Məhkəmə qərarları › İş №3(002)-1551/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1551/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1551/2024 21.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.4.3-cü və 338.10-cu maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhər Qaradağ rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 23 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 05 aprel 2024cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində sərxoş vəziyyətdə moped ilə hərəkətdə olarkən yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərini pozmuş və küçədə yerləşən gül dibçəyinə zərər vurmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü və 338.10-cu maddələri ilə 23 aprel 2024-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək göstərmişdir ki, 05 aprel 2024-cü il tarixdə, saat təqribən 13:00 radələrində mopedlə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 28 May küçəsi ilə Qaradağ rayon İcra Hakimiyyəti istiqamətində hərəkətdə olarkən idarəetməni itirmiş və 28 may küçəsində gül dükanının qarşısında qoulmuş gül dibçəyi ilə toqquşmuşdur. Hadisə baş verərkən o spirli içkinin təsiri altında olmuşdur. O törətdiyi əməldən peşiman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini və vurduğu ziyanı ödədiyini bildirərək barəsində aşağı həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhər Qaradağ rayon Polis İdarəsinə rəsmi qaydada təkrarən məlumat verilsə də tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəmə heç bir məlumat verməmişlər. İş materiallarında olan poçt qəbzinin surətindən isə aydın olur ki, tərəflər məhkəmə iclası barədə bildirişi almışlar. Odur ki, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü və 338.10-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş 05 aprel 2024-cü il tarixli, 2/17909 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan aydın olur ki, Şəxs 05 aprel 2024-cü il tarixdə, saat 02:45-də tibbi müayinədən keçirilərkən onun sərxoş olduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və tərəfin izahatı ilə tam sübuta yetirilir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 338.10-cu maddəsinə əsasən bu Məcəllənin 338.8 və 338.9-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunan qanun normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə yəni, İXM-nin 338.10-cu maddəsi ilə təqsirli bilinərək tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar