Məhkəmə qərarları › İş №3(002)-1545/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1545/2022

03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1545/2022 03.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə rəisi, polis mayoru X1, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-cı il tarixdə Füzuli rayonu Kürdlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Füzuli rayonu Kürdlər kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanda fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiala əsasən, Şəxs 02 noyabr 2022-ci il tarixdə Sahil qəsəbəsi, M.Seyidov küçəsində ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etmiş, həmçinin polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə rəisi, polis mayoru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən yarım tikili bağçada yaşayan Şəxs şikayət ərizəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə polis bölməsinə dəvət etdikdə o, bölməyə gəlməkdən imtina etmiş və nalayiq küçə söyüşləri söymüşdür. Sonra onu məcburi şəkildə bölməyə gətirmək istədikdə yenə qanunsuz əməlləri ilə polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq ünvansız küçədə söyüşlər söyməyə başlamışdır. Göstərilənlər nəzərə alınaraq Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə rəisi X2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs bölməyə dəvət etməsinə səbəb əvvəllər birgə yaşadığı Könül Əliyevanın şikayəti olmuşdur. Belə ki, K.Əliyeva bölməyə şikayət edərək Şəxs tərəfindən döyüldüyünü bildirmiş, bununla bağlı cinayət işinin rədd edilməsi və inzibati tədbir görülməsi üçün qərar qəbul edilərək qərarın icrası ona həvalə edilmişdir. Eyni zamanda bildirmişdir ki, Şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə iki dəfə (keçmiş həyat yoldaşı X.Mürşidovanı və rəsmi nikahı olmadan yaşadığı K.Əliyevanı döyməsi faktı ilə bağlı) cinayət məsuliyyətinə cəlb edilmişdir. Barəsində məhkəmə hökmü də mövcuddur. Həmçinin, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi X2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs 02 noyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 38-ci PB-nin sahə rəisi X2 tərəfindən bölməyə dəvət olunarkən, bir qədər əsəbləşmişdir. Əvvəllər qeyri rəsmi yaşadığı K.Əliyeva tərəfindən onun barəsində bölməyə bir neçə dəfə şikayət verildiyi üçün bu şikayətlərdən narahat olduğundan polis əməkdaşına qarşı kobud hərəkətlərə yol vermiş, ucadan söyüşlər səsləndirərək polis bölməsinə getməsinə etiraz etmişdir. Lakin uca səslə söyüş söyməsi polis əməkdaşına qarşı deyil keçmişdə birgə yaşadığı xanımla əlaqədar olmuşdur. Əlavə olaraq məhkəmə iclasında verilmiş suala cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə iki dəfə cinayət məsuliyyətinə cəlb olunması barədə polis əməkdaşı tərəfindən verilmiş məlumat həqiqətdir. Birinci dəfə o, bu əməlləri keçmiş həyat yoldaşına qarşı, ikinci dəfə isə qeyri rəsmi yaşadığı xanım K.Əliyevaya qarşı törətmişdir. Keçmiş həyat yoldaşı X.Mürşidova ilə barışdığı üçün cinayət məsuliyyətindən azad edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, işlətdiyi nalayiq ifadələr polis əməkdaşına qarşı olmamışdır. Həmçinin bildirmişdir ki, 02 noyabr 2022-ci il tarixdə, saat 19:30-da polis əməkdaşları tərəfindən Polis Bölməsinə gətirilərkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmaqdan imtina etmiş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Həmçinin Şəxs ailə vəziyyətini nəzərə alaraq ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs hazırda evli olmasa da yetkinlik yaşına çatmayan bir övladı var, həmçinin anası da onun himayəsində yaşayır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi Ə.A.Əliyev tərəfindən tərtib edilmiş 02 noyabr 2022-ci il tarixli raportdan görünür ki, Sahil qəsəbəsi, M.Seyidov küçəsi yarım tikili bağçada yaşayan Şəxs xx.xx.2022-ci il tarixdə polis bölməsinə dəvət edildikdə o, bölməyə gəlməkdən imtina etmiş və nalayiq küçə söyüşləri söymüşdür. Sonra onu məcburi şəkildə bölməyə gətirmək istədikdə yenə qanunsuz əməlləri ilə polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq ünvansız küçədə söyüşlər söyməyə başlamışdır. Şəxs məcburi polis bölməsinə gətirilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan tutma haqqında 02 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 02 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində şübhəli şəxs qismində tutulmuş, 03 noyabr 2022-ci il tarixdə saat 11:30-da azad edilmişdir. İş materiallarında olan 03 noyabr 2022-ci il tarixli, MN ******* saylı və 03 noyabr 2022ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs həmin tarixdə, Sahil qəsəbəsində ucadan nalayiq ifadələr işlətmiş, daha sonra polisin qanuni tələbinə tabe olmayaraq tabesizlik göstərmiş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 02 noyabr 2022-ci il tarixdə Sahil qəsəbəsi, M.Seyidov küçəsi ünvanında polis əməkdaşı tərəfindən polis bölməsinə dəvət olunarkən ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşı ona inzibati xətaya yol verməməsini bildirmiş, lakin o, polisin tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsə də sonuncu buna məhəl qoymayaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün məhkəmə iclasında verdiyi ifadə və digər iş materialları ilə onun nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin, polis əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməsi və bununla da, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs azyaşlı övladının olmasını, anasının onun himayəsində yaşamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən səlahiyyətli şəxsin hüquqazidd hərəkəti dayandırmağı tələb etməsinə baxmayaraq, Şəxs tərəfindən həmin hərəkətləri davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin hüquqlarının faktiki məhdudlaşdırıldığı andan, yəni 02 noyabr 2022-ci il tarixdən, saat 19:30-dən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və və 535.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 02 noyabr 2022-ci il tarixdən saat 19:30dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə və Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar