Məhkəmə qərarları › İş №3(002)-1573/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1573/2021

30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1573/2021 30.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 30 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 30 dekabr 2021-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “VİP” pleysteyşn salonunda pandemiya qaydasını pozaraq saat 01:20-də həmin salonu açıq saxlayaraq işlətdiyinə görə onun barəsində özünün iştirakı ilə İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 30 dekabr 2021-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “VİP” pleysteyşn salonunda pandemiya qaydasını pozaraq saat 01:20-də açıq saxlayaraq işlətmişdir. Buna görə də 30 dekabr 2021-ci ildə Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmiş və inzibati qaydada tutulmuşdur. O öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan kafe, barəsində protokol tərtib edilmiş Şəxs faktiki məxsus olmaqla onun həmin salonu hər hansı hüquqi sənədlə idarə etməsi müəyyən edilməmiş və Şəxs həmin salonu fiziki şəxs kimi istifadə etmişdir. Hazırda da inzibati protkolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, vaxtı ilə Sahil qəsəbəsində atasının adına olan 16 kvadrat metr mağazaları olmuşdur. Atası 2005-ci ildə vəfat etmişdir. Atası ölməmişdən qabaq öz xalasıoğlu ilə mağazanı iki otaqlı ev ilə dəyişmişdir. Atasının xalası oğlu Rusiya Federasiyasında yaşayır. O vaxtdan bu günə kimi mağaza icarəyə verilmişdir. İcarə pulunu həmişə o götürüb Rusiyaya göndərmişdir. Həmin mağaza hal-hazırda işləməməklə arada bir orada dostları ilə yığışaraq çay içib “pelysteyşn” oynayırlar. 29 dekabr 2021-ci il tarixdə axşam dostları yeyib-içdikdən sonra həmin obyektə gələrək “pleysteyşn” oynamağı ondan xahiş etmişlər. O da açarın yerini onlara bildirərək salona daxil olmalarına icazə vermişdir. Bundan sonra gecə saat təxminən 01:30 radələrində dostu Elnur ona zəng edərək polis əməkdaşlarının həmin salona gəldiyini bildirdiyi üçün o da məcbur olaraq polis bölməsinə getmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan salon ona məxsus olmamaqla oranı nə rəsmi, nə də qeyri-rəsmi qaydada işlətməməklə heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Onun yeganə səhvi həmin salona dostlarının girib oyun oynamasına şərait yaratması olmuşdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən edilmişdir ki, Şəxs hər-hansı bir hüquq müəyyənedici sənəd olmadan və hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadan qeyri-rəsmi olaraq Sahil qəsəbəsində yerləşən “VİP” pleysteyşn salonu kimi adlanan sahədən kənar şəxslərin karantin rejimi qaydalarını pozmaqla istifadə etməsinə şərait yaratmışdır. Bununla da o İXM-nin 211.1-ci maddəsinin tələblərini pozmaqla fiziki şəxs kimi inzibati xəta törətmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs vəzifəli şəxs statusunda deyildir. Həmin Məcəllənin 211.1-ci maddəsində göstərilir ki: epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati materiala əlavə edilmiş 30 dekabr 2021-ci il tarixli AZA 010337 saylı “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 30 dekabr 2021-ci il tarixdə saat 01:30-da tutulmuş və 30 dekabr 2021-ci il tarixdə saat 09:30-da azad edilmişdir. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar