Məhkəmə qərarları › İş №3(002)-155/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-155/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-155/2022 26.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1999-cu ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 26 yanvar 2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 25 yanvar 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, Şəxs 24 yanvar 2022-ci il tarixdə, saat 09:35-də Qobu-Park 1 yaşayış kompleksi 7 saylı binanın zirzəmisində yerləşən “Elmar” marketdən 03 ədəd 250 qramlıq, 02 ədəd “Maroşa” və 01 ədəd “Yakor” arağını oğurlamaqla zərərçəkmiş şəxsə 40 manat məbləğində ziyan vurmuşdur. Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi, polis mayoru X2 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 24 yanvar 2022-ci il tarixdə saat 09:35-də Qobu-Park 1 yaşayış kompleksi 7 saylı binanın zirzəmisində yerləşən “Elmar” marketdən satıcının başının qarışmasından istifadə edərək 03 ədəd 250 qramlıq, 02 ədəd “Maroşa” və 01 ədəd “Yakor” arağını oğurlayaraq tanımadığı şəxsə 15 manata satmışdır. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X5 öz izahatında göstərmişdir ki, 24 yanvar 2022-ci il tarixdə saat 09:35-də Bakı şəhəri, Lökbatan qəsəbəsi, Qobu-Park 1 yaşayış kompleksi 7 saylı binanın zirzəmisində yerləşən “Elmar” marketdən satıcının başının qarışmasından istifadə edərək 03 ədəd 250 qramlıq, 02 ədəd “Maroşa” və 01 ədəd “Yakor” arağının, ümumilikdə 40 manat dəyərində əmlakın oğurlandığını aşkar etmişdir. O, öz izahatına əlavə olaraq bildirmişdir ki, hazırda ona dəymiş ziyan tam ödənildiyindən Şəxs qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 24 yanvar 2022-ci il tarixdə satıb pul əldə etmək məqsədilə 03 ədəd 250 qramlıq, 02 ədəd “Maroşa” və 01 ədəd “Yakor” arağını oğurlamışdır. Mağaza sahibinin DİN-in 102 xidmətinə zəng vurması nəticəsində polis əməkdaşları onu 10-cu PB-ya gətirmişlər. O, hazırda zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsə dəyən maddi ziyanın ödənildiyini qeyd edərək, iş üzrə inzibati materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş X5 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir və onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 227, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar