Məhkəmə qərarları › İş №3(002)-1532/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1532/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1532/2025 01.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlu, xx xxxxxx 1974-cü ildə Cəlilabad Cəlilabad rayonu Qarğılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati materiala açıq məhkəmə iclasında baxılmağa hazırlayarkən, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən 28 iyun 2025-ci il tarixli ******* nömrəli inzibati protokol tərtib edilmişdir. Məhkəmə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində İXMnin 529.3-cü maddəsi ilə tərtib edilmiş 28 iyun 2025-ci il tarixli ******* nömrəli inzibati protokol və ona əlavə edilmiş material geri qaytarılmalıdır. Belə ki, işdə olan EQ 26096388 nömrəli elektron qərara əlavə edilmiş 0X00035BB3 nömrəli xüsusi texniki vasitə olan fotoqeydiyyat funksiyasına malik kamera ilə qeydə alınmış fotoşəkillərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 08:35:37-də Bakı şəhəri Sabunçu rayonu Balaxanı "xxxx" ASC-nin qarşısında Sabunçu istiqamətində sürət həddi 60 km/saat olduğu halda, “CHEVROLET ONİX PREMİER 2 MİNİK” markalı “**-YH- ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 90 km/saat sürətlə idarə etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci madəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin iş materiallarından görünür ki, inzibati xəta hadisəsinin xx.xx.2024-cü il tarixdə foto qeydiyyat funksiyasına malik xüsusi texniki vasitə ilə qeydə alınmasına baxmayaraq, Şəxs barəsində EQ 26096388 nömrəli elektron qərar xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Bununla da, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin mərkəzi informasiya sistemi, Bakı şəhərinin inzibati ərazisində parklanma qaydalarının pozulmasına münasibətdə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi) proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin mərkəzi informasiya sistemi) göndərilir. Azərbaycan Respublikası İXM-nin 53.1.11-ci maddəsinə əsasən İXM-nin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinin sanksiyasında 50 manat məbləğində cərimə nəzərdə tutulsa da, xx.xx.2025-ci il tarixli EQ 26096388 nömrəli elektron qərarda Şəxs İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan əməli törətdiyi göstərilsə də, 50 manat deyil, 400 manat məbləğində cərimə növündə tənbehin tətbiq edilməsi göstərilmiş, hətta 400 manatdan əlavə Şəxs 240 manat dəbbə pulu da hesablanmışdır. Bu da ki, elektron qərarın düzgün və vaxtında tərtib edilmədiyini, şəxsin hüquqlarının kobud şəkildə pozulduğunu göstərir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 28 iyun 2025-ci il tarixli ******* nömrəli protokol və protokola əlavə edilmiş material DİN-nin Qaradağ rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar