadıqda, icra məmuru İXMnin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərməli idi. Hazırki halda İXM-in 150.9-cu maddəsində nəzərdə tutulmuş müddətlər pozulmuş və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti 4 ay nəzərdə tutulmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib olunarkən İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan hətta 1 illik müddət belə ötürülmüşdür. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6-cı və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 28 mart 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 150.9 və 529.1-ci maddələrinə uyğun olaraq, müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə, həmin Məcəllənin 38.1, 53 və 109.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 529.1 və ya 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilmədikdə onun barəsində qəbul edilmiş inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Şəxsin inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur. Hazırki vəziyyətdə "xxxx" firmasının rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz və ona görə də məcburi icra tədbirləri davam etdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53 və 105-ci maddələrinin tələbləri baxımından "xxxx" Firmasının rəhbəri Şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi və "xxxx" firmasının rəhbəri Şəxs inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" Firmasının rəhbəri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar