Məhkəmə qərarları › İş №3(002)-1555/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1555/2020

27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1555/2020 27.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 00100-1989/20 saylı protokoldan aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 08AAJ588/08K7720 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********3317 sorğu nömrəli xx.xx.2020-ci il tarixli Gömrük Bəyannaməsi əsasında xx.xx.2020-ci il tarixədək müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş “1000 ədəd Prednol-L 250 mg” dərman vasitələri yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, Şəxs MMC tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Araşdırma zamanı Şəxs MMC tərəfindən **********3317 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş “1000 ədəd Prednol-L 250 mg” dərman vasitələri yüklərinə baxış keçirilmiş və yüklərin yerində və toxunulmaz olması xx.xx.2020-ci il tarixli akt əsasında müəyyən edilmişdir. Şəxs MMC-yə və Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatlardan nümayəndələr məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Şəxs MMC-nin və Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən, Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar